RU

Siqaret çəkən yeniyetmələr: Onları zərəli vərdişdən necə uzaqlaşdırmaq olar?

“Məktəblilər arasında siqaretdən istifadə halları artır və bu problem bir çox səbəblərlə bağlıdır".

Bunu “Yeni Sabah”a pixoloq-pedaqoq Zeynəb Əyyubova deyib.

O əlavə edib: "Psixoloq olaraq bu mövzu ilə bağlı bildirmək istəyirəm ki, yeniyetməlik dövrü özünütəsdiq, qəbul olunma və kimlik axtarışı mərhələsidir. Bu dövrdə uşaqlar dostlarının təsiri altında qalmağa daha meylli olurlar. Xüsusilə, siqaretdən istifadə edən yaşıdlarla ünsiyyət nəticəsində həmin vərdişi təqlid edirlər".

Psixoloqun sözlərinə görə, ailə mühiti mühüm rol oynayır:

"Əgər ailədə böyüklər siqaret çəkirsə, bu davranışı uşaqlar normal qəbul edə bilər. Valideynlərin diqqətsizliyi və ya sərt münasibəti də uşaqlarda stress yaratdığı üçün onları siqaretə meylləndirə bilər.

Bəzən yeniyetmələr siqaret çəkməklə özlərini böyüklər kimi göstərməyə çalışır, stressi və ya emosional gərginliyi aradan qaldırmaq istəyirlər. Bu, onların zərərli vərdişi mənimsəməsinə səbəb olur”.

Ekspert qeyd edib ki, yeniyetmələrin siqaret çəkməsi ilə bağlı psixoloqlara müraciətlər artıb:

"Yeniyetmələrə fərdi yanaşma və psixoloji dəstək göstərərək onların zərərli vərdişdən uzaqlaşmasına kömək etmək mümkündür. Bunun üçün valideynlərlə maarifləndirmə işləri aparılmalı, onların dəstəyi təmin edilməlidir. Yeniyetmələrə zərərli vərdişlərin fəsadları izah edilməli və sağlam həyat tərzi təşviq olunmalıdır. Onların maraq sahələri kəşf olunaraq idman, sənət və digər faydalı fəaliyyətlərlə məşğul olmaları üçün şərait yaradılmalıdır.

Öz praktikamda da yeniyetmələr arasında bu cür problemlərlə rastlaşmışam. Əsasən ailə və məktəb mühitində çatışmazlıqlar problemi dərinləşdirir. Lakin düzgün psixoloji yanaşma ilə müsbət nəticələr əldə etmək mümkündür.

Yekun olaraq deyə bilərəm ki, yeniyetmələrin siqaret çəkməsi kompleks bir məsələdir və həm ailənin, həm də məktəbin diqqətini tələb edir. Bu məsələdə psixoloqların rolu mühüm əhəmiyyət kəsb edir”.

Aytac Şahin 


Telegram kanalımız
Избранный
21
yenisabah.az

1Источники