RU

ƏƏSMN: Sosial islahatların uğurları bu il 100-dən çox beynəlxalq mükafata layiq görülüb

Bakı, 20 dekabr, AZƏRTAC

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək qiymət alır. Cari ildə həmin uğurlar beynəlxalq təşkilatlar tərəfindən 100-dən çox mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, dövlət sosial xidmətlər sistemində innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqinə də imkan verdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahədə xidmətlərin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

Son illər aparılan sosial islahatların uğurlarının, o cümlədən DOST modelinin, proaktiv xidmət mexanizmlərinin beynəlxalq qurumlar tərəfindən qabaqcıl təcrübələr kimi qəbul olunduğu, həmin təcrübələri tətbiq etməyə maraq göstərən ölkələrin sırasının getdikcə genişləndiyi qeyd edilib. Sosial islahatlar nəticəsində əldə edilmiş uğurlu təcrübələrin beynəlxalq səviyyədə tanıdılması və ixracı işlərinin davam edəcəyi bildirilib.

İclasda nazirliyin mötəbər beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin aidiyyəti qurumları ilə əlaqələrinin bu il də genişlənməkdə davam etdiyi, bir sıra yeni əməkdaşlıq sənədlərinin də imzalandığı diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkəmizin uğurla ev sahibliyi etdiyi ən böyük qlobal tədbir olan COP29 çərçivəsində “yaşıl iqtisadiyyat”a ədalətli keçid prosesində hamı üçün layiqli “yaşıl iş” yerlərinin inkişafı məsələləri də geniş müzakirə olunub. Tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətləri ölkəmizin sosial sahədə innovativ nailiyyətləri, DOST mərkəzləri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə də yaxından tanış olublar.

Vətəndaşların qəbulu və müraciətlərin cavablandırılması sahəsində görülən işlərdən bəhs olunub. Nazirlik və qurumları tərəfindən bu ilin 11 ayında 1 milyon 750 mindən çox vətəndaşın qəbulunun həyata keçirildiyi, onlardan 120 minə yaxın vətəndaşın nazirliyin aparatının, qurumlarının və yerli bölmələrinin rəhbər şəxsləri tərəfindən, digərlərinin qəbul otaqları və DOST mərkəzlərində qəbul edildiyi qeyd olunub. Həmin dövrdə yazılı və e-qaydada 468,6 min, sosial şəbəkələr üzərindən 81,1 min, “142” Çağrı mərkəzi vasitəsilə 1,5 milyon vətəndaş müraciətinin cavablandırıldığı diqqətə çatdırılıb.

Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın təmini, vətəndaş cəmiyyəti institutları, media ilə sıx əməkdaşlığın həyata keçirilməsi, sosial məlumatlandırma sahələrində görülən işlər qeyd edilib. Aparılan islahatlar, tətbiq olunan yeniliklər, sosial müdafiə, məşğulluq tədbirləri və s. ilə bağlı mətbuat konfransı, brifinq, müsahibə və mediaturların təşkili, qurumun media resurslarının inkişaf etdirilməsi işləri, DOST TV-nin fəaliyyəti, bu sahələrdə qarşıda duran hədəflər barədə məlumat verilib.

Övladlığagötürmə və alternativ qayğı istiqamətində görülmüş işlərdən bəhs olunub. Bu ilin 11 ayında 151, övladlığagötürmə sahəsində idarəetmənin nazirliyə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bugünədək isə 670-ə yaxın uşağın övladlığa verildiyi bildirilib. “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri, artıq 28 uşağın himayədar ailələrə verildiyi diqqətə çatdırılıb.

Məşğulluq, peşə və kvalifikasiya standartlarının hazırlanması, strateji planlaşdırma və innovasiyaların tətbiqi sahələrində görülən işlərdən bəhs olunub, daha 22 peşə və kvalifikasiya standartı təsdiq edilib.

Избранный
17
2
azertag.az

3Источники