RU

Zurabişvilinin Strasburq səfəri ölkəsinin maraqlarına zərbədir

İrakli Kirtsxalia: “Ondan ölkənin xeyrinə nə isə eşitmək mümkün deyil”

“Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının anti-Avropa hərəkətləri, parlament seçkilərinin saxtalaşdırılması və təkrar səsvermənin keçirilməsi zərurəti” Gürcüstan prezidentinin Avropa Parlamentinin deputatları qarşısında çıxışında qaldırdığı əsas məsələlərdir. Avropa Parlamentində çıxış edən Salome Zurabişvili deyib: “Hakim partiya Rusiya yolunu tutur və özünü elə aparır ki, sanki Avropaya doğru irəliləmək istəyir...”.

Zurabişvili seçki saxtakarlığı məsələsinə toxunaraq iddia edib ki, guya hakim partiya seçkilər zamanı qeyri-qanuni üsullardan istifadə edib. Ölkə boyu keçirilən etiraz aksiyalarına gəlincə, Gürcüstan prezidenti vurğulayıb ki, əhali sosial problemlərə görə deyil, “dövlətin müstəqilliyinə və Avropa yoluna təhlükə olduğuna görə nümayişlər təşkil edir”: “Etirazçılar yalnız iki şey – Avropa gələcəyinin qaytarılması və yeni seçkilərin keçirilməsini tələb edirlər. Etiraz aksiyası təkrar seçkilərlə bağlıdır və bu, inqilabi hərəkat deyil”.

O, Qərbi qətiyyətsizlikdə ittiham edib: “Gürcülər gecə-gündüz döyüşəndə Avropa oyanmaqda və reaksiya verməkdə ləng idi. Gürcülər hələ də Brüssel və Vaşinqtondan təsirli tədbirlər gözləyirlər”.

Zurabişvilinin Avropa parlamentində çıxışı “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasında xoş qarşılanmayıb. Bu partiyadan deputat İrakli Kirtsxalia bildirib ki, Salome Zurabişvilinin Strasburqa səfərinin ölkəyə heç bir faydası yoxdur: “Bu səfərin bizim üçün və xüsusən də ölkəyə heç bir faydası yoxdur. Çünki ondan dövlətinin başçısından ölkənin xeyrinə nə isə eşitmək mümkün deyil. Mən buna əminəm. Onun çıxışında milli və ölkənin rifahı naminə nəsə eşidəcəyimizdən söhbət gedə bilməz. Əksinə, biz xanım Salomenin son illərdə və xüsusən də son aylarda məşğul olduğu partiya qiymətləndirmələrini və çıxışlarını eşitdik”. Onun sözlərinə görə, bu gün küçələrdə etiraz aksiyaları zəifləyib, müxalifətinin məğlubiyyəti labüddür və tezliklə etiraz aksiyaları başa çatacaq. “Biz onların ruhunu, üzünü çox yaxşı tanıyırıq, başlarında nələr olduğunu bilirik”.

Bu arada Baş nazir İrakli Kobaxidze Zurabişvilinin dəstəklədiyi müxalifətin ölkənin iqtisadi vəziyyətinə təsirinə toxunub. Qeyd edib ki, radikal müxalifət hərəkətləri ilə Gürcüstan iqtisadiyyatı üçün problemlər yaradır: “Radikal müxalifətin məqsədlərindən biri ölkəmiz üçün qısamüddətli iqtisadi problem yaratmaqdır. Onlar hakimiyyəti devirə bilmədilər, amma iqtisadiyyatda qısamüddətli problemlər yaratdılar. Xarici ölkə vətəndaşı Gürcüstanda müharibə imitasiyasını görəndə ölkəmizə səfər etmək və buraya sərmayə qoymaq istəmir. Lakin bu, qısamüddətlidir”.

Eyni vəziyyət larinin məzənnəsində də özünü göstərib. O deyib: “Etiraz aksiyaları fonunda milli valyuta olan lari ucuzlaşmağa başladı. Cəmi 6 gün ərzində, noyabrın 28-dən dekabrın 4-dək lari 4,8 faiz ucuzlaşdı. Küçə etirazlarının başladığı gün, noyabrın 28-də larinin dollara nisbətdə məzənnəsi 2,742 lari/1 dollar olub, dekabrın 4-də isə lari 2,874 lari/1 dollara düşüb. Siyasi vəziyyət sabitləşən kimi Gürcüstan valyutası möhkəmlənməyə başlayıb və dekabrın 17-də larinin dollara nisbətdə məzənnəsi 2,816 lari/1 dollar səviyyəsində müəyyən edilib. Ümumilikdə, noyabrın 28-dən bəri 20 gün ərzində lari 2,6 faiz ucuzlaşıb. Radikal müxalifət öz ölkəsinə qarşı törətdiyi təxribatı dayandıran kimi hər şey sabitləşəcək.

Əslində, bu günlər ərzində kiçik müdaxilə edilməli idi. Mən yalnız bunu deyə bilərəm. Milli Bank təfərrüatları verəcək. Milli Bank heç bir ciddi müdaxilə etmədən də larinin məzənnəsinin sabitliyini təmin etməyə nail olur".

Ümumiyyətlə, baş nazirin qeyd etdiyi kimi, Gürcüstanda çox yaxşı iqtisadi tendensiyalar var. Bu ilin 10 ayında iqtisadi artım 10 faiz olub. Onun sözlərinə görə, bu tendensiya qorunmalıdır: “Bizim çox yaxşı iqtisadi göstəricilərimiz var və buna görə də bütün hökumət diqqəti iqtisadi artım tempini nəinki saxlamaq, hətta artırmaq üzərində cəmləyəcək”.

Akademik Avtandil Silagadze də baş nazirlə həmfikirdir. Onun sözlərinə görə, kiçik uğursuzluqlar olacaq, lakin ölkə kritik həddə çatmayacaq.“Qısa müddətdə ciddi pozulma olacağı öz-özünə aydındır, amma uzunmüddətli perspektivdə ümid edirəm ki, vəziyyət tənzimlənəcək və işlər yaxşılığa doğru inkişaf edəcək. Biz əlimizdən gələni etməliyik ki, Qərblə münasibətləri normallaşdıraq, Rusiya ilə münasibətləri çətinləşdirməyək, müharibəyə qarışmayaq”. O bildirirb ki, nəzəri cəhətdən xarici investisiyalar və Qərblə ticarət olmasa, iqtisadiyyatda vəziyyət çətinləşəcək, lakin ölkə belə kritik həddə çatmayacaq.

Baş nazir sonda bildirib ki, Zurabişvilinin prezidentlik müddəti ilin sonunda başa çatır. Onu dekabrın 14-də Gürcüstanın prezidenti seçilən Mixail Kavelaşvili əvəz edəcək: “Prezident seçkiləri Amerika modeli üzrə keçirilib - o, seçki kollegiyasından 224 səs toplayıb. And içmə dekabrın 29-da baş tutacaq. ”.

P.ƏFƏNDİYEV
XQ

Избранный
17
xalqqazeti.az

1Источники