RU

Sandu Dnestryanıya hücuma hazırlaşır? (ŞƏRH)

Rusiya Moldovadakı seçkilərdən sonra da bu ölkəyə təzyiqlərini davam etdirir. Ng.ru saytı Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən iddia edir ki, Moldova prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırladığını açıqlayıb. Bu əsasda sayt iddia edir ki, onun yeni bir müharibəni başlatmayacağına heç kim təminat vermir: 

"Avropa İttifaqı (Aİ) Moldovanın "emosional qeyri-sabit" prezidentini necə sakitləşdirəcəyini bilmir". 

XKX-dən bildirilir ki, Moldova lideri bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələlərinə dair görüş keçirib. 

"Görüş Sandunun Dnestryanı bölgəsinə üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb", deyə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib. 

Qeyd edək ki, Maya Sandu yenidən prezident seçildikdən sonra Moskvanın bu ölkəyə diqqəti artıb. Onun nəticəsidir ki, seçkilərdən sonra belə həm Dnestryanı bölgədə, həm də Qaqauziyada ictimai-siyasi gərginlik qalmaqda davam edir. Moldovada ərazilərini itirən digər postsovet respublikaları kimi Dnestryanı və Qaqauziyada öz hüququnu bərpa etməkdə israrlıdır. Amma bununla belə, Moldova prezidenti Maya Sandunun Dnestryanıda hərbi əməliyyat planı hazırladığı barədə yayılan məlumatların dezinformasiya olduğu birmənalı şəkildə bəllidir. 

Birincisi ona görə ki, enerji təhlükəsizliyi məsələsinə dair hökumət iclasında hərbi məsələlərdən danışılması da Dnestryanı bölgəyə qarşı hərbi əməliyyat planının hazırlandığı barədə məlumatı təkzib edir. Çünki bu kimi məsələlər ancaq güc strukturlarının iştirakı ilə dar çərçivədə həll olunası məsələlərdir. Başqa bir tərəfdən, Moldova prezidenti Dnestryanıda hərbi əməliyyat keçirmək istəsəydi, onu ya Ukrayna müharibəsinin qızğın çağında, ya da Rusiyanın Ukraynada məğlub olması fonunda həyata keçirərdi. İndiki halda isə Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsilə Ukrayna müharibəsinin bitəcəyi ehtimalları artıb. 

İkinci bir tərəfdən, Rusiya Ukraynada ciddi uğurlar əldə etməsə də, məğlubiyyəti də hiss olunmur. Belə bir durumda Kişinyovun Dnestyanıda hərbi əməliyyalara başlaması onun uğurla nəticələnəcəyinə birmənalı olaraq şübhə yaradır. Bunu ən azından Moldovaya dəstək olan Qərbdə çox yaxşı anlayırlar. Müharibəni dayandıracağı vədini verən Tramp adminstrasiyası da çətin ki, Kişinyova bunu etməyə icazə versin. 

Moldovanın hərbi gücü də böyük deyil ki, belə bir istəyi həyata keçirə bilsinlər. Onlar buna yalnız Rusiya Ukraynada ağır duruma düşəcəyi təqdirdə ümid edə bilərlər ki, bu da yaxın perspektivdə görünmür. Digər tərəfdən, Moldova ərazi bütövlüyünü təmin etmək üçün hərbi fəaliyyətə keçməyə başlasa, bunu ilk növbədə Qaqauziyaya qarşı edə bilər. Çünki Moldovanın bu separatçı ərazisində rus qoşunları yoxdur. Bu mənada Sandunun guya Dnestyanıya hücumla bağlı hərbi əməliyyat planı hazırladığı barədə məlumat dezinformasiya olmaqla yanaşı, həmin ərazilərdəki separatçıları təxribata sürükləməyə hesablanmış addımdır. Yəni sözügedən məlumatı yayan dairələr bununla Dnestryanı və Qaqauziyanı Kişinyova qarşı hərəkətə keçməyə sürükləyirlər. Bu isə Rusiyanın bölgədə yeni gərginlik ocağı yaratmaqda maraqlı olduğunun göstəricisidir. Bununla Moskva Kişinyovu təzyiq və təhdid altında saxlayır ki, onun sivil Qərbə inteqrasiyasına imkan verməsin.

 

Rüfət Sultan

Избранный
14
hurriyyet.az

1Источники