RU

Ali məktəblərə attestatla qəbul mümkündürmü?

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ola bilsin ki, model dəyişsin".

Maraqlıdır, görəsən ekspertlər bu barədə nə düşünürlər? Ümumiyyətlə, gələcəkdə Azərbaycanın təhsil sistemində bu təcrübədən istifadə oluna bilərmi?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib ki, bu gün ali məktəblərə keçirilən qəbul imtahanları milli maraqlara uyğun deyil: “Mən artıq otuz ildir ki, eyni şeyi deyirəm. Məleykə Abbaszadə ilə görüşəndə, televiziyada təşkil olunan debatlarda demişəm ki, Azərbaycanın indiki durumunda qəbul imtahanına ehtiyac yoxdur. Qəbul imtahanı sovet dövründə vacib idi. Hər 100 uşağın 33-ü ali məktəbə qəbul olurdu, 67-si isə “sovxoz” üçün fəhlə kimi hazırlanırdı. Bütün SSRİ-də 100 nəfərdən 33-ü ali savadlı idi, onlara təyinat verilirdi. Tələbələr təqaüd və yataqxana ilə təmin edilirdi. İndi açıq cəmiyyətdir, dünya ölkələri gənclərin ali təhsilli olmasına çalışır. Bu, cəmiyyətin intellektual səviyyəsinin artmasına səbəb olur. Ancaq qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Administrativ yollarla imtahan keçirib, abituriyentləri bu və ya başqa universitetə yerləşdirmək doğru deyil. Əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Bizim orta məktəbi bitirən şagirdlərin, təqribən, 70 faizi yerli universitetlərə, qalanları isə xarici universitetlərə üz tuturlar. Onlar niyə başqa ölkələrə getsinlər axı? Seçim aparmaq üçün yüngül test, yaxud da müsahibə keçirmək olar. Bunun üçün hay-həşir qoparmağa, imtahan üçün çox sayda sənədlər toplamağa, gərginlik yaşamağa ehtiyac yoxdur. Bütün bunlara son qoymaq lazımdır”.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirir ki, hər ölkənin öz inkişaf mərhələsi və bu mərhələnin də keçid konsepsiyası var: “Mən imtahanlarla bağlı hər hansı bir məsələ gündəmə gətiriləndə dəfələrlə demişəm ki, hər hansı bir ölkənin təcrübəsini olduğu kimi köçürüb bizim təhsil sisteminə tətbiq etməyin qəti əleyhinəyəm. Təcrübəmizdə bu kimi halların heç də az şahidi olmamışıq və bunun bəzi acı nəticələrinə də bələdik. Hər ölkənin öz inkişaf mərhələsi var və bu mərhələnin də keçid konsepsiyası var. Elə ölkə var ki, orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarını birləşdirməklə vahid imtahan keçirmək yolunu seçib, digər bir ölkədə ali məktəblərə qəbul olmaq üçün orta məktəb attestatı kifayət edir. Bir başqa ölkədə isə orta məktəblərin məzunları bir imtahan verərək, həm ali məktəbə daxil olur, həm də orta məktəbi bitirmiş olurlar. Yəni iki imtahanın birləşməsi ilə onların biliyi qiymətləndirilir və istədikləri yerə sənəd verirlər və s.”.

Ekspert xatırladır ki, sovet dönəminin 70 ili ərzində ölkəmizdə yazılı-şifahi imtahanlar olub. Orta məktəblərdə şagirdlər ibtidai sinif başa çatandan sonra 5-6-cı siniflərdə 2 imtahan, 7-8-9-cu siniflərdə 3 imtahan, 10-11-ci siniflərdə 4 imtahan verirdilər: “Bu o demək idi ki, uşaqlar imtahana tədricən alışdırılırdı. Sonra biz aralıq imtahanlarını ləğv edərək, test üsuluna keçdikdə, birdən-birə test üsulunun tətbiqi ilə bağlı 8 fəndən imtahan salındı. O vaxt belə qərara gəlinmişdi ki, testlə qəbulda 350 bal həddi olsun. Bu bal həddi klassik qiymətləndirmə ilə “3” hesab olunurdu. Sonra məlum oldu ki, 350 bal toplayanlar azdır, 150, hətta 100 balla da ali məktəblərə qəbul həyata keçirdik. Testin əhəmiyyəti ondan ibarət idi ki, obyektivliyin təmin olunmasında vasitə hesab edilirdi. Bir çox vətəndaşlarımız tərəfindən müsbət qəbul olunurdu ki, imkansız ailələrin övladları məhz test vasitəsilə ali məktəblərə qəbul olunur. Sonra test tədricən əvvəlki səviyyədən fərqli olaraq mahiyyətini itirməyə başladı. Testlə bağlı fikirlər haçalandı. Məlum oldu ki, testin müsbət tərəfləri kimi mənfilikləri də var. Oxu, yazı vərdişləri kimi keyfiyyətləri üzə çıxarmaqda məhdudiyyətlər yaranır. Ona görə müəyyən dövrdən sonra qapalı testlərə açıq testlər əlavə etdilər. Boloniya prosesinə qoşulduqdan sonra ali məktəblərdə birdən-birə sessiya imtahanları yazılı şəkildə keçirildi. Təsəvvür edin ki, uşaqlar orta məktəbdən testlə gəlir, ali məktəbə testlə qəbul olur, sesssiya imtahanında birdən-birə yazılı tətbiq edilir. Ona görə də bizim bir sıra universitetlərdə tələbələr etiraz edirdi. Ondan sonra məsələ qoyuldu ki, ali məktəblərdə yazılı imtahana keçirilirsə, orta məktəbdə də bu vərdişləri yaratmalıyıq. Ona görə də belə qərara alındı ki, 9-cu sinifdə esse imtahanı keçirilsin. Esse imtahanları da zəif göstəricilərlə nəticələndi. Ona görə də yenidən testi bərpa etdik. Bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyət yönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları, vərdişləri olmalıdır. Bu baxımdan testin imkanları məhduddur. Ona görə də bu saat testin ləğvindən deyil, imkan daxilində təkmilləşdirilməsindən söhbət gedə bilər. Hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu gün imtahanları da ləğv edə bilmərik, biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik”.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov vurğulayır ki, ali məktəblərə attestatla qəbulun həyata keçirilməsi təhsildə müsbət nəticələr verə bilər. Hələlik bu təcrübədən istifadə olunması real görünmür: “Bunun üçün orta məktəblərdə qiymətləndirmə prosesinə tam əmin olmaq lazımdır. Düzdür, hazırda Amerika, Kanada kimi ölkələrdə orta məktəb göstəriciləri əsasında universitetlərə qəbul aparılır. Bu təcrübədən Azərbaycanda istifadə olunması hələ ki, tezdir. Hazırda DİM buraxılış imtahanlarında yalnız 3 fəndən şagirdlərin biliklərini qiymətləndirir. DİM-nin elə bir potensialı yoxdur ki, orta məktəbdə tədris olunan bütün fənlər üzrə qiymətləndirmə aparsın. Ona görə də orta məktəblərdə qiymətləndirmə prosesinə tam əmin olmadan bu prosesə keçmək qeyri-mümkündür”.

Избранный
156
50
hafta.az

10Источники