RU

"Azərbaycanın D-8 Təşkilatına üzvlüyü qadın təşkilatlarının beynəlxalq platformalarda rolunu gücləndirəcək" – Vüsalə Hüseynli MÜSAHİBƏ

Azərbaycanın D-8 Təşkilatına üzv olması, ölkənin beynəlxalq arenada daha çox təmsil olunmasına və qeyri-hökumət təşkilatlarının, xüsusən qadın təşkilatlarının regional və beynəlxalq platformalarda iştirakının güclənməsinə imkan yaradır. İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a Azərbaycanın D-8 üzvlüyünün bu sahələrə təsirini və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

 

QHT.az: Azərbaycanın D-8 Təşkilatına üzv olması, qeyri-hökumət təşkilatlarının, xüsusən qadın təşkilatlarının, regional və beynəlxalq platformalarda rolunu necə gücləndirə bilər?

Vüsalə Hüseynli: Azərbaycanın D-8 ölkələrinin üzvlüyü, əlbəttə ki, Azərbaycanın beynəlxalq arenada təmsil olunmağını daha da genişləndirir. Bu, dövlət başçısının doğru qərarları ilə həyata keçirilən addımlardır və vətəndaş cəmiyyəti üçün çox böyük üstünlüklər yaradır. Qadın təşkilatları üçün də xüsusilə əhəmiyyətlidir. Çünki qadın təşkilatları, vətəndaş cəmiyyətinin ayrılmaz bir parçasıdır. D-8 təşkilatında təmsil olunan ölkələr arasında, məsələn, Malayziya və Türkiyə kimi ölkələrin varlığı, Azərbaycan qadın təşkilatlarının daha geniş platformalarda yer almasına imkan yaradır. Bu cür platformalar, bizim beynəlxalq əlaqələrimizi inkişaf etdirir, Azərbaycanın inkişafını təbliğ edir və beynəlxalq müstəvidə Azərbaycanın haqqını müdafiə etməkdə, xüsusilə Qarabağ məsələsində daha effektiv olmağımıza imkan verir. Bu əməkdaşlıqlar və birgə fəaliyyətlər həm də müxtəlif layihələrə müraciət etməklə əlaqədar daha çox imkanlar yaradır.

 

QHT.az: D-8 çərçivəsində Azərbaycan üçün hansı perspektivlər görürsünüz? Bu layihələr qadınların iştirakını necə artırar?

Vüsalə Hüseynli: D-8 çərçivəsində Azərbaycan üçün yeni əməkdaşlıqların başlanğıcını görürük. Xüsusilə bu, qadınların iştirakını artırmaq üçün mühüm bir fürsətdir. Bizim və digər D-8 ölkələrinin təşkilatları birgə layihələrə müraciət edə, birgə işlər görərək təcrübə mübadiləsi edə bilərik. Bu cür əməkdaşlıqların gücləndirilməsi qadınların bu prosesdə daha fəal iştirakını təmin edəcək və onların sosial və iqtisadi inkişaflarına müsbət təsir edəcək. Eyni zamanda, bu layihələr bizə yeni imkanlar yaradır, həm də təcrübə mübadiləsi baxımından çox önəmlidir. Bu cür təcrübə mübadiləsi qadınların müxtəlif sahələrdə təcrübə əldə etməsinə və öz potensiallarını daha da gücləndirmələrinə kömək edir.

 

QHT.az: D-8 çərçivəsində həyata keçiriləcək layihələrin Azərbaycanın Qarabağ məsələsinin həllinə necə təsir edəcəyini düşünürsünüz?

Vüsalə Hüseynli: D-8 platformasında bizim əsas hədəfimizdən biri də Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasıdır. Bizim qarşılıqlı əməkdaşlıqlarımız, bu məsələnin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasına imkan verəcək. Biz, vətəndaş cəmiyyəti olaraq, Azərbaycanın haqqını müdafiə etmək, xüsusilə Qarabağ və ərazi bütövlüyü məsələsində doğru faktlarla beynəlxalq aləmi məlumatlandırmaqda daha fəal olacağıq. Bu platformalar, həmçinin Azərbaycan və D-8 ölkələri arasında yeni əməkdaşlıqların qurulmasına və sülh prosesinin güclənməsinə xidmət edəcək. Biz, eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycanın haqqını qorumağa və ermənilərin apardığı təbliğatlara qarşı mübarizə aparmağa davam edəcəyik.

 

QHT.az: D-8 platformasında yeni layihələrin başlanğıcı, xüsusilə qadın təşkilatlarının rolunu necə dəyişə bilər?

Vüsalə Hüseynli: D-8 platformasında yeni layihələrin başlanğıcı, qadın təşkilatlarının daha geniş imkanlar əldə etməsinə səbəb olacaq. Bu platformada birgə layihələr və fəaliyyətlər vasitəsilə qadın təşkilatları daha çox təcrübə mübadiləsi edə biləcək, birgə layihələr həyata keçirəcək və sosial təsir güclü olacaq. Bu həm də qadınların cəmiyyətdəki rolunu gücləndirəcək və onların iqtisadi və sosial həyatda iştirakını artıracaq. 2025 və növbəti illər üçün bu platformada qadınların daha çox iştirak edəcəyi və yeni layihələrin başlanğıcı ilə bağlı strateji planlar hazırlanacaq. Bu isə, ölkəmizdə və regionda qadınların güclənməsinə, daha çox imkanlar əldə etməsinə və liderlik mövqelərinə gəlmələrinə şərait yaradacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az

Избранный
25
qht.az

1Источники