İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı ölkəmizin müasir tarixində mühüm prioritetlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan Böyük Qayıdışa dair I Dövlət Proqramı bu istiqamətdə sistemli və genişmiqyaslı fəaliyyətin əsasını təşkil edir. Proqram azad edilmiş torpaqların bərpası, əhalinin doğma yurdlarına qaytarılması və həmin bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən strateji bir yol xəritəsidir. Bu fəaliyyət həm ölkəmizin gücünü və iradəsini, həm də milli birliyimizi və gələcəyə olan inamımızı əks etdirir.
2020-ci ildən başlayaraq azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dövlət büdcəsindən ayrılan 22 milyard manata yaxın vəsait Azərbaycanın bu prosesə verdiyi böyük önəmi göstərir. Bu rəqəm yalnız maliyyə dəstəyi deyil, həm də dövlətin işğaldan azad edilmiş torpaqların yenidən dirçəldilməsi istiqamətindəki güclü iradəsini əks etdirir. 2025-ci il üçün nəzərdə tutulmuş 4 milyard manat isə bu strategiyanın davamlılığını təmin etmək məqsədilə ayrılmışdır.
Bu istiqamətdə işlər cari ildə də yüksək sürətlə və keyfiyyətlə davam etdirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin və vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.
Dövlətimizin başçısı 2024-cü ildə işğaldan azad olunmuş ərazilərə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Dövlət başçısının burada Xocalı Soyqırımı Memorialının təməlini qoyması, soyqırımın tanınması və gələcək nəsillərə bu dəhşətli hadisənin xatırladılması baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 12-də Füzuli rayonuna səfəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı yönündə atılan mühüm addımlardan biridir. 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması kimi iddialı hədəflərin açıqlanması bu bölgənin strateji əhəmiyyətini və gələcəyinə olan investisiyaların miqyasını nümayiş etdirir. Füzulidə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Mərkəzi Rayon Xəstəxanasının layihələri sosial və sağlamlıq infrastrukturunun bərpası baxımından əhəmiyyətlidir. Xüsusilə Qazaxıstanın "BI Group" şirkətinin 180 çarpayılıq xəstəxananın inşasında iştirakı, ölkələrarası əməkdaşlığın güclənməsi və regional tərəfdaşlığın praktiki formalarını göstərir. Qırğızıstanın da bu prosesə fəal qoşulması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa və quruculuq işlərində beynəlxalq əməkdaşlığın artdığını göstərir. Belə ki, aprelin 25-də Prezident İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.
Prezident İlham Əliyevin mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə işğaldan azad olunmuş torpaqlara etdiyi səfər isə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki bərpa və quruculuq prosesinin növbəti mühüm mərhələsini göstərir. Bu səfər həm də Ulu Öndər Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın inkişafı və güclü dövlətin təməl prinsiplərinə sadiqliyi simvolizə edir.
Dövlət başçısının iştirakı ilə Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun birinci tunelinin açılışları regionda infrastrukturun bərpasına dair vacib addımlar olaraq qeyd olunur. Bu layihələr yalnız müasir yaşam şəraitinin təmin olunması deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı və regionların bir-birinə daha yaxınlaşması məqsədini daşıyır.
Şuşada birinci yaşayış kompleksinin açılışı və oraya köçən ilk sakinlərlə Prezident İlham Əliyevin görüşü Böyük Qayıdış Proqramının real nəticələrinin göstəricisidir. Laçın rayonunun Sus kəndindəki infrastruktur işləri, həmçinin bu ərazilərə köçən sakinlərin rahat həyat şəraitinə uyğun yaşayış imkanları təmin etmək baxımından əhəmiyyətlidir. Laçında 60-a yaxın fərdi evin tikilməsi, 132 şagird yerlik orta məktəb və 50 yerlik uşaq bağçasının açılması həmin bölgədəki sosial infrastrukturun gücləndirilməsini təmin edir. Laçında "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik stansiyalarının açılışı enerji təminatının bərpası və iqtisadi inkişaf üçün vacib bir addımdır.
