Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixi köklərə malikdir və hər iki dövlət başçılarının siyasi iradəsi ilə bu əlaqələr daim gücləndirilməkdədir. Heydər Əliyev və Vladimir Putin arasında qoyulan dostluq və mehriban qonşuluq əlaqələrinin əsasları sonrakı illərdə İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmişdir. 2022-ci ilin fevral ayında Moskvada Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən imzalanan müttəfiqlik haqqında Bəyannamə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsini təmin etmişdir.
Azərbaycan və Rusiya arasındakı əlaqələrin inkişafı özünü statistik göstəricilərdə də göstərir. İki ölkə ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 2022-ci ildə 4,5 milyard ABŞ dollarına çatıb. Bu artımın əsas səbəbi ölkələrimiz arasındakı yük daşımalarının həcmi və ticarət axınının şaxələndirilməsi ilə bağlıdır. Rusiya-Azərbaycan iqtisadi münasibətləri xüsusilə sənaye kooperasiyası sahəsində yeni layihələrin reallaşdırılması ilə daha da genişlənməkdədir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 1400-dən çox Rusiya kapitallı müəssisə mövcuddur ki, bunların da 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və Rusiya arasında mühüm bir infrastruktur layihəsidir. Bu layihə yük daşımalarının təhlükəsizliyini artıraraq, həmçinin regional ticarəti stimullaşdırır. Azərbaycan ərazisində Azərbaycan-Rusiya və Azərbaycan-İran sərhədlərini birləşdirən dəmir yolu xətti həmçinin bu nəqliyyat dəhlizinin əhəmiyyətli bir hissəsidir.
Azərbaycan və Rusiya arasında mədəni və təhsil əlaqələri də güclüdür. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir və 16 min Azərbaycan vətəndaşı bu məktəblərdə təhsil alır. Orta məktəblərdə də rus dili təhsilinə geniş yer verilmişdir.
Azərbaycan və Rusiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və ikitərəfli görüşlər mütəmadi olaraq keçirilir. Bu görüşlər, hər iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrini daha da gücləndirir. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsi üçün 2024-2026-cı illər üzrə Yol Xəritəsi imzalanıb, bu da ikitərəfli əməkdaşlığın inkişafına yeni bir impuls verəcək.
Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq hər iki ölkənin regional və qlobal səviyyədə mövqelərini gücləndirməkdə mühüm rol oynamışdır. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi, qarşılıqlı iqtisadi, siyasi və təhlükəsizlik məsələlərində daha böyük uğurlar gətirəcək və regionda sabitliyin qorunmasına töhfə verəcəkdir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı