RU

"Yaşamağa diqqət bəs eləmir, heç olmasa, diqqətlə ölün" - "Aşiyan"dan reportaj

Kulis.az Fərid Hüseynin Türkiyənin tanınmış ədiblərinin dəfn olunduğu “Aşiyan” qəbiristanlığından hazırladığı reportajı təqdim edir.

Nə qədər ki nəfəsləri gedib-gəlir, nə qədər ki sağ-çillədirlər onları çox zaman bir yerdə mehriban, “can” deyib “can” eşidən görmək çətin məsələdir. Fəqət elə ki əllərini, nəfəslərini bu dünyadan biryolluq çəkdilər, onda onların “birgəliyinə, yaxınlıqlarına” həsəd aparmamaq namümkündür. Ölüm bizim həyatla bağlı iddialarımıza son qoyur deyə bu dünyadan ömür karvanımızı sürüb gedəndə, həm öz nəfsimizdən, həm də başqalarının üzərimizdəki nəfsindən, arzu və istəklərindən, minbir umacağından, gözləntilərindən yaxa qurtarırıq. Yəqin elə bundandır ki, öləni bağışlamaq da çox zaman daha asan olur.

Bu yer isə bütün tamahların heç-puç olduğu, əksər arzuların bitəcəyi olan bir ünvandır: “Aşiyan” qəbiristanlığı. Bu məzarıstanın əsrlərə söykənən yaşı var və qoynunda neçə-neçə dahiyə, tanınmışa, bir zaman öz sahəsində adı dillərdən düşməyən mötəbər insana yer verib. Bu yazımda isə onca məşhurun hər birindən yox, bu sükut evinin şair-yazıçı sakinlərindən bəhs edəcəyəm: Orxan Vəli, Atilla İlhan, Yəhya Kamal Bayatlı, Əhməd Həmdi Tanpınar, Özdəmir Asaf, Turqut Uyar, Edip Cansevər.

Onların hər biri üstün zəka, böyük qəlb, aşıb-daşan ilham sahibləri, söz dağarcıqları olublar. Bu məzarıstanda Azərbaycan ədəbi mühitində o qədər tanınmayan, adı bəlli olmayan yazarların da qəbirləri var: Abdin Dino, İhsan Raif Xanım, Hikmət Münir Əbcioğlu, Hüseyn Vassaf, Səffət Ziya, Ruşən Ziya, Ruşən Əşrəf Ünaydın, Şükufə Nihal, Tarıkı Zəfər Tunaya, Rasil Nuri İrəli, Həsən Rıza və başqa neçələri. İstər az tanınan, istərsə də şöhrətli şairlərin “əbədi və ədəbi” məclisi daha “Aşiyan”da qurulub, səs-küylü “büsat” da burdadır, “kef məclisləri” də, “alovlu nitqlər”in eşidildiyi “gurultulu salonlar” da.

“Aşiyan” sözünün mənası “quş yuvası” deməkdir. Doğrudan da, quş öz yuvasına yovuşan sayaq bir zamanlar dünyalara sıxmayan şöhrətli insanlar da bu yerdə məzarlarına – aqibət ocaqlarına sığınıblar. “Aşiyan” sözünün bir özək mənası da budur: “susmuş”, “süquta qərq olmuş”. Bu susqunluğu, bu sayaq lallığı isə görkəmli rumın şairi Anna Blandiananın “Yorğunluq” şeiri çox dürüst ifadə edir:


Necə də sözəbaxan ölülərimiz var!
Vulkan kimi püskürmürlər,
Onları özünə bünövrə etmiş
Divarların altında tərpənmirlər.
Başqalarının seçilmiş hərəkətlərini
Heykəllərdə əbədiləşdirirlər.


Bu qəbiristan İstanbulun elə gözəl, səfalı yerində yerləşir ki, gündüz göz oxşayan mənzərələri, gecə insanı fani duyğulara qərq edən sayrışmaqdan usanmayan işıqları ilə özünə valeh edir. Hər kim buranın bir neçə dəqiqəlik sakini olursa, ətrafdakı görüntüyə heyran kəsilir. Dənizdə qayğısızcasına üzən gəmilər, sinəsini torpağın qabağına vermiş əngin sular, qırçın ləpələr, yerə dirsəklənmiş təpələr, təbiətin ovcundakı evlər... Tofiq Fikrət öz evinə “Aşiyan” adı verdiyinə görə bu yerlərin, eləcə də bu ətrafdakı qəbiristanlığın da adı “Aşiyan” kimi yaddaşlara hopub. Amma bu sükut evinin öz əvvəlki ismi “Hisar” məzarıstanı olub, zaman keçdikcə həmin ad yaddaşlardaca tarixə gömülüb. Əsrlər keçsə də buraya hələ də yeni qəbirlər düşür. Şükür ki torpağın bağrında hələ də şöhrətli insanlara, xüsusən bu dünyada iz qoymuşlara yer qəhət deyil.

Haçansa bu qəbiristan ancaq Bəbək və Hisar yaşayan ailələrin dəfn edildiyi bir məzarıstan olub, fəqət sonralar burada Türkiyənin hər tərəfindən vəfat edən mərhumlar basdırılıb. Qəbiristanlığa öz ərazisindəki ən hündür yerdən baxanda elə sanırsan ki, aşağıdakı məzarlar dənizə bitişikdir. Amma dənizdən bu yeri seyr edərkən elə zənn edirsən ki, məzarlar dağa söykəlidir. Burada həddən artıq bəyaz məzarlar – ağ mərmərlər var.

