Rəşad Bayramov: “Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Cənubi Qafqazı asanlıqla, yəni döyüşsüz təslim etməyəcək”
Məlum olduğu kimi, bugünlərdə Paşinyamın Rusiyaya səfəri reallaşdı. Ermənistan mediası iddia edir ki, Putin və Paşinyan öz aralarında bir sıra məsələlərdə razılığa gəliblər. Onlardan biri Rusiya qoşunlarının yenidən dislokasiya olunması ilə bağlıdır. Ermənistanın hakimiyyətyönlü mediası bunu “Paşinyanın böyük qələbəsi” kimi tirajlayıb.
İddia olunur ki, Ermənistanın baş naziri Paşinyanla Rusiya prezidenti Putin arasında aparılan danışıqlar nəticəsində Rusiya sərhədçilərinin bundan sonra Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub.
Bundan əlavə, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri bir sıra yaşayış məntəqələrindəki (Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuş) postları tərk edəcəklər.
Çox maraqlı proseslər baş verir. Sanki Rusiya Cənubi Qafqazdakı maraqlarını bir-bir güzəştə gedir. Qarabağdan sülhməramlılarını çıxarandan sonra Ermənistanda da sərhədçilərlə bağlı geriyə addımlar atdı. Maraqlıdır, bundan sonrakı Rusiya-Ermənistan münasibıtləri hansı məcrada davam edəcək və Moskvanın Cənubi Qafqazla bağlı siyasi konturları nədən ibarət olacaq?
Siyasi şərhçi Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əldə olunan bəzi razılaşmalar ölkələr arasındakı münasibətlərin düzəldiyinə dəlalət etmir: “Ermənistana Rusiyanın təzyiqləri bir qədər də arta bilər. Rusiyanın əlində hələ də Ermənistana iqtisati təsir və təzyiq alətləri var. Siyasi və hərbi təzyiq alətlərini Rusiya işlətsə də, təsiri olmadı. Amma iqtisadi alətləri təzyiq olaraq istifadə etməklə Paşinyana daha ciddi təsir göstərə bilirlər. Ona görə də Paşinyan elan etdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcək.
Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin hər halda, mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışıb. Hərçənd, inandıra bilməsə, Rusiyanın Ermənistana qarşı ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir”.
Ekspertin sözlərinə görə, Moskvanın açıqladığı rəsmi mövqe isə belədir ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya qoşunlarının bir sıra regionlardan çıxarılması ilə bağlı razılığa gəlib:
“İrəvan Moskvadan İran və Türkiyə ilə sərhəddə sərhədçilərini saxlamağı xahiş edib. Peskov deyib ki, 2020-ci ilin payızında Ermənistan tərəfinin xahişi ilə rus hərbçiləri və sərhədçiləri Ermənistanın bir sıra rayonlarında yerləşdirilib. Paşinyan deyib ki, bu gün dəyişmiş şərtlərə görə artıq belə bir ehtiyac yoxdur, ona görə də prezident Putin razılaşıb və hərbçilərin sərhəddən çıxarılması ilə bağlı icazə verib.
Bu, heç də Rusiyanın Ermənistandakı mövqeyinin tam itirilməsi anlamına gəlmir.
İrəvan Rusiyanı Qərbə dəyişməyə hazır olduğunu artıq təkcə sözdə yox, praktiki əməldə də nümayiş etdirir. Bir tərəfdə Azərbaycanda mövcud olan Rusiya hərbi kontingenti ölkəmizdən çıxarılarkən, başqa bir tərəfdə - Ermənistanda da Rusiya tədricən sıxışdırılır. Bu proses davamlı olaraq inkişaf edir. Bu, perspektivdə Rusiyanın Ermənistanda qalma potensialını azaldır. Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılması təhlükəsi ilə üzləşən Rusiya Gürcüstanı yenidən öz caynağına keçirməklə, özünün geosiyasi planlarını həyata keçirmək istəyir. Buna görə, Kreml Qərbi Cənubi Qafqaz uğrunda savaşda məğlubiyyətə uğratmaq niyyətindədir. Bu, yalnız Gürcüstanda qanunun qəbulu məsələsi deyil, həm də Qərb-Rusiya qarşıdurması kimi dəyərləndirilməlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Cənubi Qafqazı asanlıqla, yəni döyüşsüz təslim etməyəcək”.
Məhəmmədəli QƏRİBLİ