RU

Azərbaycan üçün yeni platforma, humanitar tribuna

Ölkəmizin D-8 İqtisadi Əməkdaşlığı Təşkilatının üzvlüyünə qəbulu Prezident İlham Əliyevin siyasi iradəsinin, beynəlxalq aləmdə qazandığı nüfuzunun, xalqımızın İslami dəyərlərə sadiqliyinin ifadəsidir

Dünya düzəninin pozulduğu, hətta nüvə müharibəsi ilə bağlı təhdidlərin narahatlıq yaratdığı, «qlobal» ifadəsinin fərdi maraqlar şousunda «əridildiyi», NATO-nun bölgələrlə bağlı planlarının Rusiya- Ukrayna müharibəsinin kölgəsində gizlədildiyi müasir dövrümüzdə Qərbin başqa ölkələrə gətirdiyi fəlakətlərin məkanı da, risk dərəcəsi də artır. Geosiyasi maraqlarını beynəlxalq qanunları üstələyən gücə arxalanmaqla, qanun-qadağaya sığmayan diplomatik gedişləri ilə həyata keçirən ABŞ-ın, Qərbin siyasi gündəliyində olan Cənubi Qafqazı münaqişələr ocağına çevirmək naminə hazırlanan məkrli planları müxtəlif istiqamətli bəhanələrlə «yenilənir.» Türkiyənin guya «Azərbaycanda hərbi baza yerləşdirməsi» ilə bağlı feyk informasiyanı sərgiləməklə ABŞ-ın, Fransanın, Hindistanın, Yunanıstanın, hətta Kiprin Ermənistana hərbi yardımlarına hüquqi don geyindirən Qərb, xüsusilə Fransa və Almaniya bölgənin lider dövləti olan Azərbaycana qarşı qarayaxma kampaniyalarını daha da genişləndirirlər. Azərbaycanı yarımçıq sülhə razı salmaq üçün ABŞ-dakı Amerika Erməni Milli Komitəsinin (ANCA), Fransada isə Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təsiri, maliyyəsi ilə siyasətlərini yeniləyən ermənipərəst dairələrin anti-Azərbaycan təxribatlarının nəticəsidir ki, hələ də COP29 haqqında təxribat xarakterli yazılara rast gəlinir. ABŞ və Qərbin ikili standartlardan qaynaqlanan oyunlarını nəzərə alsaq Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsünün məqsəd və məramını başa düşmək o qədər də çətin deyil. Ağ Evdə mövcudluqlarına az qaldığı müddətdə Bayden administrasiyasının yenidən vasitəçilik həvəsinə düşməsi Ermənistana dəstəkdən başqa bir şey deyildir. Dövlət katibinin israrlı təkidinə baxmayaraq Azərbaycan Blinkenin görüş təklifindən qəti imtina etdi. Rəsmi Bakı bildirdi ki, Azərbaycan qürub çağını yaşayan Ağ Evin hazırkı komandasının sülh gündəliyində iştirakını istəmir, bu vasitəçiliyi məqsədəuyğun hesab etmir”. Belə qarışıq məqamda Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyə qəbulu daha məqsədəuyğun idi və bu reallıq gerçəkləşdi.

Dünyada islamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə ölkəmizin dünya birliyinə, daha dəqiq deyilsə müsəlman dövlətləri ilə əməkdaşlığına yeni pəncərə olan D-8-ə üzvlüyə qəbulu İslam dünyasına yeni nəfəs gətirdi. Qərbə növbəti zərbə oldu. Dünya müsəlmanlarının 60%-ni təşkil edən D-8 çərçivəsində İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyi aktuallaşdı. Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzi kimi, tanınan Azərbaycanın multikulturalizm, tolerant dəyərlərinin dialoq formatlarının əhatə dairəsi genişləndirildi. Adından da göründüyü kimi iqtisadi əməkdaşlıq prinsiplərinə sadiq qalan təşkilat 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət və hökumət başçılarının Zirvə toplantısında rəsmi olaraq D-8 formatında fəaliyyətə başlayıb. Sammitdə təşkilatın qurulması ilə bağlı İstanbul qətnaməsi qəbul edilib. Türkiyə, İran, Pakistan, İndoneziya, Banqladeş, Misir, Nigeriya və Hazırda Azərbaycanın da təmsil olunduğu «doqquzluğun» bayrağında əks olunan altı ulduz təşkilatın əsas prinsiplərinin simvolu kimi D-8-in fəaliyyət istiqamətlərini əks etdirir: Müharibə deyil, sülh, münaqişə deyil, dialoq, ikili standartlar deyil, ədalət, üstünlük deyil, bərabərlik, müstəmləkə deyil, ədalətli düzən, zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.

Daim ədalət tərəfdarı olan, İslami dəyərlərə sadiq quruma üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir. Təmsil olunduğu təşkilatlarda özünü doğruldan, iqtisadi inkişafı , siyasi nüfuzu ilə dünya birliyində mövqeyi möhkəmlənən, xarici siyasətini beynəlxalq aləmdə baş verən hadisələrə uyğun formalaşdıran Azərbaycan qarşılıqlı əməkdaşlıqda qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.

Bu baxımdan D-8-in Qahirədə keçirilən XI Zirvə görüşü Azərbaycanın təşkilata bərabərhüquqlu üzvlüyü ilə yadda qaldı. Ölkəmizə göstərilən belə yüksək etimad üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirən Prezident İlham Əliyevin məktubunda qeyd olunduğu kimi, ölkəmizin D-8-ə qəbul olunması təşkilatın gücləndirilməsinə xidmət edəcək: «Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.»

