“İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq. Çünki kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər, amma etirazların lideri və simvolu olan “keşiş Qaponun”, Qalstanyanın dünən gedib Köçəryanla görüşməsindən, “Qarabağ klanı”nın bu aksiyanın əsas sponsoru olduğunun ortalığa çıxmasından sonra bu hərəkatın 2-3 günə sönəcəyini artıq indidən söyləmək mümkündür”.
KAİM.AZ xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.
“Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir, yeni siyasi-fəlsəfi diskurs açır (xəyali Ermənistandan real Ermənistana keçid), sülhdən, əməkdaşlıqdan danışır. Qarabağ klanı, kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər – orta statistik ermənini bu mövzular ilə cəlb etmək mümkün deyil, özü də prosesdə “Qarabağ klanı” varsa, heç mümkün deyil.
Orta statistik erməni anlayır ki, indi zəifdirlər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir. İqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur – yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir.
İrəvanın baş meydanında 20-25 min adam yığışdı, bu, son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi, amma bu gün və sabah artıq o qədər insan yığışacağını düşünmürəm. Əgər məlum olsa ki, dünən meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən mən təəccüblənmərəm, bu gün İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır”, – deyə Natiq Cəfərli bildirib.
Qeyd edək ki, mayın 9-da arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb. İstefa tələbi cavabsız qalıb, bundan sonra Qalstanyan parlamentin müxalifət fraksiyalarının dəstəyi ilə itaətsizlik aksiyalarının və impiçment prosesinin başladığını elan edib.
Xatırladaq ki, aprelin 19-da dövlət komissiyalarının səkkizinci iclasından sonra Ermənistan və Azərbaycanın Tavuş bölgəsindən delimitasiyaya başlamaq barədə razılığa görə Bakı və İrəvan arasında aprel ayında əldə olunmuş razılaşmaya əsasən tərəflər sərhədin demarkasiyasına başlayıblar.
Bu prosesin gedişində rəsmən Azərbaycana aid 4 kəndin Bakının nəzarətinə verilməsi gerçəkləşdirilməlidir. Bu kəndlər 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.
Lakin Tavuş rayonunda qaytarılacaq kəndlərin qonşuluğundakı yaşayış məntəqələrinin bəzi sakinləri demarkasiyaya etiraz edirlər.
Sərhəd razılaşması habelə ABŞ və Avropa İttifaqı tərəfindən alqışlanıb.