RU

Ulu öndər Mirzə Cəlil irsinə həmişə rəğbətlə yanaşıb

Böyük yazıçı-dramaturq, publisist, naşir Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Ulu öndər Heydər Əliyev Cəlil Məmmədquluzadənin Ev-Muzeyində – 30 il öncə” adlı tədbir Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə, Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktor əvəzi Rasimə Əhmədova, Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbiri muzeyin direktor vəzifəsini müvəqqəti icra edən, böyük elmi işçi Yeganə Məmmədova açaraq Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov, Bakı Dövlət Universiteti (BDU) Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, aşıq Altay Məmmədli, BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu və başqaları çıxış ediblər.

Qeyd olunub ki, dahi siyasətçi Azərbaycan ədiblərinin yaradıcılığını daim diqqətdə saxlayıb. Ulu öndər Mirzə Cəlil irsinə də böyük rəğbətlə yanaşıb. Prezident Heydər Əliyev 1994-cü ildə Bakıda ədibin ev-muzeyinin açılışında iştirak edib, geniş nitq söyləyib.  

Sonra muzeyin əməkdaşlarından Yeganə Məmmədova və Yeganə Məhərrəmova C. Məmmədquluzadənin əsərlərindən parçalar oxuyublar. Bakı şəhəri 289 nömrəli tam orta məktəbin müəllimi Aytən Qurbanova və şagirdlər Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Daha sonra 30 illik yubiley münasibətilə muzeyin bir qrup əməkdaşı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub. Tədbir aşıq Altay Məmmədlinin ifası ilə yekunlaşıb.

Избранный
20
tehsil.biz

1Источники