RU

Heç kimin yadına düşməyən müəllif, yerpulu, "Haxışta" - Kitab sərgisində biabırçılıq

Kulis.az Həmid Piriyevin kitab sərgiləri ilə bağlı yazısını təqdim edir.

Dekabrın 19-dan 22-nə qədər Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) bu ilin, yəqin ki, axırıncı kitab sərgisi keçirildi ("yəqin" deyirəm, çünki bu işləri bilmək olmaz, bir də gördün, Yeni il üçün bir dənə də sərgi keçirtdilər) – I Bakı Kitab Sərgisi. Bu Bakı Beynəlxalq Kitab Sərgisi deyil ha, o oktyabrda olmuşdu.

Bu sərgiyə bir dəfə gedə bildim, ayın 20-si. Amma elə bu da bəs elədi.

Mənzərə, həqiqətən, acınacaqlı idi. Bəlkə də, "biabırçılıq" sözü daha çox yerinə düşər.

Gələn az idi, çox az idi, bəlkə də, kitabsatanlardan iki dəfə az. Naşir dostlar hamısı kefsiz oturmuşdu. Yəqin, yerpulunu necə ödəyəcəklərini fikirləşirdilər.

Mən orda olduğum müddətdə cəmisi bir ürəkaçan şey oldu, o da “Kitablı toy”.
Yəqin, siz də eşitdiniz bu haqda. Azərbaycanda bir ilk yaşandı. Aktyor Cavad Nur toyunun ilk hissəsini sərgidə keçirtdi. Yemək-içməkdən başqa bizim toylarda nə olursa, hamısı bu toyda var idi. Bəylə gəlin “Vağzalı” ilə salona daxil oldular. Adı çəkilən naşirlər gəlib səbəbkarları təbrik elədi. Təbii ki, pul əvəzinə bu dəfə kitab xonçaları hədiyyə etdilər. Rəqslər oldu. Hətta uşaqlar “Haxışta” da oxudular. Gözəl mənzərə idi.

Zənnimcə, sərgi boyu naşirləri də sevindirən bircə hadisə elə bu olub.

Qayıdaq sərgiyə. Əvvəlcə bunu deyim ki, fikrimcə, bu cür yarmarkalara “sərgi” adını qoymaq səhvdir. Çünki adından da məlum olduğu kimi, sərgidə məhsulu nümayiş etdirirlər. Bizdə, şükür Allaha, hər şeyin sərgisini keçirirlər. Bal sərgisindən tutmuş, hinduşka sərgisinə qədər. Amma harda ki, məhsul satılır, o tədbirin adı “yarmarka”dır. Bir az mədəni olsun deyə, “festival” da demək olar (amma bu da səhvdir).

Yadıma gəlir, təqribən yeddi-səkkiz il qabaq, sərgilər (təşkilatçılar tədbirlərin adını “sərgi” qoyduğu üçün mən də belə deyirəm) təzə-təzə başlayanda camaatda maraq çox idi. Necə deyərlər, iynə atsaydın, yerə düşmürdü.

Sonra sərgilərin sayı getdikcə çoxalmağa başladı, amma maraq tərs mütənasib oldu.

Elə bu il keçirilən sərgilərə baxaq. Yadımda qalanları deyim ki, il ərzində Lənkəranda, Gəncədə, Sumqayıtda sərgilər olub, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi olub, III Uşaq Kitab Festivalı, “Oxu günü – 10” sərgi-festivalı olub, “Qanun” nəşriyyatı da il ərzində bir neçə dəfə sərgilər və endirimli kitab yarmarkaları keçirdib. Üstəgəl, bu axırıncı sərgi.

Hər sərgidə naşir dostlarla söhbətlər edirdik, ümumi mənzərə bu idi ki, hamı sərgilərdən narazı idi. Çox nəşriyyat, ümumiyyətlə, ziyanla çıxırdı. Şübhə etmirəm ki, axırıncı sərgidən də istisnasız hamı ziyanla çıxıb. Yəni, gördüyüm mənzərə bunu deməyə əsas verir.

Təbii olaraq, ortaya sual çıxır? Əgər sərgilər daha gözlənilən və arzu olunan effekti vermirsə, niyə hələ də keçirilməyə və ya ən azı, bu qədər intensiv keçirilməyə davam edir? Olmaz ki, ildə bir dəfə keçirilsin, amma urvatlı olsun? İnanıram ki, elə olsa, camaatın marağı daha çox olar. Çünki ən azı, nəşriyyatlar il ərzində on sərgiyə xərclədiyi enerjinin doqquz sərgiyə xərclədiyi hissəsini kitab çapına yönəldər, oxucuların da qabağına təzə-təzə, qəşəng-qəşəng kitablarla çıxar. Bilmirəm, fikir vermisiniz, ya yox, amma bir çox nəşriyyat il ərzindəki sərgilərə elə eyni kitablarla çıxır.
Oxucu da bir dəfə gəlir, xoşuna gələni alıb gedir, ikinci dəfə gəlir, baxır ki, təzə heç nə yoxdu, üçüncü dəfə artıq gəlmir. Niyə də gəlsin?!

İkincisi, sərgilərin ümumi kitab bazarını çökdürdüyünü nəzərə alan var? Bilirsiniz ki, sərgilər keçirilməyə başlayandan kitab dükanları hansı vəziyyətdədir? Onsuz da şəhərdə beş-on dənə kitab dükanı var, onlar da məktəb və ofis ləvazimatları ilə birtəhər vəziyyətdən çıxırlar. Hələ dükanlardan biri bir ara başlamışdı xaricdən marka çanta-filan gətirməyə, bilmirəm, hələ də o satışla məşğuldurlar ya yox.

Uzağa niyə gedirik? Götürək elə məni. Əvvəllər ayda heç olmasa bir dəfə kitab dükanına gedib, otuz-qırx manat xərcləyib, ortalama biri on manatdan üç-dörd kitab alırdım. İndisə fikirləşirəm ki, onsuz da iki aya sərgi olacaq, elə gedib ordan həmin otuz-qırx manata üç-dörd yox, endirimlə altı-yeddi kitab alaram. İnanın ki, hamı mənim kimi fikirləşir. Və vəziyyətin bu yerdə olduğu təqadirdə, kitab dükanlarında satış olmadığını demək absurddur.

Vallah, heç müəlliflərdə də maraq qalmayıb sərgiyə. Çoxusu məcburiyyətdən gəlib dayanır orda, ən yaxşı halda da beş-on kitab imzalayıb gedir. Bazar günü bizim Ulucayın da imza saatını salmışdılar. Başqa işi olduğu üçün imza saatına gedə bilməmişdi. Deyin ki, kimsə itirib-axtardı onu ki, ay müəllif, sənin axı imza saatındı, hardasan? Heç naşirin də yadına düşməmişdi. Çünki artıq naşirlər də ən azı müəlliflər qədər maraqsızdır sərgilərə...

Çox yazıb başınızı ağrıtmaq istəmirəm, onsuz da, hamının bildiyi, amma çox adamın demək istəmədiyi şeylərdi. Bircə onu deyim ki, müəllif kimi kitab sənayesinin gələcəyi məni ciddi-ciddi narahat edir. Buna necəsə əncam çəkmək lazımdır.

Amma necə? Bunu bilmirəm.

Избранный
17
kulis.az

1Источники