RU

Ankara Dəməşqlə Aralıq dənizində sərhəd delimitasiyası üzrə razılığa gəlməyi planlaşdırır

Ankara, 25 dekabr, AZƏRTAC

Türkiyə hökuməti Liviyanın ardınca Suriya ilə Aralıq dənizində sərhəd delimitasiyasına dair memorandum imzalamağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, müvafiq bəyanat Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu tərəfindən səsləndirilib. Nazirin sözlərinə görə, delimitasiya haqqında razılaşma hər iki ölkənin Şərqi Aralıq dənizində, o cümlədən neft və qaz yataqlarının axtarışı və işlənməsində maraqlarına müsbət təsir göstərəcək.

Uraloğlu bu məsələnin hökumətlərarası müzakirələrin gündəliyinə daxil ediləcəyinə əminliyini ifadə edib. “Silahlı qrupların tərk-silah prosesinin davam etdiyi indiki mərhələdə bu barədə danışmaq düzgün deyil. Amma məsələ Ankara ilə Dəməşq arasında təmaslarda mütləq öz əksini tapacaq”, - deyə Uraloğlu bildirib.

Topqapı Universitetinin Dəniz Siyasəti və Strategiyaları Mərkəzinin rəhbəri Cihad Yaycı nəqliyyat və infrastruktur nazirinin bəyanatını şərh edərkən bildirib ki, Suriya ilə müvafiq razılığın əldə olunacağı təqdirdə, Şimali Kiprin Karpas Burnu ətrafındakı dəniz zonaları Ankaranın nəzarətinə keçəcək, bu da Türkiyənin dəniz zonasının təxminən 7660 kvadratkilometr genişlənməsi deməkdir.

“Bununla da Yunan Kipr nümayəndələrinin Aralıq dənizinin bu hissəsində müstəsna dəniz iqtisadi zonasının mövcud olması ilə bağlı tezisləri avtomatik yox olacaq”, - deyə o qeyd edib.

Eyni zamanda, Dəməşq öz dəniz zonasının sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirəcək ki, bu da digərləri ilə yanaşı, balıqçılıq sahəsinə müsbət təsir göstərəcək”, - deyə Mərkəzin rəhbəri bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
13
azertag.az

1Источники