Göydələn ucaltmaq, maşın dayanacağı qurmaq istəyən biznesmenlər buradakı məzarlar görə buradkı ağaclıqlara “tikinti yeri” gözü ilə baxa bilmirlər. Bu nüfuzlu insanların məzarları qoyunlarındakı yaşıllığı hifz edirlər.

Ahməd Həmdi Tanpınar “Beş şəhər” əsərində “Güldən sonra adına bayram keçirə biləcəyimiz bir çiçək varsa, o da yasəmən ağacıdır” yazır. Bu qəbiristanlıqda yasəmən ağacları, sözün əsl mənasında, buradakı kədəri bəzəyir, xiffəti zinətləndirir.

“Aşiyan” qəbiristanlığı haqqında ilk dəfə XIV Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak edərkən axşam keçiriləcək tədbirlərin birinə piyada gedədə türkiyəli şair dostlarım Çiğdem Sezer və Ebru Özdendən eşitdim. Böyük şairlərin çoxunun bu məzarlıqda uyuduğunu, doğrusu, bilmirdim. Festival Polonez Köydə keçirildiyi üçün “Aşiyan”ın yerləşdiyi ərazidən xeyli uzaqda qalırdıq. Ancaq gənc şair dostum Rəvan Cavidə “Aşiyan”a getmək istədiyimi deyəndə, o da fikrimi dəstəklədi və beləcə bir gəmidən o biri gəmiyə, bir avtobusdan o biri avtobusa minə-minə, yolları yora-yora gəlib bu ziyarətgaha yetişdik. Qəbiristanlığın girişində anladım ki, axtardığımız qəbirləri tapıb ziyarət eləmək üçün bizə saatlar nədir, heç günlər də bəs etməz, odur ki, məzarıstanın xidmətçisini soraqlayıb tapdıq. Biz ona şairlərin məzarlarını ziyarət etmək istədiyimizi dedikdə ləhcəmizdən Azərbaycandan gəldiyimizi anladı, sağ olsun səbrlə, tələsmədən bizə bir-bir məzarları göstərdi. Cihan Cerit ad-soyadlı bu adamı minnətdarlıq duyğuları ilə xatırlayaraq keçid alıram əsas mövzumuza:


Atilla İlhanın məzarı


Atilla İlhan vaxtı ilə Qərib şeiri axını barədə məqalələrinin birində yazırdı ki: “Qərib bir dibçək gülüdür, nə yeri onu sevir, nə də o yerini”. Mən isə Atilla İlhanın məzarını ziyarət edərkən şairin qəbrini saxsı dibçəyə bənzədirəm: Əlbəttə, şeirlərində həyat eşqi saçan bu şairin nə özü indi olduğu yeri arzulayırdı, nə də bu yer ona qucaq açmağı. Ancaq neyləyəsən, “Gələn durmaz, gedən gəlməz, əcəb sirr” deyib ustad Şah İsmayıl Xətai. Ona görə də gələn bu dünyadan ya xoşhaxoşluqla, ya da əcəl zoruyla getməlidir.

Atilla İlhan hər nə qədər eşq şairi olsa da, bu dünyanın faniliyinin qoxusu onun burnuna çox cavan yaşlarından dəymişdi və o qoxu onun bütün yaradıcı düşüncəsini dəyişmişdi. Belə ki, hələ gənc ikən Avropa ədəbi mühitinə maraq göstərən gənc şair haqq-nahaq Şərq ədəbiyyatına üstdən aşağı baxırmış və bəzi dayaz adamlar kimi elə düşünürmüş ki, Orta əsrlər ədəbi mətnlərindəki hikmətlər, öyüdlər, didaktik məqamlar ona həmin yazıları oxumadan da aydındır. Lakin günlərin birində elə misralara rast gəlir ki, ruhən sirkələnir, başı əhlət daşına dəyir:


Bir gün qəbirə girib mən harayladım,
Sizi xatırladım, ey əziz dostlar.
“İndi hardadırlar” soruşanda mən.
“Yerlərin bilmirəm” söylədi məzar.


Bu misralar Nəsirəddin Tusinindir. Göydə ulduzların yerini əliylə qoymuş kimi bilən müdriklər müdriki Nəsirəddin Tusi yerdə ondan uzaq düşən dostlarının harada olduğunu bilmirmiş. Qəribədir, hə? Və bu misralar Atilla İlhana çox təsir edibmiş. İndi onun məzarına baxa-baxa “şair hardasan” soruşmaq istəyirəm, amma onun yerini mənə başqa bir fikri nişan verir. Atilla İlhanın sözləridir, yazır ki, “Ölmüş şairə ən böyük hörmət əzbərimizdəki bir və ya bir neçə şeirini, heç olmasa bir neçə mirasını xatırlayıb dua kimi təkrarlamaqdır. Yaxud başqalarına da təkrarlatmaqdır. Başqa bir şeiri yoxdurmu mərhumun? Hə bax, heç bir şeiri yadımıza düşmürsə, təəssüf ki heç bir misrasını təkrarlaya bilmiriksə, bu çox pis haldır. Dünyanın heç bir jurnalında, dərc olunan heç bir xəbər, ya da resenziya, bu halda şairi ölümdən, unudulmaqdan xilas edə bilməz. Çünki bu şairin ikinci ölümüdür, yəni həqiqi ölümü”.
Bizimsə yaddaşımızda Atilla İlhanın o qədər məşhur şeirləri var ki... Hər biri şah misralarla dolu poetik nümunələr. O nümunələr ki həqiqi ölümlə, unudulmaqla, yaddaşlardan silinməklə şairin arasında əbədiyyət səddi çəkir.