Azərbaycanın D-8-in üzvlüyünü «X» platformasında «Bu gün Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın təşkilata üzv qəbul edilməsinə görə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeşin dövlət və hökumət başçılarına təşəkkürümü bildirirəm.Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir» sözləri ilə paylaşan Prezident İlham Əliyev əminliklə bildirir ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, hər iki xalq arasınadkı birlik və həmrəyliyin iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətlərinin bu gün ən yüksək zirvədə qərarlaşmaşını təsdiqləyən Misir Sammiti tarixi və əlamətdar hadisə olmaqla iki qardaş ölkə arasındakı əbədi həmrəyliyin davamıdır. Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı söylədiyi «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək» sözləri ilə ermənipərəst dairələri fakt qarşısında qoyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Sammitində ölkəmizə göstərdiyi dəstəyi ilə sarsılmaz qardaşlığın əbədiliyini bir daha sübut etdi.

İqtisadi qüdrəti ilə dünya birliyində fərqlənən Azərbaycan quruma üzv ölkələrlə ticarət əlaqələrini formalaşdırmaqla, D-8 xüsusən də enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan qazanacaq. Həmçinin bu ölkələrin bazarlarına daxil olmaqla, ixracının şaxələndirilməsinə nail olacaq. Üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə respublikamıza xarici investisiyaların sayı, həcmi artırılacaq. Beynəlxalq aləmdə etibarlı regional mərkəz kimi böyük nüfuz qazanan, Orta Dəhliz layihəsinin mərkəz oyuncusu statusunu vədinə sadiqliyi ilə doğruldan, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindəki əhəmiyyətli rolunu təsdiqləməyə ehtiyac yoxdur.

Qlobal miqyasda baş verən proseslərə təsiretmə gücü artan, BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində həyata keçirdiyi layihələrlə dünya ictimaiyyətinin rəğbətini qazanan Azərbaycanın COP29-a uğurlu sədrliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna əlavə nailiyyətlər qazandırdı. Milli münaqişələrin, törədilən dəhşətli terrorların, Suriya hadisələrinin, Rusiya- Ukrayna , İsrail-Fələstin müharibəsinin hələ də davam etdiyi günlərdə faydalı əməkdaşlıq, dinlərarası birlik daha vacibdir. Dünyada sülhün, sabitliyin təminatı D-8-in əsas prioritetlərindəndir. Bu baxımdan Azərbaycanın mürəkkəb münaqişələrin həlli ilə bağlı ədalətli mövqeyi, münaqişə tərəfləri arasında sülh yaratmaq, vasitəçilik təcrübəsi bu təşkilata da töhfə verəcək. Türkiyə-Azərbaycan əməkdaşlığı İslam həmrəyliyinin möhkəmlənməsinə atılan praktiki addım kimi Suriya məsələsində də özünü təsdiqləyəcək. Bu baxımdan D-8-ə üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir. 

İlk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8-in İstanbulda keçirilmiş 9-cu Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyev İslam həmrəyliyinə böyük önəm vermişdir. Misir Sammitində bildirildi ki Azərbaycanın təşkilata üzvlüyü regionda təhlükəsizliyin və sabitliyin təminatına xidmət edəcək, qarşılıqlı faydalı əməkdaşlığın inkişafında öz sözünü deyəcək. Geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və malik olduğu zəngin enerji resursları, müasir nəqliyyat infrastrukturu ilə dünya birliyində mövqeyi möhkəmlənən Azərbaycan 30 il Ermənistanın işğalı altında qalan ərazilərini azad etməklə beynəlxalq ictimaiyyətə ədalətin mütləq Zəfər çalmasının qaçılmaz olduğunu göstərdi. Bölgədə yeni reallıqlar tətbiq etməklə ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar yaratdı. Regional sülh gündəliyinə sadiq olan ölkəmiz Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini qardaş Türkiyə ilə yaxın təmaslar istiqamətində davam etdirəcək. Müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik rəsmi Bakı bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcəkdir. Layiq görüldüyü yeni statusla daha bir platforma qazanan Azərbaycan sivilizasiyalararası körpü rolunun yeni istiqamətlərini də müəyyənləşdirəcək. İslami dəyərlərin dostluğa, əməkdaşlığa, sabitliyə, sülhə əsaslandığını ölkəmizdə formalaşdırdığı multikultural dəyərlərə sadiqliyi ilə göstərəcək. Coğrafiyası üç qitəni əhatə edən, ÜDM-i 4 trilyon ABŞ dollarını aşan, 130 milyard ticarət dövriyyəsini həyata keçirən, üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən (1,2 milyard nəfərdən çox) D-8-ə üzvlük ölkəmiz kimi, təşkilata da uğur qazandıracaq. Bu seçimi «Azərbaycanın təşkilatımıza üzv olması ilə birlikdə bu gün dünəndən daha güclüyük» ifadəsi ilə dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə şərik olduqlarını ürəkdən gələn xoş sözlərilə ifadə edən D-8-ə üzv dövlətlərin başçıları bildirdilər ki, Azərbaycanın sıramıza qoşulması İslam ölkələri arasında əlaqələrdə yeni səhifə açacaq. İslamofobiyaya qarşı mübarizədə öndə addımlayan Azərbaycan bu sahədə öndərliyini daha geniş coğrafiyada davam etdirəcək. Beləliklə, bu təşkilata üzvlük Azərbaycanın xarici siyasət kursunda, həm də müsəlman aləmində yeni mərhələnin başlanğıcı olacaq.

…İdman oyunlarının ən populyar növü olan futbolda «9» nömrə həmişə diqqətdə olur. Əminik ki, D-8-də təmsilçiliyi bu uğurlu rəqəmlə təmsil olunan, daim öz sözü, vədlərinə sadiqliyi ilə seçilən Azərbaycan beynəlxalq siyasi arenada da bu etimada layiq görüləcək.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
18
ikisahil.az

1Источники