48 gündə Qəzzada 5,3 mindən çox uşaq ölüb – UNICEF
Qəzza zolağının 48 günlük bombardmanı zamanı 5300-dən çox fələstinli uşaq həlak olub. Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel UNICEF-in internet saytında məlumat yayıb. “Fasilədən əvvəl 48 gün davam edən davamlı bombardmanlarda 5300-dən çox fələstinli uşaq öldürüldü. Bu rəqəmə əlavə olaraq çoxlu itkin düşdüyü və dağıntılar altında qaldığı güman edilir. Əgər zorakılıq bu səviyyəyə qayıdarsa, hər gün daha yüzlərlə uşağın öləcəyini və yaralanacağını təxmin edə bilərik”, – Rassel deyib. “Humanitar fasilənin davam etdiyi] yeddi gün ərzində bu kabusu yaşayan uşaqlar bir ümid işığı görməyə başladılar. Uşaqlara uzunmüddətli humanitar atəşkəs lazımdır. Fələstin və İsraildəki bütün uşaqlar sülhə layiqdir və daha yaxşı gələcəyə ümid edirlər”, - UNICEF rəsmisi əlavə edib. Qeyd edək ki, oktyabrın sonunda UNICEF İsrail ordusunun intensiv atəşinə məruz qalan Qəzza zolağında hər gün 400-dən çox uşağın öldüyünü və ya yaralandığını bildirib. Fondun nümayəndəsinin sözlərinə görə, Qəzza mahiyyətcə uşaq qəbiristanlığına çevrilib. ÜST isə buna əlavə olaraq, Qəzza zolağında orta hesabla hər 10 dəqiqədə bir uşağın öldüyünü bəyan edib.