Özdəmir Asafın məzarı


Özdəmir Asafın məzarının yanına gəlmişəm və burdaykən düşünürəm ki, görəsən, min dəfələrlə ölüb-dirilmiş bu insan həmin ölümlərin hansında həyatını tamamilə itirib? Çünki o, hər şeirini bir ölüm kimi təsəvvür edir, hər şeir qələmə almağını asılmağa bərabər tuturdu: “Məndən soruşanda ki, hansı kitabını, hansı şeirini çox sevirsən? Bu sual ona bənzəyir ki, hansı ölümünü, hansı asılmağını daha çox bəyənirsən?”

Bu böyük məhəbbət şairi həyatı boyunca elə ölməz misralar, elə yaşarı bəndlər qələmə alıb ki, indi onlar atalar sözləri sayaq dillər əzbəridir. Və onun sevgisi qətiyyən insanın ümidini qıran, əlini dünyadan üzən məhəbbət təlqinləri deyil, əksinə insanı eşqə yönəldən, könlünü həyatla dolub-daşdıran məhəbbətdir. “Eşqdən heç zaman borclu çıxmayan” bu şair, görəsən, çox sevdiyi bu həyatdan necə əl çəkibmiş?

O ölüm haqqında “Qırılmayan heç nə qalmadı” adlı kitabında yazır ki, “yaşamağa diqqət bəs eləmir, heç olmasa diqqətlə ölün”. Diqqətlə ölmək mümkündürmü? Görünür, hər gözəl şeirin i diqqətlə yaşayaraq qələmə alıb ki, ölümündən sonra da ona diqqət heç vədə azalmasın.
Özdəmir Asaf həyat yoldaşı, Türkiyənin ilk peşəkar qadın fotoqrafı Ulduz Moranla bərabər dəfn edilib. Ulduz xanım 1963-cü ildə həyatını Özdəmirə bağlayandan sonra şəkil çəkməyin daşını atıb və 4 ilə 3 uşaq dünyaya gətirib. İngiliscə gözəl bilən bu xanım Özdəmir Asafın şeirlərini ingiliscəyə çevirib. İndi onlar eyni məzarda bərabər uyuyurlar və nəyləri varsa da yenə ortaqdır:

Özdəmir Asaf şeirlərində dəqiq fikirlər, sabit təsbitlər əks etdirən bir şair idi. Ölümə münasibti isə vizual xarakter daşıyırdı:


Bir insan bir insanı nəsə kimi görür, bu həyatdır.
Bir insan bir insanı bir çox şey görür, bu sevgidir.
Bir insan bir insanı hər şey kimi görür, bu eşqdir
Bir insan bir insanı heç nə kimi görür, bu təbiətdir
Bir insan bir insanı görmür, bu ölümdür.


Özdemir Asafı 42 ildir ki, heç kəs görmür, amma yazdıqları, qələm bəhrələri dörd bir yandan boy göstərir və o misralar nəsil-nəsil insanların gözündə Özdemir Asafı əlçatan, ünyetən edir...


Edip Cansevərin məzarı


Cəmal Sürəyya Edip Cansevərin ölümü haqqında deyirdi ki: “Hər şeyin artığı ziyanlıdır, Ziyadə şeirdən öldü Edip Cansevər”. Onun ölümü Türkiyə ədəbiyyatında ən ağrıyla anılan, onu tanıyanların köksündə incidici yaralar açan bir itki idi. Onunla ünsiyyət, mehr, yaradıcı əlaqə quran adamlar heç zaman onu unuda bilmədilər və onların hafizələrindəki bu əks-səda zaman-zaman yazılara hopdu, səhifələrə ələndi. Tomris Uyar onun haqqında yazır ki: “dünyada hər cür sevginin, eşqin bir axırı, sonu var, nəhayətsiz olan isə lirik dostluqdu”. Hər insan lirik dostluq, həssas qəlb ola bilirmi? Qətiyyən. Vaxtı ilə Saib Təbrizi onu tərk eləmiş aqil, başdüşən dostların dünyadan getməsi ilə yalqız qaldığını, tənhalaşdığını belə dilə gətirirdi:

Saibin də qələmi susdu qələmdanda daha,
Çün sözə qiymət qoyan vaqif bir insan qalmadı.

Tomris Uyar da Edip Cansevərdən sonra yazdığı əsərlərini oxumağa, dəyərli fikirləri haqqında müjdəli sözlər eşitməyə anlayışılı bir adamın qalmadığını ürək yanğısıyla dilə gətirirdi.
Edip Cansevərin yanında ömür-gün yoldaşı, Mefharet Cansevər uyuyur. Daim Edip Cansevərə məmnun bir həyat yaşadan, onun şeirli-sözlü qonaqlarına geniş süfrələr açan, sübhə qədər uzanan ədəbi gecələrdə ərinə yoldaşlıq edən bu qadın evinin ədəbiyyatla, enerjili sözlərlə zənginləşməsindən daim xoşhal olub. Edip Cansevərin ölümündən sonra isə yenə də şairin hər anım günündə – 28 mayda dostları məzarıstandan birbaşa şairin evinə gələrmişlər. Və yenə rakılı, şeirli gecələrlə şairin ruhunu yad edər, onun həyat və yaradıcılığından danışarlarmış. 2017-ci ildən – Mefaret xanımın dünya ilə vidalaşmasından sonra isə bu məclislər də sona çatıb.


