İsrailin baş naziri Benyamin Netanyahu Yəməndən Təl-Əvivə raket və pilotsuz təyyarə hücumlarını artıran İranın dəstəklədiyi husiləri hədələyib. Metbuat.az xəbər verir ki, Netanyahu bununla bağlı sosial media hesabında paylaşım edib. O, Hanukka bayramı münasibətilə açıqlamasında bildirib ki, İsrail ona zərbə vuracağını düşünən düşmənlərinə hücum edir. O, hücumların bütün düşmənləri əhatə edəcəyini ifadə edib. Husilərə təhdidlər səsləndirən Netanyahu bildirib ki, HƏMAS, “Hizbullah”, Əsəd rejimi və digərləri kimi husilər də məhv ediləcək. Netnayahu husilərə qarşı hərbi əməliyyatların xeyli zaman alacağını ifadə edib. Qeyd edək ki, husilər İsrailə raket və pilotsuz hücumları yenidən artırıb. Bundan əvvəl, husilərin hücumları nisbətən səngimişdi. Netanyahu husilərə qarşı ABŞ və Böyük Britaniya ilə birgə hərbi əməliyyatlar həyata keçirəcəyini ifadə etmişdi.