Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, bir sıra dövlət və hökumət nümayəndələri, müxtəlif ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Arbitraj Assosiasiyasının sədri Kəmalə Mehdiyeva Azərbaycanda “Arbitraj haqqında” Qanunun qəbul edildiyini xatırladaraq deyib: “Azərbaycanda arbitraj bütün tərəflərin iştirakı ilə inkişaf edəcək və ölkəmiz beynəlxalq və yerli arbitraja şərait yaradan məkana çevriləcək. Həmçinin Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək. Çünki ictimai sektor da münaqişələrin həllinin sülh yolu ilə həyata keçirilməsinə həmrəyliyini bildirir. Bütün bunlar ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək”.
Çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sözlərinə görə, sahibkarlıq iqtisadi inkişafın təməl daşı kimi dayanıqlı iqtisadi sistemin qurulmasına və iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, həm də sosial rifahın yüksəldilməsində mühüm rol oynayır: “Ona görə də bu fəaliyyətin dəstəklənməsi və sahibkarlığın inkişafı dövlətimizin hər zaman əsas hədəflərindən biridir. Bununla yanaşı, kommersiya məhkəmələrinin yaradılması sahibkarlıq fəaliyyətilə bağlı mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi və nəticədə ölkəmizdə biznes və investisiya iqliminin daha da yaxşılaşdırılması istiqamətində önəmli mərhələ olub”.
İ.Kərimov bildirib ki, Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alan aparıcı qüvvə kimi digər dövlət orqanları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübəni öyrənib və təhlil edib. Nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə hakimiyyətinin institusional potensialının gücləndirilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bir çox normativ hüquqi aktlar qəbul olunub: “Təbii ki, bütün bunlar ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi, məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərməkdədir.
Ötən il Azərbaycanda “Arbitraj haqqında” Qanunun qəbul edilməsi ilə arbitraj institutunun inkişafı istiqamətində irəliyə doğru addım atılıb. Yeni Qanun Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb. Bu isə o deməkdir ki, burada sınaqdan keçmiş işlək beynəlxalq təcrübə nəzərə alınıb. Bununla da ölkəmizdə ilk dəfə olaraq qanunvericiliklə həm beynəlxalq, həm də daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlər tənzimlənəcək. Qanun, həmçinin arbitrajın yaradılması və tənzimlənməsi ilə bağlı mühüm aspektləri əhatə edir və nəticədə mübahisələrin alternativ həlli sahəsində, xüsusən də biznes dairələri üçün yeni imkanlar açır. Yerli məhkəmələr olaraq, arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının, eyni zamanda, arbitraj qərarlarının tanınması və icra edilməsi kimi qanunvericiliklə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə davam edəcəyik. Bu baxımdan yerli məhkəmələr Azərbaycanda arbitraj institutunun uğurlu olması üçün bütün lazımi dəstəyi verəcək. Yeni arbitraj institutu nəinki məhkəmə sisteminin iş yükünün azaldılmasına, həm də sahibkarlara mübahisələrin həlli istiqamətində ən uyğun məkanı seçmək imkanları da yaradacaq. Əminliklə deyə bilərəm ki, mübahisələrin alternativ həlli sahəsində aparılan hərtərəfli islahatlar ölkəmizdə güclü və etibarlı arbitraj institutunun yaradılmasına önəmli töhfə verəcək, hətta bəlkə də bu institut bütün region üçün nümunə olacaq”.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və məhkəmə-hüquq sahələrində də ardıcıl islahatların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. M.Musayev bildirib ki, bunların məntiqi nəticəsi olaraq Azərbaycanda dayanıqlı və sabit iqtisadi sistem formalaşmaqdadır: “Ölkəmizdə “Arbitraj haqqında” Qanunun və effektiv arbitraj institutunun yaradılması da bu islahatların məntiqi davamıdır. Belə ki, məhz arbitraj təsisat olaraq həm məhkəmələrin iş yükünün azaldılmasına xidmət edir, həm də sahibkarlara, investorlara mübahisələrin həlli ilə bağlı əlavə imkanlar açır. Dünya təcrübəsi göstərir ki, müstəqil və effektiv arbitraj məhkəməsinin biznes mühitinin əlverişliliyinin artırılmasına, xarici investorların cəlb edilməsinə və özəl sektorun iqtisadi inkişafda rolunun gücləndirilməsinə birbaşa təsiri var. Arbitraj məhkəməsi və bu çərçivədə hüquqi icraat ölkənin hüquq sisteminin inkişafına, insanların hüquq mədəniyyətinin yüksəlməsinə də təsir göstərir. Məhz bu səbəbdən, ölkəmizdə “Arbitraj haqqında” Qanunun qəbul edilməsi irəliyə doğru atılmış bir addım kimi bütün ölkə ictimaiyyəti, o cümlədən sahibkarlar tərəfindən dəstəklənib”.
Beynəlxalq Ticarət Palatasının Arbitraj Məhkəməsinin keçmiş sədri Aleksis Mourre çıxışında hazırda iqlim dəyişmələrinin dünyanı narahat edən əsas məsələlərdən biri olduğunu və bununla bağlı mübahisələrin sayının artdığını diqqətə çatdırıb: “İqlim dəyişmələrinə təkan verən səbəbləri və mənfi nəticələri aradan qaldırmaq üçün əksər ölkələr BMT-nin iqlim dəyişmələri ilə bağlı Konvensiyasını ratifikasiya edib və Paris Sazişinə qoşularaq üzərilərinə öhdəliklər götürüblər. Bununla da dövlətlər iqlim dəyişmələrinə töhfə vermiş olacaqlar. Bundan başqa, ölkələr tərəfindən iqlim dəyişmələri ilə bağlı milli tədbirlər planı qəbul edilməkdədir. Bu, beynəlxalq qanuna uyğundur. Buna baxmayaraq, iqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı artmaqdadır”.
Onun sözlərinə görə, dünyada bu istiqamətdə beynəlxalq mübahisələrin sayı getdikcə artacaq.
Tədbir panel müzakirələrlə davam edib.
“Azərbaycan Arbitraj Günləri” tədbiri aprelin 26-da yekunlaşacaq.