Orxan Vəlinin məzarı


Orxan Vəlinin məzarı “Aşiyan”da ən çox ziyarət edilən qəbirlərindəndir. Hansı mərhumun k, ya qohum-qardaşı var, ya yadigarları hələ yaşayır yaxınları onlar məzarlarının ətrafını təmizləyir, yan-yörəsinə əl gəzdirirlər, fəqət kimin ki, əzizləri dünyadan ömür karvanını sürüb gedib onların aqibət evi də baxımsız vəziyyətdədir. Orxan Vəli kimi tanınmışların məzarına isə bələdiyyələr baxır, dövlət sahib çıxır.

Orxan Vəlinin məzar daşı qəbiristanlığın girişindən yuxarıda, künc tərəfdədədir. Məzara tərəf qalxanda ayaq saxlayıb susəpəni doldururam. Məzarın yan-yörəsinə, baş daşına su səpirəm. Şairin məzarının sinə daşı yoxdur, onun yerinə bir neçə məzar sığa biləcək qədər boş torpaq sahəsi var. İki il öncə bacısı Furuzan Yolyapan da haqqa qovuşub və qardaşı ilə eyni məzarda torpağa tapşırılıb. Sanki bu məzar yeri Orxan Vəligil üçün ana bətni kimidir, eyni bətndən doğulanlar, axırda yerdə də torpağa qovuşublar...

Orxan Vəlinin erkən ölümü Türkiyə ədəbiyyatı tarixində daim ağrıyla anılıb və onun taleyi vaxtsız ölən yaradıcıların ümumiləşmiş obrazına çevrilib. Belə bir pritça var ki, bir adam ömrünün ixtiyar çağlarında, dünyanın ağına da, qarasına da bəs qədər bələd olduğu vaxtlarda dərin düşüncələrə qapılır. Fikirləşir ki, kəpənək bir günə yaranır, həmin günə də ölür, əgər belədirsə, onda onların yaşamalarının nə mənası var? Bir gündən ötrü dünyaya gəlməyə, yumurta qoymağa, güldən gülə qonub həmin günün sonunda da ölməyə dəyərmi? Bu halda Allah onları nə məqsədlə yaradır? Sonra həmin adam, başını qaldırıb ətrafa baxanda dağları görür, fikirləşir ki, onların yaşı milyon illərlə ölçülür, onlarla nisbətdə mənim 80 illik ömrüm elə bir gün qədər deyilmi? Bəlkə, elə o dağlar da mənə baxaraq fikirləşirlər ki, 80 illik həyat nə böyük möhlətdir ki, bundan ötrü Allah insanı yaradır? Bu gün uşaqsan, sabah cavansan, biri gün qoca, axırı da ölüm. Bu qədər qısa zamandan ötrü dünyaya gəlib minbir cəfaya dözməyin anlamı nədir? Həmin müdrik adam bu suallardan özü üçün belə bir nəticə ki, deməli, həyatın mənası bu sayaq nisbətlərdədir, bu natarazlıqda, ölçüsüzlükdədir...

Mən yuxarıdakı pritçanı, həmin hadisəni hansı səbəbdən xatırladım, özü də burada, Orxan Vəlinin məzarı yanında? Deməli, Orxan Vəli 1946-ci ildə “Ülkü” dərgisinə yazdığı “Muzəffər Tayyib Uslu” adlı məqaləsində ürək yanğısıyla vurğulayırdı ki: “Son illərdə Zonquldağda üç böyük istedad yetişdi: Biri Rüştü Onur, biri Kəmal Ulusər, o biri də Müzəffər Tayyip Uslu. Bu nə qəribə taledir? Üçü də dalbadal öldü”.

Rüştü Onur, Müzəffər Tayyip Uslu 22, Kamal Ulusər 29 yaşında dünyadan köçmüşdülər. Orxan Vəli onlara nisbətdə xeyli ömür sürmüş, dünya ləzzətlərini dadmış yaşdaydı... İndi 36 il yaşayan Orxan Vəlini düşünürəm və göz önünə gətirirəm az qala yüz illik yubileylərinə hazırlaşan şairləri, bir də əksinə, heç 30 yaşa çata bilməyənləri... və yaddaşımda həmin pritça təzədən ətə-qana dolur, cana gəlir.

