RU

TAP hidrogen nəqlinə uyğunlaşdırılacaq

Trans-Adriatik Boru Kəməri (TAP) özünü Paris Sazişinin məqsədlərinin həyata keçirilməsində mühüm tərəfdaş kimi görür. Bu marşrut potensial olaraq Avropa İttifaqını hidrogen və biometan kimi karbon neytral enerji mənbələri ilə təmin edir.

TAP-ın icraçı direktoru Luka Skiepatti mediaya məlumatında bildirib ki, məqsəd adıçəkilən boru kəmərini hidrogenin nəqli üçün uyğunlaşdırmaqdır: “Biz mövcud infrastrukturun təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki baxımdan nə dərəcədə mümkün olduğunu yüksək qiymətləndiririk. Bunun üçün orta və uzunmüddətli perspektivdə belə qarışıqların, o cümlədən digər bərpa olunan qaz növlərinin nəqlinə hazırlığı təmin edəcək yol xəritəsi hazırlanıb”.

O xatırladıb ki, 2021-ci ildə aparılan ilkin tədqiqat TAP-ın gələcəkdə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki potensialını təsdiqləyib. Bu isə boru kəmərinin enerji keçidinin tələblərinə uyğunlaşdırılması üçün əlavə perspektivlər açıb.

“Hazırda boru kəmərinin materiallarının beynəlxalq laboratoriyada sınaqları keçirilir. Dəniz boru kəmərlərinin materiallarına dair nəticələr bu ilin dördüncü rübündə gözlənilir. Bu məlumatlara əsasən, TAP nəticələri qiymətləndirəcək və 2025-ci ildə əlavə sınaqların zəruriliyini müəyyənləşdirəcək. Bununla yanaşı, bu il yerüstü qurğular üçün boşluq analizinə başlanılıb və bu işlər gələn il davam etdiriləcək”, – deyə L.Skiepatti bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP kəməri vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstana və Bolqarıstana isə hər birinə 1 milyard kubmetr qaz tədarük edilir.

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya Azərbaycan qazının nəqli başlanılıb. TAP vasitəsilə Azərbaycan ilk dəfə olaraq tarixdə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına ixrac edib. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxış əldə etməklə Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

 

Избранный
21
1
xalqqazeti.az

2Источники