RU

“Neftçi”dən antirekord

“Neftçi” Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə səfər qələbəsi qazanmayıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu 9 qarşılaşmada 5 heç-heçə edib və 4 dəfə uduzub.

“Ağ-qaralar” rəqib meydanında sonuncu dəfə ötən mövsümün son səfərində 3 xal qazanıb. Mayın 18-də “Səbail”lə görüşən “Neftçi” üç cavabsız qol vurub.

Ardınca “Səbail” (1:1), “Araz-Naxçıvan” (1:1), “Şamaxı” (0:0), “Zirə” (0:2), “Qarabağ” (0:4), “Kəpəz” (3:4), “Sabah” (0:0), “Sumqayıt” (0:2) və “Turan Tovuz”un (1:1) qonağı olan paytaxt təmsilçisi 9 matçdan ibarət qələbəsizlik seriyası yaşayıb. Bu, klubun tarixində yeni antirekorddur.

“Neftçi”nin səfərdəki ən uzun qələbəsiz oyunlar seriyası 8 matçdan ibarət idi. 2016-cı ilin avqustundan 2017-ci ilin fevralına qədər olan müddətdə 8 qarşılaşmada 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb.

Bakı klubunun futbolçusu Filip Ozobiç isə unikal göstəriciyə imza atıb. Misli Premyer Liqasının XVIII turunun “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub.

Bu, F.Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadır. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapılarına yol tapıb.

Ozobiç Azərbaycan çempionatları tarixinə üç klubda 10 və daha çox qol vuran ilk legioner əsilli futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.

Ümumilikdə isə o, üç və ya daha çox komanda ilə 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur. Mütləq rekord Kənan Kərimova məxsusdur. O, beş fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov dörd klubda, 11 oyunçu isə üç komandada belə məhsuldarlıq göstərib.

Избранный
16
22
90deqiqe.az

10Источники