Rusiya ordusu hücumun tempini aşağı salmağa başlayıb, çünki Toretsk istiqamətində hərəkətə keçmək üçün ehtiyat hazırlayır.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Rusiya aprelin 30-da Avdivdə bir neçə gün ərzində ilk dəfə olaraq heç bir təsdiqlənmiş hücum əməliyyatı keçirməyib. Ruslar Baxmut-Çasiv Yar istiqamətində Avdiv ətrafında olduğundan daha çox hücum əməliyyatları keçirib.
Ukrayna Baş Qərargahı dünən Rusiyanın Baxmut-Çasiv Yar istiqamətində 57 hücum əməliyyatı barədə məlumat verib.
ISW analitikləri deyirlər ki, bu, Rusiya qüvvələrinin Avdiv ətrafında hücumların sürətini bir qədər yavaşlatdığını, həmçinin Çasiv Yar ətrafında əməliyyatları bərpa etdiyini göstərə bilər.
Aprelin 20-dən etibarən Rusiya ordusu Oçeretnı və Novokalinovo ətrafında taktiki üstünlük əldə etməyə daha çox diqqət yetirir. Amma aprelin 30-dan hücumun sürətinin yavaşladığı görünür. Çox güman ki, ruslar Çasiv Yarla yanaşı, Avdivin şimalından Toretsk istiqamətində irəliləməyə qərar verə bilər. Bunun üçün Rusiyaya qüvvələrini hücuma yönəltmək üçün fasilə lazımdır.
Analitiklər qeyd edirlər ki, Çasiv Yar əməliyyat baxımından önəmli nöqtədir, çünki bura Donetsk vilayətinin qalan 4 şəhəri şəhəri üçün qala və körpü rolunu oynayır. Bunlar Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan son şəhərlərdir.
Mayın 1-nə keçən gecə rus qoşunları ballistik raketlərlə Odessanın mərkəzinə hücum edib. Bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib. Hücum nəticəsində biri polis məmuru olmaqla 3 nəfər həlak olub, daha üç nəfər yaralanıb. Şəhərin meri Gennadi Truxanov bildirib ki, raket zərbəsi mülki infrastruktura və yaşayış binalarına ziyan vurub.
Odessada yaşayan Azərbaycan diasporunun fəalı Anar Natiqoğlu bildirib ki, gecə şəhərə daha iki “İsgəndər M” tipli raket atılıb: “Nəticədə yaşayış binalarına zərər dəyib. Odessa hərbi administrasiyanın rəhbəri Kiperin verdiyi məlumata görə, 3 nəfər - 22 yaşlı polis işçisi və daha iki gənc sığınacağa gedərkən “şrapnel” qəlpələrinin baş və ürək nahiyəsinə dəyməsi nəticəsində həlak olub, daha 3 nəfər isə yaralanıb. Son günlər rus ordusu daha çox insan tələfatına nail olmaq üçün xüsusi hazırlanmış ballistik raketlərdən istifadə edir”.
O bildirib ki, “şrapnel” çoxsaylı qəlpələrə səbəb olan yumru formalı xüsusi partlayıcılardır.
Rusiya Müdafiə Nazirliyi Odessadakı hücumu şərh etməyib.
Aprelin 29-da Ukrayna hakimiyyət orqanları Rusiyanın ballistik raket hücumu həyata keçirdiyini, ehtimal ki, kasetli sursatların atıldığını açıqlayıb. Nəticədə 5 yerli sakin həlak olub, 32 nəfər yaralanıb, onlardan 25-i xəstəxanaya yerləşdirilib, qalanlarına yerindəcə tibbi yardım göstərilib. Yaşayış binalarına və mülki infrastruktura ziyan dəyib. Odessa Hüquq Akademiyasının Tələbələr Sarayında isə yanğın baş verib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Fuad Çıraqovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.