Naxçıvanın yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
"Report"un yerli bürosu xəbər verir ki, müraciətdə qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.
Dövlət Yol Polisi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi tövsiyə edir.
Bununla yanaşı, sürücülərə küləkli havaya görə avtomobillərini ağacların, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşə silgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama etməmələri, piyadalara isə səkilərlə hərəkət etməyi, qarşıdan-qarşıya keçərkən mütləq piyada keçidlərindən və piyada zolaqlarından istifadə etmələri tövsiyə edilir.