Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, günün ikinci matçında \"Zirə\" \"Neftçi\"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. \"Qartallar\"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. \"Ağ-qaralar\"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 49-a çatdıran \"Zirə\" ikinci pilləyə yüksəlib. \"Neftçi\" isə dördüncü sıraya enib.
Qeyd edək ki, günün ilk matçında \"Qarabağ\" \"Qəbələ\" ilə heç-heçə edib - 2:2. Ötən gün \"Sumqayıt\" səfərdə \"Turan Tovuz\"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.