“Artıq 21 ildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz xalqına arxalanaraq Azərbaycanı dinamik inkişaf yolu ilə qəlbədən-qələbəyə, yüksək nailiyyətlərə doğru inamla aparır. Xüsusilə son bir neçə ildə dünyanı bürüyən iqtisadi böhranlara, pandemiyanın yaratdığı çətinliklərə, eləcə də beynəlxalq təzyiqlərə rəğmən möhtərəm dövlət başçımızın nümayiş etdirdiyi yüksək peşəkarlıq və əzmkarlıq, qətiyyət və siyasi iradə, xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyini son dərəcə möhkəmləndirmişdir. Sonuncu Prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük effektivliklə davam etdirilir. Bu məqamı da qeyd etmək lazımdır ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri sözün əsil mənasında Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin istisnasız hər bir yerində keçirilmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində tam və qəti qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Qələbə ilə başa çatdı. Bu Zəfərin davamı olaraq keçən ilin sentyabr ayında Azərbaycan keçirdiyi bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2003-cü ildə ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində öz xalqına müraciət edərək Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz verən cənab İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla da möhtərəm dövlət başçımız xalqa verdiyi bütün vədlərə və Ulu Öndər Heydər Əliyevin ata vəsiyyətinə tam əməl etmiş oldu.”
“İki sahil” xəbər verir ki, Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçiliyin bariz nümunəsidir: “Bu gün istər ölkəmizdə gedən proseslər, istərsə də Azərbaycanın qlobal siyasi arenada cərəyan edən hadisələrdə yeri və rolu bunu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin ölkənin siyasi sisteminə gətirdiyi rasional siyasi davranış modeli ən yüksək effektivliyə malikdir. Dövlətimizin başçısı həm Azərbaycan ictimaiyyətinə, həm də dünyaya məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən və siyasi realizmə əsaslanan siyasi fəaliyyət nümunəsi təqdim etdi. Cənab Prezident öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Bu gün biz həmçinin birmənalı olaraq deməliyik ki, möhtərəm Prezidentimizin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Bu günlərdə öz işini başa çatdırmış BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının Bakı sessiyasının gedişində isə bu siyasətin həm də ümumbəşəri humanizm ideyalarına sadiq olduğunu bütün dünya bir daha görmüş oldu. Azərbaycan cənab Prezident İlham Əliyevin xidmətləri sayəsində qazandığı mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı statusunu bir daha nümayiş etdirdi və daha da möhkəmləndirdi. COP29 məhz cənab Prezidentin effektiv siyasi-diplomatik fəaliyyəti, gərgin səyləri və beynəlxalq arenada sahib olduğu yüksək şəxsi nüfuzu sayəsində Azərbaycanın əldə etdiyi növbəti böyük uğuru oldu. Eyni zamanda da bu nüfuzlu beynəlxalq tədbirin möhtəşəm nəticələri bütün dünyada bəşəriyyətin qlobal iqlim problemləri qarşısında müdafiə imkanlarının genişləndirilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirildi.”
Daha sonra G.Qəhrəmanov Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin ən önəmli istiqamətlərindən birinin də gəncliklə bağlı olduğunu diqqət mərkəzinə çəkib: “Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ilk növbədə gələcəyə hesablanmış dövlət siyasəti ölkə gəncliyinin potensialından maksimum istifadə olunmasını nəzərdə tutur. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən biridir. Dövlət başçımızın gənclərin potensialının reallaşmasına, onların vətənpərvər, savadlı kadr kimi formalaşmalarına, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik vardır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə və istedadına inam hissi bu gün ən yüksək səviyyədədir ” – deyə, millət vəkili öz fikirlərini tamamlayıb.