RU

Dövlət başçımız sözdə deyil, əməldə şərtsiz dəstəyə layiqdir– ÖZƏL

"Tolerantlıq, multikultural dəyərlər, hadisələri, prosesləri və subyektləri obyektiv dəyərləndirmə prizmasından yanaşmaqla, etiqad və inam prinsipini də yanımızda tutaraq deyə bilərik ki, yaradan və təbiət olmaqla hər bir kəsin bir yazısı və yolu olur ki, həyat boyunca onunla irəliləyir. Tarix boyu isə elə şəxslər də dünyaya göz açır ki, böyük bir xalqın, millətin taleyüklü qərarlarını verir, onların yolunu müəyyənləşdirir".

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan tarix mənfi və müsbət simalarla da doludur. Tarix süngərdir, süzgəcdir, həm də ələkdir. Xalqın özü və gözü isə ən dəqiq tərəzidir. Zamanın sınağından ələnərək keçənləri xalq ölçür-biçir, sonunda isə seçir. 2024-cü ildən boylanaraq tarixə nəzər yetirdiyimiz zaman onun səhifələri ağrılı-acılı hadisələrlə dolu olsa da qürurverici məqam odur ki, şəhidlərimizin canı-qanı bahasına alnımızdan ləkələr silindi, sözümüz qədər özümüz də, torpağımız da, ləyaqətimiz də bütöv oldu. Qazanılmış müstəqilliyin tamlığını təmin edən xalqımızın Ümummilli Lideri Heydər Əliyev oldusa, heç şübhəsiz ki, torpağımızın və ləyaqətimizin bütünlüyünü təmin edən də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev oldu. Siyasi baxışından, əqidəsindən, millətindən, dinindən və dilindən uzaq hər bir azərbaycanlı bunu qəbul edir və etməlidir. Axı elə məsələlər var ki, aksiomdur. 
Yaşıdlarımız yaxşı xatırlayır ki, bircə dərdimiz var idi, o da Xocalı utancını silmək, unutmaq. Çünki düşmən o qədər azğın və qudurğan idi ki, utanmalı tərəf olduğunu da unudur, başbilənləri və havadarları da unutdurmaq üçün əllərindən gələni edirdilər. Bəli, cənab Prezident İlham Əliyev uşaqlıq, gənclik hafizələrimizdən Xocalı travmasını silən, sağalmaz yaralarımızı sağaldan Müzəffər Liderimizdir. Xarici siyasətdə silsilə uğurlar qazanmaqla sadəcə Azərbaycan xalqını deyil, bütöv bir regionu bəlalardan xilas edən, praqmatik baxışı və yanaşması ilə regiona qalıcı, dayanıqlı sülhü gətirməyə çalışan dövlət başçımız digər tərəfdən də xaricdə və daxildə də nə qədər bədnamlarla mübarizə aparır. Odur ki, belə bir həssas zamanda və mürəkkəb məkanda sözdə deyil, əməldə şərtsiz, şübhəsiz dəstəyə layiqdir dövlət başçımız. 
Cənab Prezident İlham Əliyev məktəbdir, desək yanılmarıq. Siyasi savadı, şəxsi keyfiyyətləri, əyilməzliyi, ritorikasında istifadə etdiyi hər bir söz belə sübut edir ki, Liderimiz bir dərsdir, yol xəritəsidir. 
Tarix boyu Azərbaycan xalqını yanıldaraq yaddaşlarımızı aldadıb yanlış yola düşməyimizi sövq etmək üçün saxta şəxsiyyətlərə süni pərəstişliklər də az olmayıb. Lakin zaman sübut etdi, görənlər də, görməyənlər də, görmək istəməyənlər də Liderimizin əzəmətini qəbul etməli oldular.
Bu gün Azərbaycan dövləti sadəcə mürəkkəb regionumuzun deyil, qlobal aləmin əsas aktorlarından biridir. Bu gün Azərbaycan dar maraqlardan çıxış etmir, türk-müsəlman dünyasının lokomotivinə çevrilib. Ərazi bütövlüyü bərpa olan, suverenliyi təmin olunan Azərbaycan xalqı növbəti uğurlarını da Müzəffər Liderin rəhbərliyi altında yaşamaq üçün növbəti dönəm seçimini edib, bunu davamlı etmək üçün bu gün həmin xalq Liderimizə möhkəm can sağlığı arzu edir. Çünki xalq əmindir ki, məhz Onun iradəsi altına sığınmağa dəyər!"

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники