Qərbdəki bəzi təşkilatlar və siyasətçilər Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu iddia edirlər. Bakı bu statistika ilə razıdırmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur.
Onun sözlərinə görə, bu, Azərbaycana təzyiq göstərmək üçün antiazərbaycan dairələrinin əlində bir alətdir:
Elman Nəsirov
“Bəzi xarici təşkilatlar və Qərb siyasətçiləri Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğunu yalandan iddia edirlər. Bu, dezinformasiyadır, həqiqətin təhrif edilməsidir. Ümumiyyətlə, Azərbaycanda siyasi məhbusun varlığından danışanlar zəhmət çəkib, “siyasi məhbus nədir?” sualına bir cavab tapsınlar, onun tərifini versinlər. Təəssüf ki, “siyasi məhbus” anlayışının kimə şamil edilməsini, onun mahiyyətini, fəlsəfəsini açan və dünya tərəfindən qəbul edilən hər hansı tərif yoxdur. O ki, qaldı antiazərbaycan dairələrinin siyasi məhbusla bağlı iddialarına – Azərbaycanda siyasi məhbus ola bilməz. Bu, mümkün deyil”.
Deputat deyib ki, Azərbaycan demokratik, inkişaf yolunu seçmiş dövlət olduğu üçün siyasi məhbusun olması mümkünsüzdür:
“Biz hüquqi dövlət qururuq və bu səbəbdən də bizdə siyasi məhbusun olması faktı mümkün deyil. Bilirsiniz, cinayət yolunu seçmiş insanlar var və onlar hiss edəndə ki, tutduqları cinayət yolu artıq onların azadlıqdan məhrum edilməsinə gətirib çıxara bilər, o zaman iqtidar əleyhinə daha kəskin bəyanatlarla çıxış edirlər. Səbəb isə sabah onlar əsl cinayət faktoruna görə həbs ediləndə desinlər ki, “mən cinayət törətməmişəm, filan siyasi bəyanatıma görə həbs edilmişəm”. Yəni, bu yolla hakimiyyət əleyhinə siyasi bəyanatlar verib, əsl mahiyyətlərini gizlətmək istəyirlər”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin dediklərinə görə, siyasi məhbus termini Avropa Şurası tərəfindən hələ tam və dəqiq olaraq izah edilməyib:
Çingiz Qənizadə
“Kimlərinsə siyasi, ictimai fəaliyyətlə, jurnalist peşəsi ilə məşğul olaraq cinayət törətməsi və bundan sonra həbs edilməsini bəzən Azərbaycana təzyiq vasitəsi kimi siyasiləşdirirlər. Bəzi şəxslərə “Siyasi məhbus” adı verməklə Azərbaycana təzyiq etmək istəyirlər. Ölkədə 300 nəfərdən çox siyasi məhbusun olması absurd olar. Ümumiyyətlə, siyasi məhbus yox, həbslər, məhkəmə və istintaq zamanı prosessual hüquq normalarının pozulması ilə ehtiva edilən müəyyən hallar ola bilər. Belə olan hallarda isə biz hüquq müdafiəçiləri olaraq bu hallara qarşı ölkə daxilində həmişə öz mövqeyimizi ortaya qoyuruq. Buna görə hüquq mühafizə orqanları rəhbərləri ilə görüşlər keçirir, bəzi doğrudan da hüququ pozulan şəxslərin hüququnun bərpasına nail oluruq”.
Ç.Qənizadənin sözlərinə görə, bəzi “siyasətçilər”, işbazlar şişirdilmiş adların siyahısını Avropaya və beynəlxalq təşkilatlara ötürməklə pul qazanırlar:
“Onlar bu yolla öz fəaliyyətlərini sanki qabartmaq və xaricdəki “dayıları”nın, “ağa”larının yanında özlərinin sadiqliyini göstərmək istəyirlər. Oradan verilən komandalar “siyahıların” artırılması və bundan istifadə edərək Azərbaycana təzyiq edilməsi məqsədi güdür. Əfv fərmanı zamanı həm də bizim narahat olduğumuz məhbuslarla bağlı məsələlərə də baxılır. Eyni zamanda ümid etmək istəyirəm ki, may ayında ölkə başçısının verəcəyi fərmanla əlaqədar siyahıda bizim hüquq müdafiə təşkilatlarının da narahat olduğu və diqqətdə saxladığı bəzi məhkumlar azadlığa buraxılacaqlar. Azərbaycanda siyasi məhbus termini adı altında siyahıların xaricə göndərilməsi və xarici təşkilatlar vasitəsilə Azərbaycana təzyiq edilməsi vətənə xidmət deyil, xaricdəki şəxslərə və onları maliyyələşdirənlərə xidmətdir”.
Telegram kanalımız