Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Qazaxıstanla üz-üzə gələn Arif Əsədovun rəhbərlik etdiyi yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.
Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb.
28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.
Bununla belə, ruhdan düşməyən futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib.
51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədə fərqlənən Toral Bayramov imza atıb.
Azərbaycan millisi iyunun 7-də Albaniyaya 1:3 hesabı ilə uduzub.