RU

“Şimal – Cənub” dəhlizində tranzit daşımalara “yaşıl” işıq!

Azərbaycan və Rusiya arasında “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş imzalanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb. Məlumata görə, dəmir yolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal – Cənub” dəhlizinin qərb marşrutunun potensialını artırmaqdan ibarətdir. Eyni zamanda, sənəd dəmiryol nəqliyyatı ilə yükdaşımaların artmasına və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansın təmin edilməsinə imkan yaradacaq.

Səfər zamanı R. Nəbiyev, Rusiya hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib. Görüşdə avtomobil daşımalarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Yeri gəlmişkən, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ilin 11 ayında ölkəmizin ərazisindən keçən “Şimal – Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə yükdaşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artdığını bildirib. Onun sözlərinə görə, sözügedən marşrutla yüdaşımaların həcmi, hələlik, tam dəqiqləşdirilməyindən bunun son hədd hesab etmək olmaz.

Azərbaycanda “Şimal – Cənub” nəqliyyat dəhlizinin dəmir və avtomobil yolları seqmentlərinin tam reallaşdırıldığını və uğurla fəaliyyət göstərdiyini xatırladan diplomat deyib ki, ölkəmiz öz ərazisində infrastrukturun daha da təkmilləşdirilməsi üçün bütün zəruri tədbirləri görür. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ildə təsdiqlənmiş 2024-2026-cı illər üçün tranzit yükdaşımalar üzrə fəaliyyət planı çərçivəsində fiziki infrastrukturun gücləndirilməsi, əməliyyat səmərəliliyinin və koordinasiyanın artırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində innovativ həllər və rəqəmsallaşdırmanın tətbiqi üzrə tədbirlər görülür.

Xatırladaq ki, “Şimal – Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında saziş 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan hökümətləri arasında imzalanıb. Azərbaycan Respublikası bu sazişə 2005-ci il sentyabrın 20-də qoşulub. Artıq saziş iştirakçılarının sayı 12-yə çatıb. Uzunluğu 7,2 min kilometr olan marşrut Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Hindistanın Mumbay limanına qədər uzanır. “Şimal – Cənub” dəhlizi 3 marşrutdan: Transxəzər (dəmir yolları və limanlardan istifadə edilməklə), qərb və şərq (quru) marşrutlarından ibarətdir.

 

 

Избранный
14
xalqqazeti.az

1Источники