AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, 2025-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olur. Bildirib ki, XX əsrin birinci yarısında AMEA-nın təsis edilməsi Azərbaycan xalqının elmi və ictimai fikir tarixində, ümumən sosial-mədəni tərəqqisində mühüm hadisə olmuş, ölkəmizin inkişafında əhəmiyyətli rol oynamışdır.
Natiq vurğulayıb ki, AMEA 80 illik tarixi ərzində zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi, innovativ elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynamışdır. Həmçinin diqqətə çatdırıb ki, Akademiyanın səksən il müddətində əldə etdiyi uğurlar, mühüm elmi nəticələr, onların istehsalata tətbiqi nəticəsində yaranan sosial-iqtisadi nailiyyətlər, müxtəlif elm sahələrində milli elmi məktəblərin yaranması, yeni elmi nəsillərin yetişdirilib hazırlanması xalqımızın dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsas göstəriciləridir.
"Ötən əsrin ikinci yarısında, xüsusilə də Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Akademiyada mühüm nailiyyətlər əldə edilmişdir. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıdışı nəticəsində Akademiya tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuş bu böyük elmi-təşkilati quruma ona Milli Elmlər Akademiyası statusu verilmişdir. Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsində də Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirməsinin nəticəsidir ki, sonrakı illərdə Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısına mühüm vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci və 2015-ci illərdəki müvafiq sərəncamları ilə AMEA-nın 60 və 70 illik yubileyləri təntənəli şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən yubiley tədbirlərində iştirak etmiş, dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir", - deyə akademik İsa Həbibbəyli bildirib.
Ölkə başçısının "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-da yeni islahatlara start verildiyini deyən akademik İsa Həbibbəyli bu islahatların, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına yönəldiyini vurğulayıb.
Qeyd edib ki, hazırda AMEA-da beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən, türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin daha da gücləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi müəssisələrin strukturunun yenidən qurulması, elektron hərəkatın inkişaf etdirilməsi, müasir dövrün çağırışlarına uyğun olaraq yeni şöbələrin təşkili istiqamətdə çoxşaxəli islahatlar həyata keçirilməkdədir.
"Olduqca əlamətdar bir haldır ki, AMEA-nın 80 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, ölkəmizin regionda və dünyada nüfuzunun yüksəldiyi və öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir dövrə təsadüf edir. Hazırda özünün yeniləşmə dövrünü yaşayan Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının müəyyən etdiyi vəzifələri həyata keçirmək istiqamətində genişmiqyaslı islahatlar apararaq yenidən qurulmaqda və inkişaf etməkdə davam edir", - deyə akademik İsa Həbibbəyli söyləyib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan, elmin inkişafında görkəmli xidmətləri olan Akademiya üzvləri respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında mühüm rol oynayırlar.
AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib.