"Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik...".
Bu sözləri məşhur qırğız yazıçısı Çingiz Aytmatov Azərbaycan ədəbiyyatının görkəmli klassiki İsa Muğanna (Hüseynov) haqqında deyib. Dünya şöhrətli yazıçının azərbaycanlı həmkarı haqqında dediyi bu sözlər təsadüfi deyil. Çünki, İsa Muğanna təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının böyük yazıçısıdır.
İsa Hüseynov 1928-ci il iyunun 12-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu Tibb İnstitutunu atıb getməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.
İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.
Görkəmli yazıçı 2014-cü il aprelin 1-də 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Modern.az saytı görkəmli yazıçının anadan olmasının 96-cı ildönümü ilə əlaqədar onun qızı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynli (Muğanna) ilə əlaqə saxlayıb.
- Sevinc xanım, əvvəla soruşmaq istərdik: İsa Muğanna bir ata kimi xatirələrinizdə necə qalıb?
- İsa Muğanna hamımızın tanıdığı ustad sənətkar, ssenarist, filosof-yazıçıdır. Mənim Qibləgahımdır. Biz evdə hamımız onu belə adlandırırdıq. Bəlkə də təəccüblü gələcək, amma həqiqətən də atam mənim üçün ən müqəddəs and yeri, işığımdır. Uşaq olanda onu sadəcə bir qız övladı atasını sevdiyi kimi sevmişəm. Mənim həyatda bacım, qardaşım olmayıb. Ona görə də valideynlərimi sevmişəm. Yaşa dolduqdan sonra isə bu sevgi başqalaşıb, hətta deyərdim ki, müqəddəsləşib. İsa Muğanna əvəzsiz, yerini heç nə ilə doldura bilməyəcəyim bir ata, sirdaş olub. Adətən övladllar evdə atadan çəkinərlər. Mən isə ondan heç vaxt çəkinməmişəm, sadəcə ona hörmət etmişəm. Hətta anamla belə bölüşə bilmədiyim sirləri atamla bölüşmüşəm.
O çox maraqlı səyahət yoldaşı idi. Biz demək olar ki, hər yay Moskvaya gedərdik. Yadımdadır ki, şəhərin mərkəzində böyük bir univermaq var idi. Anam həmişə oraya alış-verişə gedər, bəzən bir neçə saat orada olardı. Atam və mən də univermağın qarşısında skamyada oturub anamı gözləyərdik. Anam mənə bir dondurmadan artıq yeməyə icazə verməzdi, atam isə verərdi. Mən atamın yanında daha sərbəst idim, heç bir hərəkətimi götür-qoy etmirdim. Çünki atam məni danlamazdı. Əksinə, öz dəcəlliklərini mənə danışardı. Anam da hər zaman buna görə əsəbləşərdi ki, uşağa dəcəlliklərini danışma. Bəzən uşaqlarla dərsdən qaçanda atamın yanına gedib bizim üçün kinoya bilet almasını xahiş edirdim. Atam o vaxtlar Kinematoqrafiyada çalışırdı. Bizi əvvəlcə bufetə aparıb doyunca yedirər, sonra da kinoya aparardı. Bu məsələ bizim ikimizin arasında qalardı. Uzun illər sonra bu sirri açıb anama da demişdim.
- Ədəbiyyatımızda İsa Muğanna yaradıcılığı hansı yeri tutur?
- İsa Muğanna yaradıcılığı ədəbiyyatımızın fövqündə durur. İsa Muğanna Prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılıb. O, Ulu öndər Heydər Əliyevin ən yüksək dəyər verdiyi yazıçılardan biri olub. Onların arasında çox böyük dostluq münasibətləri vardı. Ulu öndərin itkisi atamın həyatında ən sarsıdıcı məqamlardan biri idi. Mən çox arzu edirəm ki, İsa Muğanna layiq olduğu kimi dünya səviyyəsinə çıxsın və tanınsın.
- Bu gün İsa Muğannaya layiqincə qiymət verildiyini, fəaliyyətinin kifayət qədər dəyərləndirildiyini düşünürsünüzmü?
- Mən bunu gənc olanda hər zaman deməyə çəkinirdim, artıq çəkinmədən deyirəm ki, İsa Muğanna hələ yetərli qədər tanınmayıb, istədiyi zirvəni əldə etməyib.
- Danılmaz faktdır ki, İsa Muğanna yaradıcılığı əvəzsizdir. Ailənizdə necə, özünü ədəbiyyata həsr edən İsa Muğanna davamçısı varmı?
- Ailəmizdə İsa Muğanna irsini davam etdirən nəvəsi Səma Muğannadır. Onun 4-cü kitabı olan “Qeyb olan uşaqlıq” bu yaxınlarda işıq üzü gördü. Kitabın təqdimatı Atatürk Mərkəzində oldu, həmin anın sevincini yəqin ki, təsəvvür edirsiniz. İnanıram ki, Səma gələcəkdə də qələminə sadiq qalacaq və İsa Muğanna adını, yaradıcılığını gücü çatandan da artıq dərəcədə işıqlandıracaq.