RU

Tehranın 30 milyardlıq tələbinə Dəməşqin 300 milyardlıq iddiası

Əsəd rejiminin devrilməsindən sonra Dəməşqlə Tehran arasında münasibətlər getdikcə kəskinləşməkdə davam edir. Bu səbəbdən də tərəflər qarşılıqlı şəkildə bir-birlərinin ünvanına müxtəlif səpkidə ittihamlar səsləndirirlər. Bu günlərdə İran XİN Dəməşqlə diplomatik və ikitərəfli münasibətlərin qurulmasında maraqlı olması ilə yanaşı, Suriyanın Tehrana olan 30 milyard dollar borcunu tələb edəcəyini bəyan edib. 

İran tərəfi Suriyada baş verənlərə görə Türkiyəni ittiham edərək məsuliyyət daşıdığını bildirib. Əsədə verilən dəstəkdən danışan Tehranın yeni qurulan Suriya hökumətindən 30 milyard dollar təzminat tələb etdiyi iddia edilib. Mətbuatda əksini tapan xəbərdə Tehranın "Hakimiyyət dəyişsə belə, İran Suriya ilə bağlı iddialarından əl çəkməyəcək. Suriyada qurulacaq yeni administrasiya İran xalqına bu borcu ödəmək məcburiyyətində qalacaq" bəyanatı Dəməşq tərəfinin ciddi etirazına səbəb olub.

Dəməşqlə Tehran arasındakı gərginlik səngimək əvəzinə daha da dərinləşir. Dəməşq Tehranı Suriyanın daxili işlərinə müdaxilə etməkdə ittiham etməkdədir. Bununla bağlı Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən Şeybani dekabrın 24-də öz X (tvitter) hesabında Tehrana xəbərdarlıq paylaşımı da edib.

"İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə onların məsuliyyət daşıdığını bəyan edirik", - Şeybani mesajında bildirib.

Dəməşq-Tehran münasibətlərinin böhran həddinə çatması barədə Livanda dərc olunan "Al-Mudün" qəzeti də yazıb.

Suriyanın yeni siyasi rəhbərliyinə yaxın mənbə nəşrə bildirib ki, Suriyanın yeni hakimiyyəti hələ də İranla əlaqə saxlamır. Dəməşq səfirliyi və Tehranda Suriya səfirliyinin açılması ilə bağlı diplomatik danışıqlar da daxil olmaqla, siyasi rəhbərliyin İranla hər hansı formada görüşün olmadığı bildirilib. 

Mənbə eyni zamanda Tehranın Suriyanın yeni hakimiyyətindən Əsəd rejimi dövründə olan 30 milyardlıq borcu geri qaytarılma tələbi ilə bağlı mövqeyinə də aydınlıq gətirib.

Dəməşq nəinki bu iddianı rədd edir, əksinə, Suriyanın yeni siyasi hakimiyyəti Tehranın Əsəd rejiminin yürütdüyü siyasəti dəstəkləməsinə, o cümlədən Suriya infrastrukturuna vurulan ziyana görə İrandan onlara 300 milyard dollar təzminat ödəməsini tələb edəcək. "Yeni siyasi rəhbərlik İranın Suriya xalqına və dövlətinə vurduğu ziyanın tələb edilməsi ilə bağlı beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədin hazırlanması üzərində hazırlıq işlərinə başlayıb", - mənbə qeyd edib.

Suriyanın yeni müvəqqəti baş naziri Məhəmməd əl-Bəşir ölkədə maliyyə böhranının olduğunu etiraf edib.

Baş nazir deyib ki, ölkədəki valyuta qıtlığı və maliyyə böhranı inkişafın lazımi səviyyədə davam etməsinə maneəçilik yaradacaq. "Kassalarda ancaq dəyərsiz Suriya lirəsi var. Xarici valyuta yoxdur. Bir ABŞ dolları bizim 35 min lirəmizə bərabərdir ", - o qeyd edib.  

Təbii ki, Tehranın bu cür təzyiq xarakterli iddialarının arxasında yeni qurulan Suriyada öz mövqelərini təmin etmək niyyəti dayanır. Ancaq Suriyanın müvəqqəti hökuməti Moskva ilə yumşaq mövqe sərgiləyib, onların mövqelərinin hər hansı formada təmin olunmasında maraqlı görünsələr də, bunu Tehranla bağlı demək qeyri-mümkündür. Bu səbəbdən də Suriyanın yeni müvəqqəti hakimiyyəti ölkədə sabitliyin bərqərar olmamasına rəğmən Tehranla danışıqlardan hər vasitə ilə yayınırlar və proseslərdən uzaq tutmağa çalışırlar. Bu da tərəflər arasında gərginliyin artmasına səbəb olur.

Mürtəza
Ölkə.Az

Избранный
19
olke.az

1Источники