Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov qeyd edib ki, Türk Dünyası Mediatorlar Birliyinin təcrübə mübadiləsi proqramı çərçivəsində 200 mediator ilk olaraq Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək.
AZXEBER.COM xəbər verir ki, qeyd edilən təcrübə proqramı qarşılıqlı olaraq Azərbaycanda da həyata keçiriləcək. Belə ki, Türkiyə Cümhuriyyətindən 200 mediator Azərbaycanda təcrübə mübadiləsi proqramına gələcək.
5 gün müddətində və 4 nəfərlik qruplarla planlaşdırılan proqram Türk Dünyası Mediatorlar Birliyinin dəstəyi ilə həyata keçiriləcək. Eyni mexanizm digər türkdilli dövlətlərlə də mərhələli şəkildə həyata keçiriləcək. Nadir Adilov proqramın mediasiyanın inkişafı, qarşılıqlı əlaqələr, eyni zamanda inteqrasiyada mühüm rol oynayacağını diqqətə çatdırıb. O, daha sonra qeyd edib ki, proqramın əhatə dairəsi yaxın gələcəkdə təkcə türkdilli dövlətləri deyil, beynəlxalq mediasiya təcrübəsinin öyrənilməsi çərçivəsində digər ölkələri də əhatə edəcək.