RU

Etibarın və etimadın tək ünvanı – Azərbaycan!

Artıq uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, mürəkkəb proseslərin müzakirə olunduğu məkan kimi tanınır. Bugünümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyi etməsidir. Tarixən neft ölkəsi kimi tanınan, illər keçdikcə, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan bununla sübut etdi ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın təmin eilməsində əsas faktordur. Ümummilli Lider Heydər Əliyev bu tezisi irəli sürmüşdü ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını belə xarakterizə etmişdi ki, biz bu addımı atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Bəli, bu gün Azərbaycanın Avropa İttifaqı və quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı göz qabağındadır. Dövlət başçısı İlham Əliyev aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edərək bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır. Dövlət başçımız cənab İlham Əliyevin forumdakı çıxışında qeyd etdiyi kimi, sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil: “Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk.”

Göründüyü kimi, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il noyabr ayında ölkəmizdə keçirilməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Bununla yanaşı bütün dünya ölkələrinin yekdil rəyi ilə qəbul edilmiş bu qərar dünya birliyi tərəfindən Azərbaycana göstərilən böyük hörmət və etimadın növbəti nümayişidir. Və bu sahədəki təcrübə yetərlidir ki, növbəti beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək və COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir. Azərbaycan Prezident İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışıb.Dövlət başçımız xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: «Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir».

COP 29-a hazırlığın aparılması ilə bağlı Prezident İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında da bir daha bildirib ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Dövlətimizin başçısı, həmçinin onu da vurğulayıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Bəli, həm də böyük məsuliyyət!. Çünki tədbir keçirildiyi iki həftə ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək. Məhz bu məsuliyyətin nəticəsidir ki, ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirədə çıxışı zamanı bildirib ki, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək: «Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik».

Dövlətimizin başçısı deyib: «Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək».

«Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq»,-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: «Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi».

Bəli, 2024-cü ildə iki həftə keçirilən belə mötəbər tədbirə-COP29-a ev sahibliyi etmək hüququ qazanması etimad və etibarın təsdiqi olmaqla yanaşı, münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan etimad və etibar ölkəsidir!

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq». Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Избранный
253
50
aznews.az

10Источники