Bakı, 20 mart, AZƏRTAC
Novruz gəlir. Bu iki söz səsləndiyi an insanlar müstəsna olaraq xoş hisslər yaşayırlar. Ömrümdə Novruzun gəlişindən nəinki kədərlənən, hətta ona biganə qalan bircə adam da görmədim. Deməli, bu sözlər həyatımıza xoş hisslər qatan, hər birimizi pozitiv emosiyalara yükləyən, birmənalı olaraq hamını sevindirən bir xəbərdir. İlin hadisələri içində müxtəlif məzmunlu sevindirici xəbərlər nə qədər çox olsa da Novruzun gəlişi həmişə eyni xoş niyyətləri yaşatmaq və təzələmək baxımından unikal bir mədəniyyət hadisəsidir. Novruz bayramının mahiyyətində təbiətlə insanı birləşdirən, insana təbiətin bir parçası olduğunu daim andıran bir fəlsəfə yaşayır. Bu, insanlar arasında səmimiyyət, dostluq, həmrəylik və xoş məramlılıq fəlsəfəsidir. Təsadüfi deyil ki, Novruz bayramı dünyanın ən seçkin mədəni nailiyyətlərini qeydə alan və onu ümumbəşəri mədəniyyət nümunəsi kimi bütün dünyaya aşılayan UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Deməli, belə bir fəlsəfəni hamılıqla qəbul edən xalqlar dünyanın ən mədəni, eləcə də sülh və həmrəylik kimi humanist xüsusiyyətlərin daşıyıcıları olan xalqlardır. Belə bir xalqın təmsilçisi olmaq nə qədər qürurverici bir hissdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Cavanşir Feyziyev söyləyib. Deputat qeyd edib ki, hər bir xalqın təqvimində dövlətlər tərəfindən istirahət günü kimi elan edilən və konkret bir günlə bağlı olan çoxsaylı bayramlar var. Novruz bayramı onlardan fərqlidir. Novruz həmişə hamının bayramı olub. Hətta dövlət səviyyəsində bu bayramın qadağan olunduğu zamanlarda belə xalqlar Novruz ənənələrinə sadiq qalaraq onunla bağlı ayinləri və adətləri yaşadıblar. Ulu Öndər Heydər Əliyev Novruz bayramının mahiyyətini və dəyərini belə ifadə etmişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Deputat qeyd edib ki, Bu bayram insanlığa doğma və təbii olan adət-ənənələrin, əcdadlarımızın əqidəsinə və mədəni irsinə sədaqətin təzahürü kimi minilliklər ərzində xalqımızın ruhunda və qəlbində yaşadıb-yaratdığı yüksək mənəvi dəyərdir. Bu dəyəri müdrik Şərq və onun təmsilçilərindən biri kimi bizim əcdadlarımız yaratdı və ağı qaradan yaxşı seçən Zaman onu bütün İnsanlıq üçün bəşəri dəyərə çevirdi. Əsrlər boyu xalqımız ən xoş ümidlərini Novruza bağlayıb, səadəti, firavanlığı və xoşbəxtliyi Novruzdan gözləyib. Son onilliklər ərzində hər Novruz bayramında növbəti Novruzu azad olunmuş yurd yerlərimizdə qarşılamağı və qeyd etməyi arzuladığımız hamının yadındadır. Məhz bu Novruz arzuları xalqımızın ümidlərini doğrultdu. Artıq dördüncü ildir ki, uzun müddət həsrət qaldığımız Vətən torpaqlarında Novruz tonqalları qalanır. Yaxın keçmişin ağrı-acıları bu tonqalların alovları içərisində yandırılıb külə çevrilir. İnsanlıq öz həyatını bir zaman dayandığı yerdən yenidən başlayır. Novruz sözünün əsl mənası öz əksini real həyatda tapır – hər bir insanın, xalqın, sivilizasiyanın həyatında yeni gün başlayır. Bax, budur Novruz fəlsəfəsinin təntənəsi. Bu təntənəni Prezident İlham Əliyev azad Şuşada bayram tonqalını alovlandıran zaman belə ifadə etmişdi. ‘‘Həmin gün gəldi... Bu gün Novruz bayramını ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi.”
“Belə bir əziz gündə - dostluq, həmrəylik, yenilik, mənəvi təmizlik və ruhi oyanış günündə Novruz ənənələrinə sadiq olan bütün insanların xoşbəxtliyinə sevinirəm. Sevinirəm ki, hər kəs özünü xoşbəxt hiss edir. Sevinirəm ki, hər kəs gələcəyə ümidlə baxır, hər kəs özünün xoş arzularına qovuşmaq üçün xoş niyyətlər tutur və bu niyyətlərin həyata keçməsi üçün yalnız və yalnız insanlığa xoş olacaq addımlar atmaq haqqında düşünür. Yalnız xoş niyyətlər və xoş arzular insanlığı səadətə qovuşdura bilər. Ona görə bu gün ən xoş arzularımı bütün insanlığa çatdırıram. Bəşəriyyətə və onun ən mədəni parçası olan xalqımıza ən xoş arzularımı çatdırıram”, - deyə deputat Cavanşir Feyziyev fikrini yekunlaşdırıb.