RU

Azərbaycanda virus yayılıb: qorunmağın yolu

Son günlər əhali arasında güclü qrip yayılıb. Bir çoxları iddia edir ki, bu virus koronavirusun bir növüdür. Xəstəliyə tutulan şəxslər də bu prosesi çox ağır keçirdiklərini söyləyirlər. Bəs deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?

Doktorm.az bildirir ki, sözügedən vəziyyətlə bağlı "Yeni Sabah"a açıqlama verən həkim, infeksionist Aytən Ziyadova durumun nə yerdə olduğuna aydınlıq gətirib:

"Qeyd edim ki, son dövrlərdə əhali arasında yayılan qrip və ya qripə bənzər simptomlar həqiqətən də narahatlıq doğurur. Lakin, bu virusun koronovirusun bir növü olduğunu demək doğru olmaz. Bu günlərdə ən çox rast gəlinən soyuqdəymə və qrip əlamətləri daha çox adi qrip və ya digər respirator xəstəliklər ilə bağlıdır. Hər iki xəstəlik, xüsusilə soyuq havalarda, əhali arasında tez yayıla bilər. Qrip virusu, insanlarda yuxarı tənəffüs yollarını təsir edən bir infeksiyadır və çox vaxt yüksək temperatur, boğaz ağrısı, baş ağrısı, öskürək və bədəndə ağrılarla müşayiət olunur. Koronavirus (COVID-19) isə fərqli bir virusdur və əksər hallarda daha ağır təsirlər göstərir, xüsusən tənəffüs çatışmazlığına səbəb ola bilər.

Son günlər müşahidə olunan simptomların ağır keçməsi, bir neçə faktora bağlıdır: yüksək təsirli yeni virus suşları, orqanizmin zəifləməsi, daha çox yayılma və bəlkə də mövsümi dəyişikliklər. Bu səbəbdən, qripə qarşı vaksinasiyanın vacibliyi və xəstəliyə tutulanların müalicə üçün vaxtında həkimə müraciət etməsi önəmlidir".

Həkim yayılan xəstəlikdən qorunma yolları haqqında da məlumat verib:

"Həm qrip, həm də COVID-19 üçün vaksinlər mövcuddur və bunlar infeksiyaların yayılmasının qarşısını almağa kömək edir. Həmçinin, əllərin tez-tez yuyulması və maska taxılması da çox əhəmiyyətlidir. Xüsusən xəstəlik simptomları varsa, insanlarla yaxın təmasdan qaçmaq lazımdır. Yaxşı qidalanma, kifayət qədər yuxu və fiziki fəaliyyət orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir. Qrip və digər respirator xəstəliklər üçün çoxsaylı müalicə üsulları mövcuddur, amma əgər bir şəxs ağır simptomlar göstərirsə, həkim müalicəsinin düzgün tətbiq edilməsi vacibdir. İmmuniteti gücləndirmək üçün xüsusi dərmanlar və vitaminlər təyin oluna bilər. Əgər koronavirus şübhəsi varsa, testlər və müvafiq tibbi prosedurlar təklif ediləcək. Unutmayın ki, hər hansı bir ciddi xəstəlik əlamətləri olduqda, dərhal həkimə müraciət etmək vacibdir".

Aytən Ziyadova hazırda qripin, İnfluenza virusunun A ştammının daha çox yayıldığını da bildirib:

"İnfluenza A (qrip A) virusu, qrip xəstəliyinin ən geniş yayılmış və ən çox təsir edən növüdür. İnfluenza A, insanlarda, heyvanlarda və digər canlılarda infeksiyaya səbəb ola bilər. Bu virus tənəffüs sistemi üzərində təsir göstərir və mövsümi qrip epidemiyalarına yol açar. İnfluenza A, xüsusilə mövsüm dəyişiklikləri zamanı, qış və yaz aylarında daha çox yayılaraq ciddi xəstəliklərə səbəb ola bilər.

İnfluenza A virusu, həm H, həm də N adlandırılan iki əsas proteindən ibarətdir. H (hemaglutinin) və N (neyraminidaz) zülalları virusun hüceyrələrə bağlanmasını və yayılmasını təmin edir. Bu zülalların müxtəlif kombinasiyaları yeni və daha təhlükəli suşların yaranmasına səbəb ola bilər. Virus, infeksiyaya yoluxmuş şəxslərin öskürək və ya asqırıqla yaydığı damcılar vasitəsilə, həmçinin əşyalar və səthlər üzərində uzun müddət qalan virus hissəcikləri ilə yayılır. Bu səbəbdən, əllərin tez-tez yuyulması və maska taxılması tövsiyə edilir. İnfluenza A-nın əsas simptomları arasında yüksək hərarət (40°C-yə qədər), baş ağrısı, boğaz ağrısı, əzələ ağrıları, yorğunluq, öskürək, burun tutulması, bəzən mədə-bağırsaq problemləri (mədə bulantısı, qusma, ishal) yer alır"./milli.az

Избранный
5
9
Doktorm.az

10Источники