RU

Son qoyulmalıdır!

Prezident: Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır

Sülh və silahlanma iki fərqli tendensiyadır. Təəssüf doğuran haldır ki, rəsmi İrəvan “Sülh sazişini imzalamağa hazırıq” məzmunlu bəyanatlar səsləndirsə də, reallıqda silahlanma yolu tutub. Prezident İlham Əliyevin bu günlərdə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibəsində bildirdiyi kimi,  Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. “Bu, birbaşa təhlükə deməkdir, biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var”, - deyə dövlətimizin başçısı bildirib.

Ermənistanı silahlandırmaq yarışına çıxan Fransa, ABŞ, Hindistan...

Postmüharibə dövründə böyük dövlətlərin də üzərinə ciddi məsuliyyət düşür. Onlar  xoş niyyətdən çıxış edərək Azərbaycanın yaratdığı reallıqları qəbul etməli və sülhyaratma prosesində pozitiv rol almalıdırlar. Ancaq biz reallıqda bunun əksini görürük. Fransada, ABŞ-da hakimiyyətin ayrı-ayrı qanadları Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələrə ciddi dəstək verir, bütövlükdə məğlub ölkəni yeni müharibəyə hazırlayırlar.

Ermənistanın ayrı-ayrı dövlətlər tərəfindən silahlandırılması bunun əyani təsdiqidir. “Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”, - deyə Prezident İlham Əliyev bildirib.

Uzaq ölkələrdən Ermənistana daşınan silahların siyahısı çox uzundur. Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında 2022-ci il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək.

Son vaxtlarda Ermənistanın silahlanmasında ABŞ da yaxından iştirak etməyə başlayıb. Bir qədər bundan əvvəl  Caliber.az saytı sensasiya sayıla biləcək bir xəbər yayıb. Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. İyul ayında isə ABŞ və Ermənistan arasında hərbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi keçirilib.

İndiyədək Fransadan Ermənistana tədarük olunan silah partiyasına gecəgörmə cihazları, GM200 radar stansiyaları daxildir. Ermənistanın müdafiə nazirinin fransalı həmkarı ilə imzaladığı hərbi əməkdaşlıq sazişi həm də Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sisteminin Ermənistana tədarükünü nəzərdə tutur. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir. Görünən odur ki, Ermənistan silahlı qüvvələri hava hücumundan müdafiə qoşunlarının itirilmiş döyüş qabiliyyətini bərpa etmək istəyir. Fransadan Ermənistana həmçinin “Bastion” tipli zirehli texnikalar da daşınıb.

Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətindədir

Qalib Azərbaycan məğlub Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsinə və ayrı-ayrı dövlətlərin bu ölkəni silahlandırmaq yarışına çıxmalarına seyirçi qala bilməz. “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.

Yaranmış vəziyyətdə Azərbaycan adekvat tədbirlər görməlidir və ölkəmiz bunu edir. Məğlub ölkə iki dəfə “Dəmir yumruğ”un nə demək olduğunu öz üzəridə hiss edib. Qələbələrimizin rəmzi olan “Dəmir yumruq” daim düşmənin başını əzməyə hazır vəziyyətdə olmalıdır. Buna görə də postmüharibə dönəmində də Azərbaycan dövləti ordunun maddi-texniki təchizatının möhkəməndirilməsini, dünyadakı qabaqcıl şirkətlərdən müasir silahlar aınmasını, kadrların peşəkarlığının artırılmasını davamlı olaraq diqqət mərkəzində saxlayır. Silahlı Qüvvələrimizdə genişmiqyaslı islahatlar aparılır, strukturun çevikliyi artırılır, komando tipli birliklər yaradılır. Azərbaycanın 2025-ci ildə növbəti hərbi büdcəsi rekord büdcə olacaq. Bu, təxminən 5 milyard dollardır. Bəli, bir sıra hallarda Ermənistan silahları Qərbdən pulsuz və yaxud kreditlə alır. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Ermənistan reallığı düzgün dəyərəndirməli və nəticə çıxartmalıdır. “Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz FEYİZLİ

Избранный
8
yeniazerbaycan.com

1Источники