RU

Putin Ərdoğana əsl üzünü göstərir...

Əsəd getdi, Suriyada mövqe savaşı qızışır

Bəşər Əsəd yenə problem olaraq qalır. Bir müddət əvvəl hakimiyyətini qoyub Moskvaya qaçan keçmiş diktator, indi də Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında böyük problemə, həttda Qərbin uzun müddətdir ki, can atıb amma nail olmadığı gərginliyə səbəb olmaqdadır. Canını qurtarmaq üçün tonlarla qızılı, milyard dollarlarla sərvəti V.Putinə verib Kremlə sığınan B.Əsədin süqutu, ilk növbədə Moskva ilə Ankara arasındakı həqiqi vəziyyəti də gün üzünə çıxardı. Məlum olur ki, V.Putin B.Əsədin devrilməsində əsas fiqurlardan sayılan Türkiyəyə qarşı indi daha çox qəzəblidir. 12-13 ildir B.Əsədlə düşmən vəziyyətdə olan Türkiyə hakimiyyəti Suriyadakı son proseslərdə aktiv rol oynayıb və indi də aparıcı mövqedədir. Türkiyə XİN rəhbəri Hakan Fidan Dəməşqə səfər edib, Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüş keçirib. Ardınca Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın da çox tezliklə Suriyaya gedəcəyi gözlənilir. Özü də dünya güclərinin ac canavar kimi Suriya sərvətlərinə qonduqları bir vaxtda...
Gələk Rusiya liderinin Türkiyəyə münasibətinə. V.Putin ənənəvi illik mətbuat konfransında hər şey barədə danışıb, amma ən çox diqqət çəkən məqam Kreml sahibinin Türkiyə barəsindəki fikirləri olub. Daha doğrusu V.Putinin B.Əsədin süqutundan sonra dilomatik nəzakət qaydalarını bir kənara atıb əsl mövqeyini ortaya qoyması adlandıraq bunu. “Əlbəttdə deyə bilərsiniz ki, bunun özü də hələ açıq heç nəyi ifadə etmir. Amma tam açıq heç nəyi ifadə etməsə də, V.Putinin Türkiyə barədəki fikirləri Kremlin rəsmi Ankaraya olan sərt üzünü görməyə kifayət edir.
Son mətbuat konfransında bir sıra mətləblərə aydınlıq gəldi. Aydın oldu ki, keçmiş KQB generalı B.Əsədin süqutunda başlıca rol oynayan, silahlı müxalifətin əsas koordinatoru kimi göstərilən Türkiyəyə qarşı deyildiyi kimi, elə də dost münasibəti göstərmir. Əksinə, müvəqqəti və məcburi vəziyyət üzündən birgə tərəfdaşlıq işində yolun sonu görünür sanki. Əlbəttdə, şəxsi olaraq V.Putin R.T.Ərdoğan üçün sınanmış dost belə ola bilər, amma ortada Rusiyanın dövlət siyasəti və dövlət maraqları varsa, o zaman şəxslərin özəl münasibəti ortada rol oynamır. Öncə V.Putinin mətbuat konfransında səsləndirdiyi fikirlərə nəzər salaq.V.Putin Suriyadakı son proseslərdən qazanan əsas ölkənin Türkiyə deyil, məhz İsrail olduğunu söyləyib. V.Putin sözlərinə onu da əlavə edib ki, İsrail ordusunun Suriya ərazisində ələ keçirdiyi ərazilərdəki insanlar guya İsrailə birləşmək barədə müraciətlər ediblər. Putin sanki bununla İsrailə haqq qazandırmış oldu. Rusiya lideri həmin mətbuat konfransında “İsrail çətin ki, həmin əraziləri tərk etsin” cümləsini də işlədib.
V.Putinin mətbuat konfransı zamanı cavablandırdığı suallardan biri PKK terror təşkilatı ilə bağlı idi. Rusiya lideri PKK barədə danışarkən, əvvəla, “terrorçu” ifadəsi işlətməyib, əksinə, “kürdlər döyüşkən millətdir” sözlərindən istifadə edib. Digər tərəfdən, Putin Türkiyənin Suriya ərazisində təhlükəsizlik maraqlarının olduğunu birdirməklə yanaşı, kürdlərin özlərinin dövlət istəyini də xatırladıb. SİTAT: “Birinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq 30 milyonluq kürdlərin dövləti olmalıydı”. Putinin bu sözləri Yaxın Şərqdə hər şeyn yenidən qurulmaq üzrə olduğu bir vaxtda səsləndirməsi, artıq Kremlin hər kəslə “açıq danışmaq” istəyi ilə bağlıdır. “Kürd kartını” yenidən səsləndirməklə V.Putin Moskvanın Yaxın Şəqrdən əl çəkmədiyini, B.Əsədi itirməklə barışsa da, mövqe savaşından geri çəkilməyəcəyini açıqca ortaya qoydu. Əlbəttdə, az-çox siyasətlə məşğul olan hər kəs anlayır ki, böyük güclərdən biri olan Rusiya heç zaman bu bölgədən əl çəkəsi deyil. İstəyinə nail olmaq üçün istənilən vasitədən də imtina etmir- kürd məsələsində olduğu kimi.
Əslində keçmiş KQB generalının mətbuat konfransında rəsmi Ankaraya qarşı səsləndirdiyi fikirlər Moskvanın istənilən zaman Türkiyəyə qarşı “kürd kartından” yararlana biləcəyinin siqnalıdır. Əlbəttdə V.Putinin bu mövqeyini Türkiyədə əla bilirlər və Moskvaya qarşı cavab addımları hər zaman masanın üstündədir.
Neçə illərdir ki, Qərbə qarşı birgə mövqe sərgiləyən Ankara və Moskva, nə vaxtsa bu prosesin başa çatacağını, yenə də əsrlər boyu davam edən rəqabətin işə düşəcəyini əla bilirdilər. Rusiya və Türkiyə arasındakı mövqe çatını göstərən əsas məsələ Ukrayna ilə bağlıdır. Rəsmi Ankara hələ də israrla Krımı Rusiyanın deyil, məhz Ukraynanın ərazisi hesab edir və rəsmi Kiyevin ərazi bütövlüyünü dəstəklədiyini zaman-zaman ucadan bəyan edir. Məncə Suriyadakı yeni situasiya Rusiya və Türkiyə arasındakı münasibətlər üçün də yeni dönəm demək olacaq. Siyasətdə əbədi düşmənlər olmadığı kimi, əbədi dostlar da yoxdur.

Mətləb Salahov

Избранный
4
1
sia.az

2Источники