Orxan Vəlinin cavan yaşda dünyadan ayrılması da bir ayrı fəlakət idi və özü də bu fəlakət ancaq onun dünyadan vaxtsız köçməsi ilə bağlı məsələ deyildi. Belə ki, bütün ömrü boyu çılpaq həqiqətlərə meyl edən, daim gerçəkliyin gözünün içinə dik baxmağa çalışan, yersiz şişirtmələrdən, riyadan, maskadan gen gəzən şair ölümündən sonra adına qoşulan dürlü-dürlü köynək dəyişən fikirlərdən, yamamalardan “yaxa qurtara bilmirdi”. Ölümü nostalgiya kimi təqdim edən əttökən, yüngül adamlar acı gerçəklikləri manipulyasiya etməyə başlamışdılar. Qara günə xına çəkirdilər. Nekroloq yazmaqda, ötəri günləri, xırda məsələləri dolğun xatirələr kimi qələmə verməkdə mahir olan riyakarların əlinə fürsət düşmüşdü: Biri qəzetdən bir köşə yazısının pulunu almaq üçün Orxan Vəli ilə haradasa atüstü görüşməsi ilə bağlı xatirə uydurur, bir başqası adi, saya bir günü qeyri-adi yaddaş, ələdüşməz gün kimi gözə soxan yazılar yazırdı. Bir sözlə, mətbuatı Orxan Vəli ilə bağlı xatirələr tufanı bürümüşdü, göz-gözü görmürdü. Şairin qara günlərinin dostları, gündəlik şeir oxuduğu, fikir bölüşdüyü, bir boşqabdan yemək yediyi adamlar qalmışdılar kənarda. Hələ o vaxt Orxan Vəlini tanıyanlar, həqiqi dostları həyatda imişlər. Şairin ən yaxın dostu Məlik Cevdət Anday onun vəfatından üç il sonra “Orxan Vəli haqqında yazılan yazılar” adlı köşəsində dünyanı cavan yaşda tərk eləmiş şair haqqındakı bayağı, səthi, içi üzdə olan yazıları oxuduqca sızım-sızım sızlayır, kəndir çeynəyirmiş. Həmin yazıda köksü yana-yana qeyd edir ki: “Orxan Vəli kübar adam imiş. Bəs başqa necə olasıyıdı ki? Bu adam şairdi, yolkəsən deyil axı. Orxan Vəli gözəl geyinərmiş. Bəli, pulu olanda təmiz geyinməyi xoşlayırdı. Amma mən bilən, öləndə əynindəki şalvar сırıq imiş. Cırıq şalvar geymək isə dəbdəbə sayılmır. Bu da onun günahı deyildi. Türkiyə türkcəsini gözəl bilirmiş. Bıy, bir buna baxın. Əcəb böyük üstünlükdü, siz Türkiyə türkcəsini yaxşı bilmədən şeir yazanlara təəccüblənin, bundan təbii nə ola bilər ki?”.

Böyük rus tənqidçisi Svetlana Boymun məşhur “Dırnaq içində ölüm” kitabı var, orada erkən dünyadan köçmüş şairlərin yaradıcılığına bu cür riyakar yanaşan insanları, cavan ölümləri öz xırda həyat oyunlarına alət edənlərin simasızlığını belə ümumiləşdirir: “İnsanlar istəyir ki, şair aşiq olanda Verter sayağı tragik və dəli olsun, öləndə isə Şelli, Bayron, Lermontov, Puşkintək faciəvi və qəhrəmana yaraşan şəkildə ölsün. Şair Viqni və ya Kits kimi tənha olsa da olar, amma Hüqo və ya Sibirə sürgün olunduqlarж yerə qədər onları müşayiət edən xanımları və pərəstişkarları ilə şairanə danışan dekabrist rus şairləri tək xalqa xidmət edən görkəmli şəxsiyyət, uzaqgörən siyasətçi və inqilabçı olsunlar”.
Amma aradan çox zaman ötüb, çox əl dolub, çox əl boşalıb, çox ocaq çatılıb, çox kül sovrulub, ortada olan gözəl mətnlər və bir də yaşanmış taledir. İndi o dolaşıq, məqsədli yazılar da mətbuat səhifələrində öz acı aqibətlərinə qovuşublar, haqq nədirsə, yaşayan da elə odur.

Orxan Vəlinin məzar daşı dəfn olunduğu yerin küncündədir, ortalıqdakı torpağın altındasa cənazəsi dəfn olunub.. Baş daşının bu cür kənarda qalmasını görürəm, yadıma şairin yazmaq istədiyi, amma qələmə almaq nəsib olmayan “Dünyaların kənarında” adlı “romanı” düşür. Sanki bu baş daşı elə o romanın abidəsidir. Qəbirlərdən, hətta öz məzarından da küncdə qalıb. Bu romana o, öz xilası kimi baxırmış, düşünürmüş ki, Höte “Gənc Verterin iztirabları”nı yazaraq intihar etmək düşüncəsindən xilas olub, o da bəlkə, bu romanı qələmə alaraq dünyadan kənarda qalmaq hissindən, təcrid olunmaq düşüncəsindən yaxa qurtarar. Heyif ki, bu arzusu da onun ürəyində qalıb.
Və bütün bu olanları düşünə-düşünə, dünənlərə boylana-boylana məlum gerçəklik də gözümün önündədir. Orxan Vəli ilə bağlı belə bir məqamı da doğru müşahidə ediblər ki, şeirlərində qafiyədən az yararlanan, sözləri qafiyələndirməkdən zəhləsi qaçan şair məzar daşında qafiyədən xilas ola bilməyib. Məzar daşına yazılmış yazını bu dəfə söz-söz oxuyaq:


Orxan Vəli
Min doqquz yüz on dörd
Min doqquz yüz əlli.

