RU

Bir İslam həmrəyliyinə ciddi ehtiyac var - ÖZƏL

"Böyük "İslam Səkkizliyi"nə Azərbaycanın da qoşulması mənə elə gəlir ki, yerində olacaq bir addımdır".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

"İslam ölkələri arasında müəyyən təşkilatlanma var, amma  bu təşkilatlanma yetərincə effektiv deyil, effektiv olmadığına görə də biz arzu etdiyimiz nəticələri tam olaraq əldə edə bilmirik. Yəni bir İslam həmrəyliyinə ciddi ehtiyac var. Sözdə İslam həmrəyliyi var, bunun haqqında hamı danışır, amma gerçəkdə İslam həmrəyliyini   müşahidə edə bilmirik. 
Misal çəkə bilərəm, Suriyada gedən proseslər. Görürsünüzmü, qardaş Türkiyə, onun yanında Azərbaycan və başqa müsəlman ölkələrindən səs-səmir yoxdur. Yəni ciddi bir iş görmürlər. Yaxud da ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu müddətdə İslam ölkələrinin böyük əksəriyyəti bu məsələdə susqunluq nümayiş etdirirdi və yaxud da ki, bəyanat verməklə işini bitmiş hesab edirdi. Halbuki biz daha real həmrəylik gözləyirdik. Ukrayna Rusiya tərəfindən işğal edilib, Ukraynanın böyük əraziləri, şəhərləri darmadağın edilib, kəndləri darmadağın edilib və xristian aləmində, özəlliklə də Avropada ayrı-ayrı dövlətlər konkret bəyanat veriblər ki, müharibə bitdikdən sonra Ukraynanın hansı şəhərlərini öz güclərinə bərpa edəcəklər. Yəni ayrı-ayrı dövlətlər şəhərləri özləri öz maliyyələri hesabına bərpa etməyin öhdəliyini indidən üzərlərinə götürüblər. Baxın, Qarabağ azad olunub, hansı müsəlman dövlətləri Qarabağda hansısa kəndi, şəhəri bərpa edəcəkləri ilə bağlı bəyanat veriblər? Düzdür, müəyyən müsəlman ölkələri müəyyən işlər görüb. Məsələn, qardaş Türkiyə, yaxud da ki, qardaş Özbəkistan, Qazaxıstan, Qırğızıstan işlər görüblər. Amma onlar da müsəlman olduğu üçün deyil, türk dövlətləri olduqları üçün bu işi görürlər. Yəni canı canımızdan, qanı qanımızdan eyni millət duyğusu ilə hərəkət edərək gəlib Qarabağda işlər görürlər. Halbuki hər şeyi bir yana qoyuram, ermənilər Qarabağda 65 məscidimizi darmadağın ediblər, yer üzündən siliblər. Olmazdımı ki, misal üçün müsəlman ölkələri gəlsinlər, o məscidləri heç olmasa bərpa etsinlər? Yəni İslam həmrəyliyi naminə. Görürsünüz, bu şeylər yoxdur. Ona görə də  İstanbulda əsası qoyulan bu böyük "İslam Səkkizliyi" mənə elə gəlir ki, daha effektiv fəaliyyət göstərə biləcək və Azərbaycan ora qoşulduqdan sonra isə bu proses daha sürətlə gedəcək. Böyük dövlətlər oradadır, İslam dövlətləri, İndoneziya başda olmaqla, Nigeriya kimi, Malayziya kimi,  qardaş Türkiyə ilə birlikdə Azərbaycan orada böyük işlər görə bilər. Zatən Azərbaycanın belə təcrübəsi var. Misal üçün, Qoşulmama Hərəkatı uzun illər fəaliyyət göstərsə də, gündəmdə olmurdu, qlobal proseslərə təsir edə bilmirdi. Amma  Azərbaycan ona sədrlik etməyə başlayanda o təşkilat dünyanın gündəmini müəyyənləşdirməyə başladı. Bu baxımdan Azərbaycanın böyük "İslam Səkkizliyi"nə qoşulması məncə, gərəklidir, faydalı ola biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
32
olaylar.az

1Источники