RU

Səfər rezonans doğurdu: xəbərdarlıq, yoxsa xahiş görüşü? – Yeni tələblər

ABŞ dövlət katibi Entoni Blinkenin Çinə üç günlük səfəri başlayır. O, səfər çərçivəsində Şanxay və Pekində yüksək səviyyəli Çin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Ölkə.Az xəbər verir ki, ABŞ Dövlət Katibi Entoni Blinkenin bir ildən az müddətdə Çinə ikinci səfəri beynəlxalq aləmdə də çox diqqətlə izlənməklə yanaşı, ciddi rezonansa səbəb olub. Dünya ölkələri Blinkenin Pekinə Ağ Evin hansı xəbərdarlığını çatdıracağını və görüşlərin necə yekunlaşacağını səbrsizliklə gözləyirlər. 

Dövlət departamentinin veridiyi xəbərə görə, Blinken Şanxay və Pekində yüksək səviyyəli Çin rəsmiləri ilə keçirəcəyi görüşdə ikitərəfli, regional və qlobal məsələlərin geniş spektrini, o cümlədən Yaxın Şərqdəki böhran, Ukrayna münaqişəsi, Tayvan boğazında və Cənubi Çin dənizində vəziyyəti müzakirə edəcək. Bu görüşlərdə Blinken Ağ Evin narahatlığını aydın və açıq şəkildə Çin rəhbərliyinin diqqətinə çatdıracaq.

"Financial Times"ın yazdığına görə, Blinken Pekini Rusiya Silahlı Qüvvələrinə texnoloji dəstək verməkdən çəkindirmək niyyətindədir.

Blinken Çinə səfəröncəsi məsələ ilə bağlı deyib: “Əgər Çin Avropa və digər ölkələrlə yaxşı münasibətlərə can atırsa, o zaman Soyuq Müharibədən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdid olanı alovlandıra bilməz”.

Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Blinkenin Çinə gözlənilən səfəri ilə bağlı jurnalistlərə verdiyi brifinqdə narahatlığını ifadə edib ki, Çinin dəstəyi sayəsində Rusiya müdafiə sənayesi bazasını böyük ölçüdə yenidən qurdu və bu, döyüş meydanından kənarda Ukraynaya da təsir göstərir, eyni zamanda, fikrimizcə, bütövlükdə Avropanın təhlükəsizliyinə böyük təhlükə yaradır”. Onun sözlərinə görə, Pekində və Şanxayda danışıqlar zamanı Amerika nümayəndə heyəti Çini Rusiyaya dəstəyi azaltmağa məcbur etmək niyyətini açıqlayacaq.

Dövlət Departamentindən o da bildirilib ki, Vaşinqton lazım gələrsə, həm Ukraynada, həm də Avropada maraqlarına zidd hərəkətlər edən və təhlükəsizliyi ciddi şəkildə pozan firmalara qarşı tədbir görməyə hazırdır.

“Wall Street Journal” aprelin 23-də yazıb ki, Pekin xəbərdarlıqlara məhəl qoymayacağı təqdirdə ABŞ artıq bir sıra Çin banklarını qlobal maliyyə sistemindən kəsəcək sanksiyalar hazırlayır.

Ötən həftə “İzvestiya” və “Kommersant” nəşrləri Çin banklarının Rusiya ödənişlərini, o cümlədən elektronikanın yığılmasında komponentlərin tədarükü üçün ödənişləri qəbul etməyi dayandırdıqlarını bildiriblər.

Bundan əlavə, Blinken çinli həmkarları ilə Yaxın Şərqdə davam edən böhranı, xüsusilə də İsrail və İran arasında son hücum mübadiləsini müzakirə etməyi planlaşdırır. 

"Associated Press" yazır ki, Blinken Pekindən İsrail və HƏMAS arasındakı müharibənin region miqyasında münaqişəyə çevrilməsinin qarşısını almaq üçün İran üzərində olan istənilən təsir imkanlarından istifadə etməyi xahiş edəcək.

Mürtəza
Ölkə.Az

Избранный
169
50
olke.az

10Источники