Əhməd Həmdi Tanpınarın məzarı


Əhməd Həmdi Tanpınarın məzarı “Aşiyan” qəbiristanlığının girişindədir. Bu ağ mərmərdən düzəldilmiş məzarın yanındakı lövhədə şairin bu misraları qərar tapıb:


Nə içindəyəm zamanın,
Nə də büsbütün kənarında.


Dostum, cavan şair Rəvan Cavid bu misraları oxuyarkən deyir ki, Tampınarın o qədər zəngin irsindən, bir-birindən lətif şeirləri arasından məhz bu misraların seçilərək məzar daşına həkk edən adam hər kimdirsə, elə onun özü də o sətirlərin müəllifi qədər istedadlı adamdır. O misralar elə əsl məzarın üstünə yazılası sətirlərdir. Rəvanın bu haqq qənaəti ilə razılaşmamaq olmur. Məzarın sinə daşı yerinə bəyaz daşlar tökülüb. Sanki bəyaz bir dünyanın, ağ bir pərdənin qoynundadır şair.

“Qayıdaq nə zamanın içindəyəm, nə də tamamən kənarında” misralarına. Görünür, şair bu misralarla həm də öz qədərini, taleyini hansısa şəkildə müəyyənləşdiribmiş: Deməli, Tampınara öz sağlığında yazıçı kimi qəbul edilməz, şeirləri isə demək olar ki, heç diqqət çəkməz, daha çox ədəbiyyatşünas kimi qəbul edilərmiş. Buna görə də onun yazdıqlarını heç bir ədəbi nəslə aid etməzlərmiş, amma elə ki, şair dünyadan köçür, yalnız bundan sonra onun romanlarına ədəbi camiədə, oxucular arasında diqqət artır, bir xeyli zamandan sonra isə şeirlərinə maraq göstərənlər tapılır. Onun yazdıqları öz zamanın kənarında – uzaq gələcəkdə sevilir, oxunur, qəbul edilir və özü başqa aləmin qoynunda olarkən şeirləri də haqqı olan şöhrətinə qovuşur.


Yəhya Kamal Bayatlının məzarı


Bu dünyada qonşularının kim olması hər nə qədər önəmlidirsə, görünür, bəzən məzar evində də az-çox vacib məsələdir. Əhməd Həmdi Tanpınarın məzarının yanında ustadı, İstanbul Universitetində ona dərs demiş, həm həyatın, həm də ədəbiyyatın çox sirlərini öyrətmiş, onu dünyanın gərdişindən vaqif bir insana çevirmiş böyük ozan Yəhya Kamal Bayatlı uyuyur. Kim bilir, bəlkə də, Tampınar öz müəllimindən hələ də öyrənməkdə, nələrisə əxz etməkdə “davam edir”.

Yəhya Kamal yaşadığı ömür möhləti ərzində elə bir təsir gücünə, sirayət imkanına malik bir insan olub ki, bir dəfə görmüş adamlar onun şəxsiyyəti və yaradıcılığı haqqında uzun-uzun yazılar yazıb, onun bircə saat ərzində söhbətinə qulaq kəsilənlər belə bəs qədər geniş xatirələr qələmə alıblar. O, sanki bir ömürdə onlarla ömür yaşamış bir şair idi. Həyatının hər anı dolu olan bu insan, bu zəngin təbiətli şair başqalarına da gözəl hisslər yaşadır, bənzərsiz bilgilər verir, beləcə onların yaddaşının əbədi sakininə çevrilirmiş. Tanpınar da böyük ustadının ölümündən sonra onun haqqında bir kitab yazmışdı və öz memuarları ilə zinətləndirdiyi tədqiqatında onu “ən yaxşı şair” adlandırırdı. Onların arasındakı ilk görüş 1919-cu ildə olmuşdu. Həmin görüş barədə Tanpınar ilk təəssüratını belə ümumiləşdirmişdi: “Düşüncə solosu”. Bu solo Yəhya Kamalın yazdıqlarını oxuyan hər kəs üçün davam etməkdədir.
“Aşiyan”da Yəhya Kəmalın uzun daş məzarının yanındakı bəyaz lövhədə aşağıdakı misralar həkk olunub:

Ölüm asudə bahar ölkəsidir bir rində;
Könlü hər yerdə buxardan kimi tüstü çıxır

Və sərin sərvlər altında qalan qəbrində
Hər səhər bir gül açar, hər axşam bir bülbül oxur.

“Misra mənim heysiyyatımdır” deyən bu şairin məzarının üstünə yazılan yuxarıda örnək göstərdiyimiz şeir də onun həyata baxışının bir ayrı ifadəsi sayıla bilər. Şairin ölümündən on il keçəndə bu itkinin ağırlığı çiyinlərinə çökən dostlarından biri belə yazırdı: “Yəhya Kamalın ölümü hər şeydən əvvəl bir abidənin uçmasını xatırladır. İstanbullular bir gün səhər gözlərini açanda onun yerini boş gördülər və sanki Süleymaniyyə yoxa çıxıbmış kimi bir duyğuya qapılıb kədərləndilər. Bu yanlış və ya “qələt bir” hiss deyil və İstanbullular nə qədər kədərlənsələr azdır. Memar Sinan İstanbulun eksteryer mənzərələrini hər nə qədər tamamlayıbsa, Yəhya Kamal da onun interyerini o cür tamamlayıb”.

