RU

Bu il ATİB-ə 34 şirkət üzv olub - Mürsəl Rüstəmov

Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) bu il 34 yeni üzv qəbul edilib.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bu gün Bakıda keçirilən Birliyin İdarə Heyətinin İllik Ümumi Yığıncağında deyib.

Onun sözlərinə görə, bu il 15 şirkətin üzvlüyünə xitam verilib:

"Bu şirkətlər əsasən fəal iştirak etməyən və üzvlük haqqını ödəməyən şirkətlərdir. Hazırda ATİB-in üzvlərinin sayı 86 şirkətdir. Hədəf 100 şirkətin cəlb edilməsi idi, amma qeyd edilən səbəbdən buna nail olmaq mümkün olmayıb. ATİB-in növbəti hədəfi 120-yə çatmaqdır".

"İki qardaş ölkənin dövlət başçılarının qarşıya qoyduğu 15 milyard ticarət dövriyyəsinin formalaşması üçün ATİB-ə üzv şirkətlər də cəhd göstərməlidirlər", - deyə M.Rüstəmov qeyd edib.

Qeyd edək ki, Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən "Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçirilir.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin bir neçə deputatı, eləcə də, Azərbaycan və Türkiyənin bir sıra iş adamları iştirak edirlər.

Konfransın ardından ATİB İdarə Heyətinin İllik Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Избранный
4
1
milli.az

2Источники