Artıq havalar soyuyub və Azərbaycanın əksər əraziləri ilk qarı qarşılayıb. Bu da sürücülərdən daha diqqətli olmağı, avtomobili qış istismar rejiminə keçirməyi, həmçinin psixoloji olaraq qış sürüşünə hazırlaşmağı tələb edilir. Bəs bunun üçün nə etməli? Qış istismar rejimində buraxılan əsas səhvlər hansılardır?
Avtosfer. az xəbər verir ki, qış rejiminə hazırlıq havalar tam soyumadan aparılmalıdır. Mühərrikdə soyuducu mayenin səviyyəsi yoxlanmalı, qış mövsümünə uyğun yağ seçilməli (zəruri hallarda) , şüşəsilənlərin rezinləri lazım gəldikdə dəyişdirilməlidir. Səhər saatlarında sürprizlə qarşılaşmamaq üçün akkumulyatorun vəziyyəti yoxlanmalıdır. Bu prosedurlar olmadan qış hazırlığı yarımçıq olacaq. Lakin qışa hazırlığın ilk şərti mövsümə uyğun təkərlərin seçilməsidir. Bir çox sürücüdə belə bir yanlış təsəvvür formalaşıb.
Guya bizdə qış Rusiyadakı kimi sərt keçmədiyi və qar az yağdığı üçün qış şinlərinə ehtiyac yoxdur. Qış şinləri yalnız qar və buz üçündür.
Əslində, bu fikir tamamilə yanlışdır. Qar yağmasa belə, hava soyuduğu üçün yay şinləri sərtləşir və avtomobilin yolla kontaktı pisləşir. Nəticədə, quru asfalt üzərində belə, tormoz yolu artır. Belə təkərlərin soyuq havada sürücünü yolda qoyması ehtimalı da böyükdür. Qış mövsümündə, xüsusən də qarlı və buzlu yollarda ara məsafəsinin gözlənməməsi, kəskin manevr və tormozlama xoş olmayan nəticəyə gətirib çıxara bilər. Təəssüf ki, bu qaydalara əməl edilməməsi bizdə bir çox sürücü üçün normaya çevrilib.
Ən təhlükəli səhvlərdən biri də az yanacaqla yola çıxmaqdır. Qış mövsümündə yanacağın azlığı çəndə kondensat toplanmasına səbəb olur. Lakin bu başqa söhbətin mövzusudur. Əsas məsələ budur ki, soyuq havada yanacaq sərfiyyatı artdığı üçün yolda qalma riski də böyüyür. Avtomobildə nasazlıq baş verdikdə isə yardım gələnədək soyuqdan donmamaq üçün mühərrikin işləməsi zəruridir. Bu da yanacaqsız mümkün deyil.
Vüqar Yaşaroğlu