Yəhya Kamalı sevənlərdən biri də Orxan Vəli idi. Orxan Vəli ustadı xatırlayarkən belə deyirdi: “Bir gün Yəhya Kamalla söhbət edirdim: Mənə varlıların imarətini göstərib dedi: “İmarətləri, maşınları, cariyələri var. Ancaq heç vaxt biz eşidənləri eşitmirlər, düşündüklərimiz barədə düşünmürlər. Biz düşünürük, qənaətlərimizi onlarla da bölüşürük yenə də qanmırlar”. İndi “Aşiyan”dayam, burada daha İstanbulun nə dəbdəbəsi var, nə imarətləri, nə də pulunu balta kəsməyən zənginlər. Hər kəs bərabərdir burda, bircə qananlarla qanmazlardan savayı...
İndi heç burada, bu qəbiristanlıqda o zamanki yüksək titullar da, məzhəblər də, şöhrətli adlar da ayrı-seçkiliyə səbəb olmur. Amma əlbəttə, o adların hamısından on baş yuxarı olan şair adı, o şair adını ən yüksək titullardan da ucaya qaldıran, gözəl şeirləri ilə özünü başqalarından fərqli şəkildə sevdirməyə nail olan Yəhya Kamal Bayatlı ismi var. Bu müstəsnalığı öz dövründə də duyanlar, bilənlər var idi, onlardan biri də elə Orxan Vəli idi və o nahaqdan yazırdı ki: “İstanbulun millət vəkili seçkilərində Yəhya Kamal seçildi. Bilmirəm buna sevinim, yoxsa kədərlənim. Çünki indiyə qədər Yəhya Kamal bir sıra böyük mövqelərdə çalışıb. Həmin mövqelərdən ən böyüyü Yəhya Kamal zirvəsi idi. Baqinin bir misrası var: “Dərviş özü özünün sultanı kimi gəzər”. Bu misranı yəqin heç kəs onun kimi başa düşməyib. Mən Yəhya Kamala görə yox, millət vəkilli vəzifəsinin adına sevinirəm”.

Yəhya Kamalın məzarına, ağ mərmərə baxarkən Tarih Abacının “Şairlər qəhvə içdikləri yerlər” adlı kitabındakı “Bu bizim Yəhya Kamaldır? Əşi, kimdir ki, şairdir də” adlı yazısında mərmərlərlə bağlı nağıl elədiyi əhvalat yaddaşımda drilildi. Deməli, Yəhya Kamal Falih Rıfkı Atayın evində qonaq imiş. Y.Kamal şeirini oxumağa başlayanda, elə ilk sətri səsləndirəndə 12 yaşlı bir qızcığaz onun sözünü kəsib deyir ki, siz bu misranı Jose Marie de Heradiadan götürmüşünüz. Sonra da Heradiadanın həmin misralarını fransızca oxuyur: “Əslində, ilahiləri mərmərdən hazırlamaqdansa, tuncdan düzəltmisiniz, qəhrəmanlarısa tuncdan hazırlamaqdansa, mərmərdən düzəltmisiniz”. Yəhya Kamal bu hadisədən, qızcığazın bu cür danışmasından kefi pozulur. Anası qızcığazı süfrədən qovur. Falih Rıfkı isə qapıya sarı yönələn qızcığazı çağırır ki, misraları bir də təkrarlasın, qız da yaddaşlarını bir də təzələyir. Həmin qızcığazsa sonralar Türkiyədə ən çox kitabı satılan müəlliflərdən biri olur. Söhbət Mina Urqandan gedir.

Yəhya Kamalın məzarının yanında dua oxuyar, fatihə verərkən gərək bir ağrılı xatirəmi də unutmayaq: Nazim Hikmətin həyat yoldaşı Münəvvər xanıma yazdığı məktubu. O məktubda Nazim Yəhya Kamalın ölüm xəbərini eşitdiyini, müəlliminin dünyadan köçdüyünü yazır, bu itkinin onun bağrını yandırdığını vurğulayır, axırda da öz durumu ilə kədərini belə ifadə edir: “Yəhya Kamal bir az da gəncliyim idi. Böyük şair, ustad! Teleqram vurmaq istədim. Kimə? Nə qəribə vəziyyətdi, gör necə haldayam, Yəhya Kamalın ölümünün mənə yaşatdığı kədəri xalqımız bildirmək üçün teleqram vurmağa heç bir adresim yoxdur”.

İndi bu məzarı ziyarət edib oradan aralanarkən bu ünvan sadəcə mənə bir şair məzarı olmaqdan başqa, həm də teleqram göndərməyə ünvanı olmayan ağrılı, nisgilli bir şairin adres nisgilinin heç zaman itməyəcək yeri kimi görünür...

Turqut Uyarın məzarı


Turqur Uyarın məzarına gəlib yetişmişik, daha ziyarətimiz tamamlanmaq üzrədir. Bu, bizim ziyarət etdiyimiz yeddinci məzardır. Düzü, daha taqətimiz tükənib. Qəbirlər bir-birində o qədər aralıdadır ki, gəzməkdən, yuxarı-aşağı çıxmaqdan ayaqlarımıza “su yığılıb”.

