RU

"Dünənki gün sanki Azərbaycanımızın bütövləşdiyi bir gün idi"

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Azərbaycanın dövlət bayrağını ucaldıb.

Dövlət başçımız Xankəndidən Azərbaycan xalqına müraciət də edib.

Ölkə başçısının tarixi səfəri və çıxışı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov dedi ki, ötən gün bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları çox qürurlu, sevincli bir gün yaşadı:

"Nəhayət ki, cənab prezidentimiz, qalib Ali Baş Komandanımız bayrağımızı doğma yerlərimizdə ucaltdı. Xankəndidə, Xocalıda, Ağdərədə, Suqovuşanda, Xocavənddə və Malbəyliyədə, Kərkicahanda səfərdə oldu. Dünənki gün sanki Azərbaycanımızın bütövləşdiyi bir gün idi. Hamımız fəxr edirik, sevinirik və qürur duyuruq. Cənab prezidentimiz Xankəndidən xalqa müraciət etdi, bir neçə tarixi faktlara nəzər saldı. Eyni zamanda prezidentimiz dedi ki, "mən 2003-cü ildə prezident seçiləndə Azərbaycan xalqına və özümə söz vermişdim ki, bütün torpaqlarımızı işğaldan azad edəcəm". Cənab prezidentimiz həmişə olduğu kimi yenə də bu vədinə də sadiq qaldı, verdiyi sözü yerinə yetirdi. Bu gün bütöv Azərbaycanımız artıq işğalçılardan, cinayətkarlardan, terrorçulardan və separatçılardan təmizlənib və cənab prezidentimiz bütün dünyaya mesaj verdi ki, biz haqqı, ədaləti, bütövlüyümüzü bərpa etmişik".

Deputat qeyd etdi ki, Xankəndidə dövlət başçımızın bayraq qaldırdığı həmin bina vaxtilə Vilayət Partiya Komitəsinin binası olub.

"Orada bu illər ərzində çox sayda cinayətkarlar oturub. Onların bir hissəsi Bakıdadır, burada təcridxanalarda oturublar. Təlxəklərdən biri deyirdi ki, siz bayrağınızı burada səfirlik açıb dalğalandıra bilərsiz. İndi baxın, bayrağımız hər yerdə dalğalanır, gerbimiz də həmin binanın üstündədir. Təlxəklər də ya Bakıda təcridxanadadır, ya da çox hissəsi dovşan kimi, tülkü kimi qaçıb orada-burada gizlənir, ağzına gələni çərənləyirlər. Bu bir qələbə bayramı idi ki, 30 ildən artıq müddətdə cinayətkarların, separatçıların, işğalçıların yuvasına çevrilmiş Xankəndi artıq Azərbaycanın nəzarətindədir, Xankəndinin mərkəzində Azərbaycan bayrağı dalğalanır və əbədi dalğalanacaq.  Biz hər birimiz bununla sevinirik, qürur duyuruq, fəxr edirik. Cənab prezidentimiz bu prezidentliyi dövründə Azərbaycanın üzərində olan ləkə kimi məğlub sözünü qalib sözü ilə əvəz edən prezident oldu. Qalib millətin nümayəndələriyik, bununla fəxr edirik. Azərbaycan xalqına eşq olsun! Azərbaycan ordusuna, əsgərinə eşq olsun! Ali Baş Komandanımıza, cənab prezidentimizə eşq olsun və müstəqilliyimiz əbədi olsun", - deyə E.Məmmədov yekunlaşdırdı.

Humay İSGƏNDƏRLİ

Избранный
249
2
redaktor.az

4Источники