RU

Nazirlik rəsmisi: “Tullantıları hədiyyələrə dəyiş” festivalına maraq hər il artır

Bakı, 21 dekabr, AZƏRTAC

Bakı və Sumqayıt şəhərlərində keçirilən və artıq yeddinci dəfə təşkil olunan “Tullantıları hədiyyələrə dəyiş” festivalı insanlar tərəfindən böyük maraqla qarşılanır. Bu tədbir tullantıların çeşidlənməsi və təkrar emalı mədəniyyətini təşviq etmək məqsədi daşıyır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova söyləyib. Onun sözlərinə görə, festival çərçivəsində vətəndaşlar şüşə, plastik tullantılar və işlənmiş batareyaları təhvil verərək əvəzində müxtəlif hədiyyələr, o cümlədən ekoçantalar, tinglər, toxumlar, kitablar və məktəb ləvazimatları əldə edirlər: “Bu il təşkil edilən tədbirlər daha rəngarəngdir, xüsusi rəsmlərlə bəzədilmiş ekoçantalar hazırlanıb, vətəndaşlara öz dizaynlarını yaratmaq imkanı verilib, uşaqlar üçün maarifləndirici proqramlar təşkil edilib”.

S.Məmmədova qeyd edib ki, bu aksiyalar il ərzində müxtəlif mövsümlərdə təşkil olunur və vətəndaşlarda tullantıların çeşidlənməsi vərdişlərinin formalaşdırılmasında mühüm rol oynayır. O vurğulayıb ki, tədbirə olan maraq hər il artır və festivaldan sonra vətəndaşlar növbəti aksiyaların keçirilmə vaxtı və məkanı ilə bağlı aktiv şəkildə sorğular ünvanlayırlar.

Nazirlik nümayəndəsi bildirib ki, tədbirin təşkilində bir sıra təşkilat və tərəfdaşlar dəstək göstərir. Məqsəd təkcə tullantıların toplanması deyil, həm də insanlarda təkrar emal anlayışını təşviq etməkdir.

“Festivalın uğurla keçirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya sahəsində ictimai məlumatlandırma və maarifləndirmə işlərinə verdiyi töhfəni bir daha göstərir”, - deyə şöbə müdiri əlavə edib.

 

Избранный
14
azertag.az

1Источники