BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Quba rayonunda keçirilən III Aqrobiznesin İnkişafı Forumunda respublikada aqrobiznesin inkişafına əhəmiyyətli təsir göstərən beynəlxalq və yerli təcrübə barədə ətraflı danışılıb, kənd təsərrüfatının mövcud vəziyyəti geniş müzakirə edilib, o cümlədən aqrobiznesə maliyyə dəstəyi, həmçinin dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan məsələlər diqqətə çatdırılıb. Tədbirdə, eyni zamanda, aqrobiznes sektorunun hazırkı vəziyyəti və gələcək perspektivləri, habelə iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlıq yönümlü bir sıra məqamlar da müzakirə olunub.
Forumda son illər ərzində kənd təsərrüfatında islahatların daha da dərinləşdirildiyi, aqrar sahəyə dövlət dəstəyi mexanizminin davamlı şəkildə təkmilləşdirildiyi və çoxşaxəli dövlət dəstəyi sistemi yaradıldığı, kənd təsərrüfatı istehsalçılarına verilən birbaşa subsidiyaların əhatə dairəsinin genişləndirildiyi də diqqətə çatdırılıb. Eyni zamanda, bildirilib ki, yanacaq və motor yağlarının, mineral gübrələrin, pestisidlərin, pambıq və şəkər çuğundurunun satışına, toxum və tinglərin istehsalına görə subsidiyaların verilməsinə başlanılıb.
Son illər aqrar sahədə istehsal vasitələrinin əldə olunmasına tətbiq olunan güzəştlərə böyük əhəmiyyət verilib. Bu güzəştlər çərçivəsində bir sıra texnika və texnoloji avadanlıqların ölkəyə idxalı rüsumdan azad edilib, satışı subsidiyalaşdırılıb. Məsələn, fermer tərəfindən texnikanın ilkin dəyərinin 20 faiz ödənildikdə, büdcə vəsaiti hesabına idxal dəyərinin 40 faizi həcmində güzəşt edilib. Eləcə də müasir suvarma sistemləri dəsti və avadanlığının, soyuducu anbar və avadanlıqlarının alışına dövlət büdcəsi hesabına 40 faiz güzəşt olunub.
Hazırda ölkəyə idxal edilən, həmçinin yerli damazlıq təsərrüfatlardan satılan safqanlı cins damazlıq heyvanların qiymətinin 60 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır, lizinq yolu ilə güzəştli satışı həyata keçirilir, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər buzova görə 100 manat, hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya verilir.
Həmçinin torpaq-iqlim potensialından və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq cari ildən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının da ödənilməsinə başlanılıb.
Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsi olaraq son illərdə texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlığın, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi artıb, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib.
Həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, aqrar sektorda istehsal göstəricilərinin yüksəlməsi davamlı xarakter alıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkəmizdə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Forumda kənd təsərrüfatının davamlı inkişafını şərtləndirən digər amillərin də bu gün diqqətdə saxlanılması zərurəti vurğulanıb. Bu baxımdan aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlər kimi qeyd edilib.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov forumda bildirib ki, aqrar iqtisadiyyat iqtisadi sistemin çox vacib bir sahəsi olmaqla iqtisadi siyasətin strateji istiqamətidir və ərzaq təhlükəsizliyinin əsasını təşkil edir. Təbii ki, bu yöndə respublikamızda ciddi işlər görülür və nəticədə aqrar bölmənin inkişafında yüksək göstəricilər əldə olunur.
O.Məmmədov vurğulayıb ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi barədə Sərəncamından irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də “dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi”dir: “Bu sənəddə müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri yaradılacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq”.
KOBİA-nın rəhbəri qeyd edib ki, kiçik və orta biznes subyektlərinin (KOB) aqrobiznesdə satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi zəruridir: “2018-ci ildən etibarən KOB subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən davamlı önəm verilir. KOBİA bu sektorda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində hər zaman dəstəkləyir”.
O.Məmmədovun sözlərinə görə, indiyədək KOBİA tərəfindən Bakı və regionlar üzrə kənd təsərrüfatı fəaliyyəti ilə bağlı 4 minə yaxın sahibkarın iştirakı ilə 154 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bunlardan 20 sahəvi görüş, o cümlədən maarifləndirilmə tədbirləri məhz Quba–Xaçmaz iqtisadi rayonunda gerçəkləşdirilib. Bu görüşlərdə diqqətə yönəldilən problemlər və onların həllinə dair səsləndirilən çoxsaylı təkliflər ciddi təhlil edilib və həmin sahə problemlərinin həllinə yönəlik müvafiq addımlar atılıb.
Forumda müzakirə edilən məsələlərdən biri də aqrar sektorun inkişafında kreditləşmənin əhəmiyyəti ilə bağlı olub. Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Əliyar Məmmədyarov 2023-cü ilin sonuna ölkə banklarının kənd təsərrüfatına verdiyi kreditlərin qalıq məbləğinin 1,5 milyard manatdan çox olduğunu, bunun ¼ hissəsinin dövlət fondlarının, ¾ hissəsinin isə bankların öz vəsaitlərinin hesabına verildiyini bildirib. AMB sədrinin müavini daha sonra qeyd edib: “Bu ilin yanvar ayında təsdiqlənən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” maliyyə sektorunun effektivliyi, dayanıqlılığı və şəffaflığı kimi məqsədlərlə yanaşı, sektorun əlçatanlığını özündə ehtiva edir. Sənəd aqrar sektorun dəstəklənməsi üçün alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi, mikro, orta və kiçik müəssisələrə xüsusi diqqət yetirilməsi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin maliyyələşmə imkanlarının genişləndirilməsini hədəfləyir”.
Yeri gəlmişkən, həmin strategiya, eyni zamanda, aqrar sığorta sisteminin yenidən dizayn edilməsini, bu əsasda alternativ əməliyyat modellərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Ümumilikdə, maliyyə sektoru üzrə həyata keçirilən tədbirlər maliyyə sektorunun inkişafını şərtləndirir. 2023-cü ilin sonuna bankların kredit qoyuluşunun qeyri-neft-qaz ümumi daxili məhsuluna (ÜDM) nisbətdə 30 faizə çatması, bankların biznes krediti portfelinin 16,2 faiz artması da bunun bariz ifadəsidir.
Sonda qeyd edək ki, biznes portfelində kənd təsərrüfatı sektoruna verilən kreditlərin payı əvvəlki illərlə müqayisədə artıb və ötən ilin sonuna 12 faizə çatıb. Son 3 ildə isə bankların aqrar portfeli 62 faiz və yaxud 500 milyon manatdan çox yüksəlib.
Vaqif BAYRAMOV XQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта