Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi təmir olunub və yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb edilib.
Bu barədə "İki sahil" ASCO-ya istinadən xəbər verir. Bu çərçivədə ilk səfəri Ələt limanından Kurık limanına olub.
Gəmi-bərəsinin təmiri “Zığ” Gəmi Təmiri Zavodunda aparılıb. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları sazlanıb.
Bundan başqa, gəminin rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələri yenisi ilə əvəz olunub. Həmçinin müasir, bərədə yeni tip sürət ölçən Laq naviqasiya avadanlığı quraşdırılıb.
Eyni zamanda, gəminin suüstü hissəsi təmizlənərək rənglənib. Bundan başqa, dənizçilərin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.
Xatırladaq ki, uzunluğu 154,5 metr, eni isə 18,3 metr olan gəminin maksimal sürəti 12,5 uzeldir.