Bakı, 20 aprel, AZƏRTAC
ABŞ Senatı terrorizmdə şübhəli bilinən xarici ölkə vətəndaşlarının telefon danışıqlarının dinlənilməsi və elektron yazışmalarının oxunması proqramının uzadılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın xarici kəşfiyyata nəzarət qanununun 702-ci maddəsinin uzadılmasını nəzərdə tutan layihə Konqresin yuxarı palatasında lazım olan 60 səsi toplayıb. Sənəd imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcək. Beləliklə, fəaliyyət müddəti aprelin 20-də başa çatan proqram 2026-cı ilədək uzadılacaq.
Qeyd edək ki, xarici kəşfiyyata nəzarəti aktına 2008-ci ildə edilən düzəliş kəşfiyyat orqanlarına məhkəmənin icazəsi olmadan ABŞ-dan kənarda yaşayan, lakin Amerika peyk kanallarından, rabitə mərkəzlərindən və ya internet serverlərindən istifadə edən xarici vətəndaşların telefon danışıqlarını dinləmək və elektron yazışmaları oxumaq hüququ verir.