Madrid “Atletiko”suna rəhbərlik edən Dieqo Simeone İspaniya La Liqasında dekabr ayının ən yaxşı məşqçisi elan edilib.
Arena.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Paytaxt təmsilçisi Dieqo Simeonenin rəhbərliyi altında bu ayda 3 oyun keçirib və hamısından qalib ayrılıb. Belə ki, “Atletiko” “Sevilya”nı (4:3), “Xetafe”ni (1:0) və “Barselona”nı (2:1) məğlub edib.
“Atletiko” 18 turdan sonra 41 xalla La Liqada vahid liderdir. Bu komandanı 40 xalı olan “Real”la 38 xala malik “Barselona” izləyirlər.
Xatırladaq ki, bu, Dieqo Simeonenin karyerası ərzindəki 5-ci belə uğurudur. Argentinalı mütəxəssis daha öncə 2023-cü ilin oktyabrında, 2017-ci ilin martında, 2015-ci ilin noyabrında və 2013-cü ilin oktyabr ayında da La Liqanın ən yaxşı məşqçisi elan edilmişdi. O, bu göstəricidə yalnız 8 dəfə bu mükafatı qazanmış Ernesto Valverdedən geri qalır.
Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Dieqo Simeone “Atletiko”nnu sükanı arxasında 707 oyun keçirib, 421 qələbə, 153 heç-heçə, 133 məğlubiyyət yaşaşıb. Bu oyunlarda “döşəkçilər”in top fərqi 1210:603 nisbətindədir.
Argentinalı mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.