RU

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?


Məsələ ilə bağlı Publika.az-a danışan cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu gün üçün qəbul olunmuş yeganə qayda erkən müayinədir:


"Bəzi inkişaf etmiş ölkələrdə ÜST tərəfindən və protokollarda təsdiqlənən müayinələr var ki, xəstəliyi tamamilə məhv edir. Xərçəngin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən yoğun bağırsaq, süd vəzi, prostat və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur. Xərçəngin yaranmasında qidalanmanın rolu çox böyükdür. Konservləşdirilmiş qidalar, trans yağlar, heyvan mənşəli qidalar birbaşa xərçəngin inkişafında rol oynayır. Bundan başqa, genetik amillərin də payı çoxdur".


Mütəxəssislər pestisidlərin, qida əlavələrinin, piylənmənin, hormonal məhsulların, eləcə də siqaretin qarşısının alınmasının lazım olduğunu bildirirlər. ÜST-nin hesabatında bildirilir ki, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng xəstəsi olacaq.


Afət Cabbarova əlavə edib ki, ölkəmizdə skrininq proqramı (Xəstəliyi müəyyən etmək üçün kliniki simptomsuz şəxslər qruplarının ilkin müayinəsi sistemi - red.) olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur:Çox təəssüf ki, önləyici tədbir olaraq ölkəmizdə skrininq proqramları varsa da, rəsmi qaydada tətbiq olunduğunu görməmişəm. Ən azı ildə bir dəfə yoxlanışdan keçməliyik. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Buna görə də 45 yaşdan sonra müayinə olunmaq lazımdır. Bağırsaq xərçəngi üçün də 45 yaşdan sonra 10 ildən bir yoxlanmaq şərtdir. Süd vəzi xərçənginə görə isə 40 yaşından etibarən yoxlanışdan keçilməlidir. Uşaqlıq boynu xərçəngi qadınlarda ən çox görülən xərçəng növüdür. Skrininqi proqramı olmadığı üçün xəstəliyin diaqnozu gec qoyulur".


ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin bu il açıqladığı hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi müəyyən olunub. 9,7 milyon insan bu xəstəlikdən ölüb. 2022-ci ildə ağciyər, döş və kolorektal xərçəng növləri dünyada ən çox görülən növlər arasında olsa da, ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi halların 12,4 faizini təşkil edib. Ən çox müşahidə olunan və ən ölümcül xərçəng növü qadınlarda döş, kişilərdə isə ağciyər xərçəngi olub.


Onkoloq-cərrah İbrahim Əsədlinin sözlərinə görə, obyektiv və subyektiv olmaqla, xərçəngin artmasının iki səbəbi var:


"Obyektiv səbəb az hərəkətlilikdir, subyektiv isə beynəlxalq imperialistlərin apardığı iyrənc siyasətdir. Xərçəngin müalicəsi və səbəbi çoxdan bəllidir. 500-dən çox yoxlamadan keçirilən üsullar var. Qəsdən həmin üsulları protokollara salmırlar, imkan vermirlər ki, həkimlər öz işlərini görsünlər. Şəxsən özüm xərçəngin qarışısını almaq üçün bir neçə dəfə Səhiyyə Nazirliyinə xüsusi proqram göndərmişəm. Onlar bunun marağında olmadığını deyirlər, əlavə edirlər ki, əcnəbilər nə deyirsə, biz də onu edəcəyik".


Tədqiqatçıların fikrincə, təxminən hər beş nəfərdən biri xərçəng xəstəliyinə tutulacaq. Təxminən hər 9 kişidən 1-i və hər 12 qadından 1-i bu xəstəlikdən ölür. Diaqnoz qoyulduqdan 5 il sonra yaşayan insanların sayının 53,5 milyon olduğu təxmin edilir.


ÜST-nin qlobal araşdırması göstərir ki, üzv ölkələrin yalnız 39%-i öz vətəndaşlarının xərçəng müalicəsi xərclərini ödəyir. Məlumata görə, ağciyər xərçəngi 2,5 milyon yeni tutulma hadisəsi ilə (ümumi xərçəngin 12,4%-i) dünyada ən çox yayılmış xərçəng növüdür. İkinci yerdə döş xərçəngi (2,3 milyon tutulma, 11,6%), kolorektal xərçəng (1,9 milyon tutulma, 9,6%), prostat xərçəngi (1,5 milyon tutulma, 7,3%) və mədə xərçəngi (970,000 tutulma, 4,9%) yer alıb.

Избранный
45
14
azsabah.com

10Источники