Prezident İlham Əliyevin bu səfərləri və açılışlar həm işğaldan azad edilən torpaqların bərpası, həm də regionun sosial, mədəni və iqtisadi həyatının canlandırılması üçün Azərbaycan dövlətinin atdığı mühüm addımları təcəssüm etdirir. Dövlətimizin başçısının mayın 18-də Şərqi Zəngəzura etdiyi səfər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin bir hissəsidir. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməllərinin qoyulması, Zəngilan rayonunun Mincivan qəsəbəsinin gələcək inkişafı ilə bağlı verilən qərarlar regionda insanların yenidən yaşaya biləcəyi müasir şəraitin yaradılmasına istiqamətlənmişdir. Mincivan qəsəbəsində 2040-cı ilə qədər 9088 nəfər üçün 630 fərdi ev və yaşayış binalarının tikilməsi bölgədə həyatın bərpası və əhalinin rahat yaşayışı üçün mühüm bir addımdır. Zəngilan rayonunda inşa edilən "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışı regionun enerji təminatını gücləndirəcək və yerli əhalinin elektrik enerjisi ehtiyacını qarşılayacaq. Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları Azərbaycanın suvarma ehtiyaclarını qarşılayacaq, kənd təsərrüfatının inkişafına töhfə verəcəkdir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bu kimi bərpa-quruculuq işləri ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının sentyabrın 2-də Kəlbəcər rayonuna etdiyi səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı istiqamətində atılan daha bir mühüm addımdır. Bu səfər həm regionun sosial və infrastruktur inkişafını təmin edən layihələrin həyata keçirildiyini, həm də ekologiya və enerji sahəsindəki strateji hədəflərin reallaşdığını göstərir.
Kəlbəcərdə açılışı edilən "Yuxarı Vəng" Su Elektrik Stansiyasının (SES) 22,5 MVt gücü ilə Azərbaycanın yaşıl enerji mənbələrinə qatdığı yeni töhfə dövlətin enerji təhlükəsizliyi və dayanıqlı inkişaf strategiyasının bir hissəsidir. Kəlbəcərdəki ikinci yaşayış kompleksinin və inzibati binanın təməl qoyuluşu, bölgənin sosial həyatının bərpasını göstərən mühüm addımdır. "İstisu" mineral su zavodunun, "İstisu" yarımstansiyasının və "Zar" və "Toğanalı" Kiçik Su Elektrik Stansiyalarının açılışları isə regionun enerji infrastrukturunun gücləndirilməsini və sosial təsisatların yenidən qurulmasını təmin edir. Bu infrastruktur layihələri həm Kəlbəcər rayonunun enerji təminatını gücləndirəcək, həm də əhalinin həyat keyfiyyətini artıracaq. "İstisu" mineral su zavodu, həmçinin Kəlbəcərin turist potensialını da inkişaf etdirəcək, yerli iqtisadiyyata müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlər regionun bərpa və inkişafında mühüm mərhələləri təşkil edir. Sentyabrın 19-20-dəki səfər, xüsusən iqtisadiyyatın və təhsil sahəsinin inkişafı üçün atılan irəliləyiş addımlarını nümayiş etdirir. Ağdam rayonunun Eyvazxanbəyli kəndində təməlqoyma mərasimi, Kəngərli kəndində və Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq bölgənin sənaye potensialının gücləndirilməsi istiqamətindəki vacib addımlardır. Sentyabrın 20-də Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin və tələbə yataqxanasının təmirdən sonra açılışında iştirakı regionun təhsil sisteminin bərpası və inkişafına verdiyi önəmi vurğulayır.
Prezident İlham Əliyevin oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına etdiyi səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı sahəsindəki davamlı irəliləyişi göstərən növbəti mühüm bir mərhələdir. Cəbrayıl şəhərində açılışı edilən Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb regionun təhsil infrastrukturu baxımından böyük bir önəm daşıyır. Bu məktəb bölgənin gələcək nəsillərinin keyfiyyətli təhsil alaraq ölkənin inkişafına töhfə verməsi məqsədini güdür.
Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirak etdiyi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı və “Sarıqışlaq” Su Elektrik Stansiyasının istifadəyə verilməsi bölgənin enerji təminatını gücləndirir. Zəngilan şəhərində yeni yaşayış komplekslərinin təməlqoyma mərasimi əhalinin oraya geri dönməsi üçün vacib addımlardır. Bu komplekslər yalnız şəhərin sosial infrastrukturunu inkişaf etdirmir, həm də Zəngilanın gələcəkdə daha müasir və rahat bir yaşam yerinə çevrilməsini təmin edir.
4 Oktyabr – Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyevin rayon mərkəzində inşa olunmuş yeni yaşayış kompleksinin açılışında iştirak etməsi isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma prosesinin mühüm bir mərhələsidir. Bu kompleksdə ümumi sahəsi 7,9 hektar olan ərazidə beşmərtəbəli və dördmərtəbəli 33 yaşayış binasında 712 mənzil tikilməsi Cəbrayılın gələcək inkişafına yönəlmiş mühüm bir addımdır. Bu ölkənin rəhbərliyinin vətəndaşların rifahını artırmağa verdiyi önəmi bir daha göstərir.
Göründüyü kimi, Böyük Qayıdış prosesinin uğurla davam etməsində Prezident İlham Əliyevin rolu əvəzsizdir. Onun liderliyi altında ölkə sadəcə ərazilərin fiziki bərpasını deyil, həm də həmin bölgələrdə insan həyatını yaxşılaşdırmaq üçün zəruri olan sosial-iqtisadi, infrastruktur və mədəni layihələrin həyata keçirilməsini təmin edir.
Nigar Orucova, “İki sahil”