Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı” adlı veriliş efirə gedib.
“Report” xəbər verir ki, verilişdə Ermənistan SSR hakimiyyəti və silahlı millətçi qrupları Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı planlı soyqırım üçün 1988-cdi ildə hərəkətə keçməsindən, hər bölgədə amansız hücumlar, qətliamlar və talanlar törətməsindən, eləcə də erməni jurnalist Mane Papyanın araşdırmasında bütün bunların ermənilər tərəfindən Sumqayıtda baş verən toqquşmalardan xeyli əvvəl planlaşdırıldığından bəhs olunur.
Verilişdə Böyük Qarakilsə, ermənilərin Quqark, Hamamlı, ermənilərin Spitak adlandırdığı rayonlarda və Kirovakan şəhərində Sumqayıt təxribatından xeyli əvvəl mütəşəkkil şəkildə planlaşdılırılan qətliam, talan və cinayətlər jurnalistin araşdırması və o hadisələrin iştirakçısı, təşkilatçıların dili ilə təqdim olunur.
Bildirilir ki, Böyük Qarakilsənin o vaxtkı prokuroru Qriqori Şahverdyanın şəxsi arxivində saxlanılan sənədlərdə bütün faktlar qeyd olunur:
“Belə ki, 1988-ci ildə Quqark rayonunda təxribat aktı törədilib, mart-noyabr aylarında 624 azərbaycanlı işdən çıxarılıb. 1989-cu il iyulun 10-a aid “Kirovakanda millətlərarası cinayətlər” adlı sənəddə 42 cinayət hadisəsi qeyd olunub. 1988-ci ilin mart ayından etibarən azərbaycanlıların evlərinə basqınlar, döyülmə və quldurluq halları qeydə alınıb. Azərbaycanlılar təkcə evdə deyil, işdə də narahat idi. Həmkarları tərəfindən döyülmə halları, o cümlədən səbəbsiz işdən çıxarılma, bazarda azərbaycanlı satıcıların döyülməsi və s. hallar olub. 1989-cu ildə Quqark rayonunun bir çox azərbaycanlıları öz mənzillərini satmaq, zəlzələdə itirilmiş mənzillərə görə kompensasiya almaq üçün geri qayıtdılar. Amma bütün sövdələşmələr bitdikdən sonra onların hamısı keçmiş vətənlərini tərk edirlər”.
Sonda vurğulanır ki, erməni jurnalist şahidlərin və iştirakçı, təşkilatçıların dili ilə Pəmbək mahalına aid indi Quqark, Spitak və Vanadzor adlanan ərazilərdə, kənd, qəsəbələrdə törədilən amansız qırğınlar, talanların üstünü açıb, gerçəyi üç dildə çatdırıb: “Ermənistan hakimiyyətinin 30 ildən çox gizlədilən faciələrin miqyası və sübutları təqdim olunub. Bu, həm də ermənilərin uydurduqları, bircə sübutu olmayan Sumqayıt, Gəncə və Bakı olaylarından xeyli əvvəl planlı irticanın sübutudur”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş aprelin 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.