Turqut Uyarın “Həyatımdakı ilklər” adlı gözəl bir yazısı var, ilk dəfə məktəbə getməsi, ilk şeirini yazması, ilk kitabının çapı və sair haqqında olduqca maraqlı essedir. Həmin yaxının bitəcəyində xüsusi olaraq vurğulayır ki: “İlklərin içində həmişə gizli bir hüzn, axırında da kədər var, deyəsən. İndi bilmirəm, görək, ilk dəfə haçan ölərəm”. Yəni bütün ilklər xatirəyə çevrilir, ölümün ilki isə hər şeyi xatirəyə döndərir. Əslində, biz indi həmin xatirəmin, Turqut Uyarla bağlı hər şeyi keçmişə çevirmiş ölüm xatirəsinin ziyarətindəyik.
Turqut Uyar ölüm haqqında hər zaman düşünüb, müsahibələrinin birində bu barədə yaşının diqtəsiylə geniş danışıb: “İnsan 20 yaşında ölüm haqqında rahatca şeir qələmə alır, amma 50 yaşında yaza bilmir. Əlbəttə, burada həqiqət olmamış deyil. Çünki insan 50 yaşında ölümü həqiqət kimi qəbul edir. Bu, yəni ölüm 20 yaşın fantaziyası olmaqdan çıxır. Daha ölüm haqqında yazmaq şair üçün qorxu yox, ona qarşı hörmət göstəricisi olur”.

Həqiqətən də, Türkiyə ədəbiyyatında ölüm haqqında yazan ən usta qələmlərdən biri idi Turqut Uyar və sıra-sıra şeirində öz sonu, aqibəti barədə də misralar doğurub və axır gününün təsvirlərini gerçək boyalarla süsləyib:

Ölüm bir xatirə kimdir insançün
Gah xatırlanır, gah unudulur,
Fəqət nəhayət bir gün
Gözlə görülür, əllə tutulur.

İndi daşdan çıxardığım çörəklə
Qaynar şorbanmızı içirik, isti – sıcak
Fəqət sabah kim deyə bilər ki, Turqut
xatirə olmayacaq?

Turqut Uyar yəni “şair xəstəliyindən” – serrozdan dünyasını dəyişib. Və məzarı elə bir yerdədir ki, ora baxanda adamın yadına hər şeydən əvvəl elə balıq və rakı düşür. Bir də rakıya məzə mahnılar. Bu məzar isə sadəcə məzar deyil, şairin dillər əzbəri olan ifadəsi ilə desək: “göyə baxma dayanacağı”dır. Şair burada dayanıb başının üstündən buludlar belədən-belə, elədən-elə axıb gedir, qürbət ellərdən gələn buludlar məzarına yağışlar ələyir, amma onun axır ünvanı dəyişməz qalır, göyə baxma dayanacağı öz yerindədir. Ölüm həyatdan fərqli olaraq şairə sabitqədəmlik öyrədir…

Son…

Beləcə dostum Rəvan Cavidlə “Aşiyan”dan ayrılırıq. Şairləri rəhmətlə anıb, ehtiramla yad edib yollanırıq dərdlərimizin dalınca. Şeirlərini sevərək oxuduğumuz, mənəvi varlığımızı zənginləşdirən şairlərin məzarlarını görəndən sonra sanki adam onları və onlarla bağlı dünyanı bir az da yaxşı tanıyır. Elə bil, onlar da bu ziyarətdən sonra bizi də tanımış olurlar. Doğmalıq iki tərəfin bir-birini tanımağa başlamasından yaranır.

Araşdırmaçı yazar Orxan Bayrağın “Ölüm və məzar şeirləri” adlı antologiya hazırlayıb, həmin topluda 454 şeir yer alıb. Hər biri insanı ağrıdan və fani dünyanın nəfəsini həmin poetic nümunələri oxuyanlara hiss etdirən şeirlərdir. Ancaq onlardan biri xüsusi olaraq adamın ürəyini ovur. Rəssam, şair Muammer Heperin “Ağla” adlı şeiri. Şeirin ilk bəndinin sonu belə tamamlanır:

Bu insaf-mürvətsiz zamandan ayrıl,
Məzarlığa baxıb cahana ağla.

Yəni nə qədər bu dünyadasan, sağsan ölənlərə bax və cahanın halına acı, düşün ki, bu dünyadan kimlər köçüb gedib və sən kimlərsiz qalmısan. Sonrakı bənd isə ölənlərə müraciətlədir və bu dəfə şair onları ağlamağa çağırır:

O yerə gedəndə gözəldən-gözəl
Bu fani həyatda qalana ağla.

Yəni sağlar ölənlər üçün ağlasın ki, onlarsız qalanlar, onlar olmadan ömür edənlər hansı müsibətlərə tablayır, necə ağır həsrətlərə dözməyə məhkum olurlar.

Ona görə də dostum Rəvan və mən Aşiyandakı şairlərin yoxluğuna acıyırıq ki, onlarsız şeirin, sözün üzü əvvəlki qədər gülmür, poetik kəlamlar öz ustalarını itirib. Çox gümanyəqin məzarları haqqında yazdığım yeddi şair də həyatını şeirə bağlayan iki şairə “ağlayırlar”. Ağlayırlar ki, bu dünyada bunca dərdsiz-ələmsiz, qüssəsiz işlər ola-ola, bunlar da könüllərini sözə bağlayıb, mehirlərini şeirə salıblar. Kim bilir…

"Qobustan" jurnalı

Избранный
532
tehsil.biz

1Источники