RU

Ermənistan KTMT ilə bağlı Amerikadan tapşırıq gözləyir...

Image

Akif Nağı: "Prezident Rusiya rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyir ki, Ermənistan həmişə alət olub, amma indi o artıq ABŞ-ın alətidir"

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistanın KTMT ilə bağlı son addımlarına toxunaraq deyib ki, əgər belə demək mümkünsə, bu, Qafqaz uğrunda döyüşdür. Ermənistanın haraya getdiyi aydındır. 

O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi onlar çıxacaqlar.

Ermənistan bu tapşırığı nə zaman ala bilər, yəni KTMT-dən rəsmən nə zaman çıxa bilər?

Baki-xeber.com saytının sualına cavabında politoloq Akif Nağı bildirdi ki, dövlət başçısı bu müsahibəsi ilə bir çox məsələlərə aydınlıq gətirdi, o cümlədən də Azərbaycan-Rusiya və Ermənistan-Rusiya münasibətlərinə rəsmi mövqeyini ortaya qoydu: "Ermənistan Rusiya ilə KTMT çərçivəsində əməkdaslığı dondurub, MDB və Aİİ səviyyəsində isə Paşinyan münasibətlərdən, hətta məmnundur. Azərbaycan Prezidentinin dediyi məsələ Rusiyanı düşündürməlidir. Artıq bu adi söz deyil, yoxlanılmış məlumatdır ki, bu, ABŞ Dövlət Departamentində həll olunur, yəni haçan sifariş gəlsə Ermənistan KTMT-dən çıxmaq istəyini rəsmiləşdirəcək. Son dörd ilə qədər Ermənistan Rusiyanın forpostu idi, indi artiq İrəvan Qərbin və ABŞ-nin sifarişlərini yerinə yetirir. Son zamanlar Ermənistan müdafiə naziri Suren Papikyanın ABŞ-yə, sonra isə Fransaya səfəri qapalı proseslərin getdiyinə bir işarə ola bilər.

Məsələn, versiyalardan biri bu ola bilər ki, Ermənistan Qərbdən və ABŞ-dan hərbi-siyasi dəstək almaqla  bölgədə təxribat törətməyə hazırlaşır. Amma nə qədər silahlansa da, buna Ermənistanın gücü çatmaz. Ermənistan Rusiyaya və ya Azərbaycana qarşı  bu istiqamətdə hər hansı bir addım ata bilər, amma sonda elə cavab alar ki, buna peşman olar. Amma bu perspektivə baxmayaraq, çox güman ki, Qərb Ermənistanın əli ilə Rusiyaya qarşı təxribat hazırlayır. Lakin Azərbaycan da buna hazır olmalıdır. Çünki bölgədə yeni münaqişə alovlanarsa bunun bütün ölkələrə təsiri olacaq. Ona görə də Azərbaycan müttəfiqləri ilə birlikdə hər bir təxribata hazir olmalıdır.

Ermənistana KTMT ilə bağlı tapşırığın haçan gələcəyini proqnozlaşdırmaq çətindir. Prezidentin ABŞ Dövlət Departamentinə qarşı ciddi iradları səsləndirilib.

Yəqin ki, Tramp səlahiyyətlərinə başlayana qədər Ermənistan KTMT-dən çıxmaq barədə qərar verməyəcək. Çünki Bayden adminstrasiyasının qərar verib nəticə əldə etməyə vaxtı yoxdur. Əksinə, Ermənistan bu addımla hər hansı bir məğlubiyyətə uğrayacaqsa, bu, Baydenin adına yazılan növbəti minus olacaq. O cümlədən də Amerikanin regionda mövqeyi bir qədər də zəifləyə bilər.

Yalniz Tramp administrasiyası bu barədə qərar verə biləcək. Ermənistan bu istiqamətdə bütün hazırlıqlarını görüb. Amma məsələnin perspektivi daha çox Trampla Putinin münasibətlərindən, razılaşmalarından asılı olacaq.

Artıq Ermənistan KTMT-də Rusiya üçün yükə çevrilməkdədir - İrəvan iki ildir üzvülük haqqı ödəmir.

Digər tərəfdən, KTMT özü mənasız bir quruma çevrilib, orada kimin qalıb-qalmamasının o qədər də əhəmiyyəti yoxdur. Bu sadəcə Rusiyaya münasibətin bir göstəricisidir. Ermənistan da bununla Amerika və Qərb qarşısında özünün Rusiyaya münasibətini bu bəyanatlarla ifadə etməyə çalışır.

Ola bilər ki, Ermənistan bu qurumdan çıxmağa macal tapmamış KTMT özü dağılsın. Çünki bir tərəfdən Türkiyənin rəhbərliyi ilə Türk Dövlətləri Birliyinin ordusunun yaranması prosesi gedir, digər tərəfdən isə türk dövlətlərinin əksəriyyəti KTMT-nin üzvüdür. Turan ordusu yaranacaqsa, KTMT-yə heç bir ehtiyac qalmayacaq.

Azərbaycan üçun narahatlıq ondan ibarətdir ki, Ermənistan KTMT-dən uzaqlaşmaqla eyni zamanda silahlanır. Prezident bunu da diqqətə çatdirmaq istəyir. Gələcəkdə heç bir hadisə baş verməsə belə, bu, Azərbaycana zərər verir. Çünki Ermənistan silahlanırsa, Azərbaycan də hərbi xərclərimizi artırmaq məcburiyyətindədir. Prezident müsahibəsində bunu xüsusi vurğulayır.

Rusiya isə hələ də Ermənistanla münasibətləri saxlamaq niyyətindədir, buna yumşaq cəhdlər göstərir. Moskva İrəvanı daha çox iqtisadi tellərlə özünə bağlayır. Belə ki, bu il Ermənistən ilə Rusiya arasında ticarət dövriyyəsi 16 milyard dollara catacaq. Halbuki, iki il əvvəl bu rəqəm 3 milyard dollardan bir qədər çox idi.

Prezident Rusiya rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istəyir ki, Ermənistan həmisə alət olub, amma indi o artıq ABŞ-ın alətidir".

Dəniz NƏSİRLİ





Избранный
15
50
baki-xeber.com

10Источники